Mübariz ƏLİOĞLU / İKİ NURUN SAHİBİ

      Share

      “İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər!” (əl-Maidə, 93)

      Aləmlərə rəhmət olaraq göndərilən axırzaman nəbisi Məhəmməd (s.ə.s) dövründə yaşama şərəfinə nail omuş insanların həyat yolunu anlatmaq olduqca çətin və məsuliyyətli bir işdir. Baş vermiş hadisələri vərəqlərin iki ölçülü formatında (en və uzunluq) qəlblərin qavraya biləcəyi bir müstəviyə daşınması bizi İslam dininin bütün zənginliyini tanıma səadətinə qovuşdura bilər. Bu  mübarək  əsrin ən qiymətli  nümayəndələrindən biri də sözsüz ki,  iki nurun sahibi  olan Hz. Osmandır (r.a). Əmirəl-möminin Hz. Əlinin bildirdiyinə görə yuxarıda izlədiyimiz ayə Hz. Osman haqqında  nazil olmuşdur.

      Rəsulullahın (s.ə.s) Allaha olan təzimini bacardıqları nisbətdə həyatlarına tətbiq etmə istiqamətində yarışan səhabə nəslinin içərisində Hz. Osman xüsusi həyası ilə seçilirdi. “Quran oxumadan bir gün və ya gecə keçirməkdən əsla rahatlanmaram!” deyən Hz. Osmanın  bəşər  övladlarına  ünvanladığı  həya dərsləri insan ilə Rəbbi  arasında cərəyan edən bağlılığa bir dirilik gətirir. Rəvayət edildiyinə görə Hz. Osman qapıları bağlı bir vəziyyətdə evdə olanda  yuyunmaq üçün  paltarlarını  tam çıxartmazdı. Həyası belini  doğrultmasına  mane olurdu. Bu anlayışınm   Allah dərgahındakı dəyəri də könüllərdə heyranlıq yaradacaq dərəcədə ali idi. Rəsulullah (s.ə.s) bunu necə də gözəl ifadə etmişdir:

      “Hz. Osmanı (r.a) evləndirəcək bir dulun atası, bir dulun qardaşı, bir dulun böyüyü yoxdurmu? Mən iki qızımı ona verdim. Vəfat etdilər. Yenə qızım olsaydı, ona verərdim. Mən bu nikahı göydən gələn vəhy ilə etdim.” (Suyuti, Camiul-Kəbir)

      Hz. Osman (r.a) mükəmməl bir Quran aşiqi idi. Qurana olan hədsiz sevgisini o, belə dilə gətirirdi:

      “Əgər qəlbləriniz təmizlənmiş olsaydı, Allahın kəlamından doymazdınız.”

      Xəlifəlik müddətinin sonuna kimi, yəni şəhid edilincəyə qədər Hz. Osmanın (r.a) sərgilədiyi davranış Quran ilə eyniləşmə mədəniyyətini Adəm övladına incəliklə ərz edən böyük bir məktəbdir.

      Hz. Osmanın (r.a) xəlifəlik dövrünün son illəri Mədinədə ictimai-sosial vəziyyətin olduqca gərginləşdiyi bir zaman kəsiminə təsdüf edirdi. Xəlifəyə yönələn etirazlar və ona vəzifədən getməsi üçün edilən haqsız tələblər həyatını Quran əxlaqına və Rəsulullahın sünnəsinə olan bağlılığa həsr etmiş Hz. Osmanı narahat edirdi. Bu məqamlarda necə davranacağını daha əvvəldən Allah Rəsulu (s.ə.s) ona belə bildirmişdi:

      “Ey Osman! Allah sənə bir köynək (xəlifəlik) geydirəcək. Əgər insanlar onu sənin əynindən çıxartmaq istəsələr, razı olma!” (Suyuti, Camiul-Kəbir)

      Hz. Osman Nəbəvi təlimata uyğun olaraq təmizlənməmiş nəfsləri ilə dünyanı dəyərləndirənlərin tələblərinə əhəmiyyət vermədən xəlifəlik məsuliyyətini yüksək əxlaq və həyasına sığınaraq davam etdirirdi. Dünya imtahanının ən ağır sualları qarşısında Quran ayələri ilə bəslənən mahiyyəti ona duruş gətirməyə imkan yaradırdı:

      “Onlar sizə əziyyət verməkdən başqa bir zərər yetirməzlər.” (Ali-İmran, 111)

      Fitnənin görünməmiş ölçülərdə vüsət aldığı bu dövrdə ağılları təlaşa bürüyəcək hadisələrin bir-birini əvəzləməsi və ümidsizlik yaradanların yaramazlığı qarşısında Hz. Osman təmkinlə yenə də öz Rəbbinə bağlanmışdı:

      “Allahın sənə vəkil olması kifayət edər.” (Əhzab, 48)

      Beləcə Quran həqiqətlərinə böyük bir şövqlə sarınan Hz. Osmanın (r.a) qəlbi ilahi rəhmətin və dəstəyin himayəsində çırpınırdı. Nə qədər də ibrətlidir ki, şəhid edildiyi zaman süzülən qanının ilk damlaları həmin anda oxuduğu mübarək kitabımızın bu ayələrinə sığınmışdı:

      “Allah sənə kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.” (əl-Bəqərə, 137)

      İlahi rəhmətin bərəkət çeşməsindən qidalanan Hz. Osman (r.a) son duasında Rəbbindən bunları diləmişdi:

      “Ya Rəbbi! Ümməti-Məhəmməd arasındakı ayrıseçkiliyi qaldır və onları birləşdir.”

      Bu diləyi ilə Allah dostlarının bildirmiş olduğu İlahi mərifət nurunu ətrafına saçan Hz. Osmanın insanları həqiqət aləminə dəvəti necə də möhtəşəmdir:

      “Zahid nəfsi ilə xalqa baxar, onlara düşmən kəsilər və kədərlənər. Arif isə yaradılmışlara şəfqətlə bəzənmiş gözlərlə baxar və fərəhlənər.”

      Rəvayət edildiyinə görə Hz. Osman (r.a) vurularkən: “Bismillahi təvəkkəltu aləllah / Allahın adı ilə. Mən Allaha təvəkkül etdim” demiş, vücudundan qan damlayınca da: “Sübhanəllahilazim / Uca olan Rəbbimi təsbih edir, Onu hər cür nöqsan sifətlərdən uzaq tuturam” demişdir.

      Hz. Osmanın (r.a) Quran ilə bütövləşən həyatının hər bir anı insanı Quran əxlaqına sarılmağa vadar edən məqamlarla doludur. Bu gün də canlılığını itirməyən o vaxtkı fəaliyyəti ilə insan övladının qarmaqarışıq və ziddiyyətli təbiətinin Quranın mübarək iqliminə köklənməsində yardımçı olması Hz. Osmanı bir hidayət rəhbəri olaraq ilahi rəhmətə susamış olan qəlblərə tanıdır:

      “Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir.” (əl-Ənam, 104)

      • Hits: 769 clicks

      Tecox component by www.teglo.info