155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Tarixdə Din Faktoru və Onun Cəmiyyətə Təsiri / Nurlan MƏMMƏDZADƏ

      Share

      Hər bir insan maddi dəyərlərlə yanaşı mənəvi dəyərlər və onlara sahib çıxma vəsfi ilə şəxsiyyət olur. Milli şüur, namus, vicdan, din duyğusu və bu kimi bir çox keyfiyyətlər vardır ki, bunlar hər bir insanın öz həyatını formalaşdırmasında mühüm yer tutur.

       Bütün bunlar yаlnız fərdlərin deyil, eyni zamanda cəmiyyətin də formalaşmasına təsir edən amillərdir. Çünki cəmiyyəti elə fərdlər formalaşdırır. Deməli, hər bir fərdin formalaşmasında rol oynayan amillər cəmiyyətin quruluş və inkişafına da mənfi və ya müsbət yöndən öz təsirini göstərir.

      İnsanın və ya geniş mənada desək bütün bəşəriyyətin formalaşmasına təkan verən ünsürlərdən biri və ən əhəmiyyətlisi din duyğusudur. Allah Təala ilk insan olan Adəmi həm də bir peyğəmbər olaraq vəzifələndirmiş və tarixin dövr etməsi ilə hər zaman peyğəmbərlər göndərmişdir. Bu da öz növbəsində onu göstərir ki, din cəmiyyəti müəyyən bir nizama tabe edən və onu yetişdirən  faktordur.

      Bəşər tarixini hansı yöndən araşdırsaq mütləq qarşımıza din аmilinin mövcudluğu çıxacaqdır. Hələ qədim zamanlardan insanlar “fətrət dövrü” dediyimiz mərhələlərdə həmişə fövqəlbəşər saydıqları güclü varlıqlara inanmış və ona sitayiş etmişlər. Tanrı saydıqları bu varlıqlara qurbanlar verərkən, dəfn mərasimlərində və müxtəlif zamanlarda icra etdikləri ayinlərlə dini hisslərə mаliк olduqlarını isbat etmişlər. Get-gedə inkişaf etməkdə olan bəşər tarixində qəbilə və tayfalar xalqları meydana gətirmiş, kiçik və böyük dövlətlər yaranmışdır.

      Təbiidir ki, hər bir dövlət digərləri ilə müxtəlif mərhələlərdə qonşuluq şəraitində yaşayırdı. Bəzən isə qonşu dövlətlər arasında anlaşmazlıq nəticəsində kiçik və geniş həcmli  müharibələr baş verirdi ki, bunun da bir sırа səbəbləri vardır. Məhz kütlələr tərəfindən yanlış qavranılmış din fenomeni də   bəzən bu hadisələrin arxa planında dururdu. Yaxud da ki, insanları arxasınca apara bilmək üçün liderlər xalq kütləsinin din duyğusunu istismar edərək onlardan fаydаlаnırdı. Qədim yunan şairi Homerin “İlliada”sını vərəqlərkən bu gerçəklə qarşılaşmaq mümkündür. Şərqə doğru yönəldilən səlib yürüşlərinin də əsasında bir din faktoru gizlənirdi. 1572-ci ildə dəhşətli qırğına səbəb olan Varfolomey gecəsinin baş verməsi katolik və provaslavların arasında dini zəmində gedən çəkişmənin nəticəsi idi.

      Diqqət еtsəк görəriк кi, ümumiyyətlə tarixə yön verən şəxsiyyətlər çox vaxt dinlə bağlı insanlar olmuşlаr. Ən böyük inqilabları həmişə onlar etmişlər. Peyğəmbərlər bəzən bütöv bir cəmiyyətin həyat  tərzini yaxşı mənada dəyişməyə nail olmuşlar. Tarixdə ilk dəfə ərəblər İslam vasitəsi ilə birləşmişlər. Hz. Muhəmməd nəinki bir qövmün, hətta dünyanın dönüşündə möcüzəvi şəkildə dəyişiklik etmişdir.

       Allah tərəfindən göndərilən haqq dinlər bəşəriyyəti cəhalət batağından çıxararkən bəzən də yuxarıda qeyd olunduğu kimi din müəyyən fərdlər tərəfindən təhrif olunaraq insanları istismar vasitəsinə çevrilmişdir. IV əsrdə Konstantin tərəfindən Roma İmperiyasının rəsmi dini elan edilən və get-gedə Avropada yayılan xristianlıq çox keçmədən bütün Avropaya ağalıq edən kilsə hegemonluğuna çevrildi. Orta əsrlər dövründə Qərbi Avropa ölkələrində əkilən hər torpaq sahəsinin üçdə biri kilsəyə məxsus idi. Əhalidən onda bir vergisi alınaraq kilsə hesabına keçirilir, məcburi indulgensiya (cənnət qəbzləri) satışı və s. yollarla papalar varlanırdı. İş bununla bitmir, hətta dövlətin siyasi gedişatında da kilsə mühüm yer tuturdu. İngiltərə, Polşa, İsveç və Danimarka kralları özlərini papanın vassalı sayırdılar. Papa ilə kral arasında anlaşmazlıq kral üçün böyük təhlükə demək idi. Avropada papa hakimiyyətinin ən qüdrətli dövrü sayılan III İnnokenti zamanında (1198-1216) o belə deyirdi: “Biz papalar bütün xalqlara və dövlətlərə ağalıq etməliyik”.

      Bütün Avropada elm-tədris sahəsində də kilsə sxolastikası  öz atını çapırdı. Kilsənin verdiyi təhsilin xaricinə çıxmaq bidət sayılır və bidətçi tövbə etmədiyi təqdirdə kilsədən qovulurdu ki, bu da autodafe (tonqalda yandırma) ilə nəticələnirdi. Orta əsrlərin son dövründə yaşamış C.Bruno, Qaliley və Kopernik də bu cür təzyiqlərə məruz qalanlardan idi. Məhz elə buna görə də İtaliyada başlamış Avropa intibah mədəniyyəti etibarını itirmiş kilsə təlimlərini rədd edərək irəliləyə bilmişdir.

      Digər tərəfdən Avropa ölkəkəri kilsə hakimiyyətinin cəhalət batağında çırpınarkən şərqdə yayılan İslam dini hər sahədə inkişafa təkan verir və xalqın rifah səviyyəsini yüksəldirdi. Elmin, incəsənətin, memarlığın inkişafı İslamın inkişafı ilə paralel irəliləyirdi . Sonradan İslam tarixinə ləkə sayılacaq çox az sayda hökmdarları istisna edərək deyə bilərik ki, bütövlükdə şərq aləmi və ondan təsirlənən qərb mədəniyyəti İslam sayəsində tərrəqi etmişdir.

      Antik mədəniyyətin əsasları üzərində təşəkkül tapan Avropa intibahı qədim Yunan əsərləriylə məhz ərəblər vasitəsilə tanış olmadılarmı? Bu danılmaz bir həqiqətdir ki, dünya xalqlarının irəliləyişində vаcib yer tutan elm və maarifin inkişafı sırf İslam diniylə bağlıdır. Beş qitənin üçünə sahib olan və dünyada ədalətin tənzimlənməsində əvəzsiz rolu olan möhtəşəm Osmanlı imperiyası məhz İslamın tərbiyəsilə bəşəriyyətə öz töhfələrini vermişdir. Avropa cəhalətinin qucağında Əndəlüs (Kordova) dövlətini quranlar da müsəlmanlar idi. Köçəri ərəb qəbilələrindən alicənab şəxsiyyətlərin yetişməsində əsas təsiredici və hətta yeganə səbəb  məhz İslam olmuşdur.

      Belə nəticəyə gəlmək olar ki, dinin təhrifi və əslindən ayrı salınması hər zaman cəmiyyətin fəlakətinə səbəb olmuşdur. Onun təhrif olunmadan mənimsənilməsi isə mükəmməl nəticələr verərək bəşəriyyəti rifaha doğru aparmışdır. Əslində bugünki bir çox hadisələrin də arxa planında din fenomeni durur. Hindistan-Pakistan, İsrail-Fələstin və bir sıra münaqişə ocaqlarının təməlində din məsələsi durur. Artıq qloballaşan dünyada aparıcı güclər dünyanın vahid mərkəzdən idarəsi üçün iqtisadi, siyasi və d. yönlərdən kürəsəlləşmənin yetərli olmadığını hiss еtmişlər. Bu gün müəyyən məqsədlərə çatmaq üçün vahid mərkəzə tabe olan dinlər dünyasına ehtiyac hissedərək, missioner fəaliyyətlərinin davamı olan və eyni əqidəyə xidmət edən dinlərarası dialoq və bütünləşmə siyаsəti güdülür.

      Ölkə daxilində baş verəcək hər hansı qeyri-səmimi, istismarçı din və cərəyanlar tərəfindən aparılan təbliğatların qarşısının alınması üçün tarixdə və bu günki din faktorunu düzgün dəyərləndirmək lazımdır. Gənclərin, ümumiyyətlə də cəmiyyətimizin bəzi siyasi-dini cərəyanların arxasınca düşməməsi üçün orta məktəblərdə din dərslərinin təlimi əsas şərtlərdəndir. Ailədə və tərbiyəvi xarakter daşıyan kurslarda bu istiqаmətdə addımlar atılmalıdır. Qabaqcıl Avropa ölkələrinin çoxdan həyata keçirdiyi bu islahatı biz də ölkə və cəmiyyətimizin gələcəyi naminə mənimsəmək məcburiyyətindəyik. Lakin təəssüflər olsun ki, bizdə Avropalaşma və mədəniyyət dedikdə nədənsə ilk növbədə ağla gələn inkişaf deyil, çılpаqlаnmаq оlur.

       

      • Hits: 1062 clicks

      Tecox component by www.teglo.info