Adəm Şahin ./ HAYDI, İSİNMƏYƏ

      Share

      Bir ölkə haqqında danışarkən  hava su və insanından söz açılır. Sıralamaya diqqət yetirsək, hava birinci yeri tutur. Çünki yeni gedilən bir coğrafiyada  insanı   əvvəlcə oranın havası qarşılayır. İlk qiymət havaya görə verilir.

      Qazaxıstanın paytaxtı Astanaya getmədən əvvəl havası (soyuğu) haqqında xəbərdarlıqlar edilir. Qatardan düşər-düşməz tanışlarınızdan əvvəl soyuq hava  qucaqlayır bizi. Havanın temperaturu -34 dərəcədir. Yayda damla şeh kimi düşən  buxar qışda havada  donmuş kristallar halında uçuşur.

      Bir çin atalar sözündə “İsti hər kəsə aiddir, soyuq insanın paltarına görə dəyişir.” deyilir. Soyuqla mübarizədə ən yaxşı metod yerli xalqın üsullarından istifadə etməkdir. İstanbul şərtlərində istifadə edilən beretka başımızda yüngül dəsmal kimi qalır.

      Burada nəfəs alıb-verərkən soyuq havanı daxilinizdə hiss edərkən öskürərsiniz. Qlobal isinmə haqqında  yazılanları və deyilənləri  xatırlayaraq “nə qlobal isinmə, gəlin soyuğu burada görün. Qlobal soyuma var, soyuma” deyə köks ötürərsiniz.

      Astanada yaşayanlar belə deyir: Siz isti zamanlarda gəldiniz. Havalar isindi, keçən həftə -40 dərəcə idi, bugünlərdə -30 ətrafında dəyişir.

      Qarşılaşdığımız soyuqla 1914-cü illərdə Sarıqamışda on minlərlə  əsgərimizin donaraq ölməsini xatırlamamaq mümkün deyil. Soyuqdan danışmağa çətinlik çəkdiyimiz  üçün ağzımızı açmadan isti fatihələr göndəririk. Yemən səhrasında istidən və susuzluqdan ölən əsgərlərimiz də var. “Ano Yəməndir, gülü çəməndir, gedən gəlmiyor, acəb nədəndir” deyə ağılar yazıldığı halda  Sarıqamışda şəhid olanlara nə üçün anonim ağılar, türkülər yoxdur? Nə üçün Sarıqamış Yəmən qədər yadda qalmayıb sualına cavab vermək lazımdır. Yəməndə yaşananları qəbul etmişik, amma Sarıqamışda xəyalların zirvələşməsi nəticəsində göz görə-görə on minlərin ölümünə isə qəzəb, acizlik və üsyan qarışdığı üçün unudulmağa çalışılmışdır.

      Avtomobillə gedərkən şüşələr içəridən buz bağlayır, çölü izləyə bilmirik. Astanada nəqliyyat vasitələri donmasın deyə, hər saatda öz-özünə nə qədər işləyib dayanacağını nizamlayan Çin istehsalı aparatlar var. Siz yatsanız da avtomobilə taxılan bu alətlə mühərrik öz-özünə işləyir və dayanır.

      Ətrafda gəzişən pişik və it kimi heyvanlar yoxdur. Necə olsun? Bu soyuqda hamısı özünə sığınacaq bir yer tapmışdır. Soyuğu və buz mənzərələrini gördükdə qış yuxusuna yatan heyvanların  bütün qışı yatmalarına haqq qazandırırıq. Bu qarda, boranda oyaq olub nə edəcəksən? Nə bir ot var, nə də isidən günəş. Başını at, yat.

      Astanada  hansı meyvə və tərəvəzin yetişdiyini soruşduqda, aldığımız cavab iqlim səbəbiylə tərəvəz və meyvə yetişdirməyin mümkün olmadığı, hətta ağac yetişdirib böyütməyin də  çətin olduğunu demələri olur. Astana ətrafına 1998-ci ildən günümüzə 20  milyon ağac əkilmişdir. Mütəxəssislərə görə yaxın gələcəkdə Astananın havası mülayimləşəcək.

      Soyuğa və istiyə qarşı “Birlikdən qüvvət doğar” prinsipinə  görə yaşayan heyvanlar var. Qoyunlar istidə bir yerə toplaşaraq isti havanı öz aralarına buraxmırlar. Pinqvinlər də qışın soyuğunda bir yerə yığışaraq soyuqdan qorunarlar. Qar fırtınalarında donmadan yaşamağın düsturu dairə formasında toplaşmaqdır. Mərkəzə doğru istilik yüksələrkən, kənara doğru azalar.

      Zəif və aciz pinqvinlər topanın ortasına, güclülər isə çöl tərəfə doğru yerləşər və arxalarını küləyə çevirərlər. Kənardakılar bir müddət sonra içəridəkilərlə yer dəyişərlər; onlar isinmək üçün içəri tərəfə keçərkən, isinənlər kənarlara keçərlər.

      Soyuqdan qorunmaq üçün insanlar kələm kimi üst-üstə və qat-qat geyinərlər. Qat-qat olma xüsusiyyəti soğanda da varkən, niyə məhz kələm? Hər halda soğanın acılığı və gözləri yaşartması üçün insan özünü soğana bənzətmir. Soyuq üçün “acı” sifətindən istifadə edən insan özü üçün soğana bənzəməkdən istifadə etmir. Gözləri yaşartmaq yalnız soğana məxsus deyil ki? Hərəkəti ilə, diliylə, sözüylə, baxışıyla rəftarıyla o qədər acı insan var ki, soğan onun yanında havlaya sayılır.

      İslam əqidəsinə görə cəhənnəmdə yalnız odla əzab olunmaz. Soyuqla, zəqqumla, zülmət qaranlıqla, irinli suyla, uçurumla, toppuzla, aclıqla, murdar qoxu və cəhənnəm quyularıyla əzab olunar. Cəhənnəmin soyuqla əzab edilən şöbəsinə zəmhərir deyilir. Zəmhərir sözündən İnsan surəsinin 13-cü ayəsində cənnət əhlinin isti və soyuqdan uzaq halını ifadə edərkən  istifadə edilir: “…Orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər.”

      Dəvədən yoxuş çıxmağı, yoxsa enməyi sevdiyini soruşmuşlar. O da “düz yol yoxdurmu?” -demişdir. Bunu iqlimə uyğunlaşdırsaq, “isti havanı, yoxsa  soyuq havanı sevirsən?” sualına ən yaxşı cavab  “mülayim hava yoxdurmu?” olacaq.

      İbn Xaldun mülayim iqlim insanlarının görünüş, əxlaq, din və sənət kimi sahələrdə digər iqlim qurşaqlarındakı insanlardan daha çox inkişaf eddikləri fikrini müdafiə edir. Tarix boyunca  böyük şəhərlər  və mədəniyyətlər  mülayim və xoş iqlimlərin olduğu yerdə qurulmuşdur .

      Bir neçə günlük ziyarətdə  təxminən -25 dərəcəyə qədər çöldə bir az gəzməyin mümkün olacağını, -25 dərəcədən sonra isə gəzmək bir kənara, nəfəs almağın  belə çətinləşdiyini təcrübə etdik.

       Astanayla vidalaşırıq. Oruc tutanın və səyahət edənin gümrah olacağına zərrə qədər şübhə etmirik. Allahın geniş ərzində bıçaq kimi kəsən soyuq nemətini gördük, şükürlər olsun.

      Havanın, otağın, əllərin soyuqluğu bir təhər açılar, əsas problem gözlərdəki və ürəklərdəki soyuqluqdur. Bədənlərin soyuqlaması qışa məxsus ikən ruhların soyuqlamasının təsirləri 4 fəsil davam edib, qəbirdə və məhşər meydanında təsirini göstərər. Qəlblər və ruhlar zikrlə, təfəkkürlə, Quranla, sevgiylə və məhəbbətlə isinər. Oxunan azan üşüyənləri isinməyə dəvət edir. Şəhər, film, Tv, jurnal tətil, pul, iş və internetin üşütdüyü bizlər, haydı, isinmə dəvətinə. Haydı qurtuluşa…

      • Hits: 672 clicks

      Tecox component by www.teglo.info