Vüqar Səmədov / FƏRDİN ÜMMƏT OLDUĞU YER

      Share

      Müqəddəs məkanları ziyarət etmək və görmək hər bir müsəlmanın arzusudur. Əslində bundan bir il öncə ümrə ziyarəti üçün imkan yaranmışdı. Ancaq bu ziyarət doktorluq dissertasiyasını müdafiə etmə günləri ilə eyni vaxta rastladığı üçün baş tutmadı. Bu məhrumiyyət müqəddəs məkanları görmə arzumu daha da alovlanırmışdı. Bu il yenə bir fürsət yarandı. Səüdiyyə Ərəbistanının kralının qonağı olaraq Azərbaycandan on nəfərdən biri olaraq həccə gedəcəkdim.

       Allahın hikmətinə bir bax, ümrə istəmişdim həcc nəsib oldu. Noyabrın 1-də Bakıdan İstanbula gəldik. Ehrama orada girdik. Ehram sadəcə olaraq zahirən qiyafət dəyişmək deyil, eyni zamanda yaşam tərzini və müəyyən davranışları dəyişdirmək deməkdir. Məlum olduğu kimi ehrama girildikdə bürünülən ağ paltarlar qəbrə qoyularkən bükülən kəfəni xatırladır. İnsan bir mənada dünya xaricində bir aləmə ayaq basdığını hiss edir və bunun təsirlərini duyur. Sonra Həcc ziyarəti üçün ayrılmış təyyarəyə minməyə başladıq. Müxtəlif yerlərdən ağ kəfənlər içində insanlar təyyarəyə tərəf axışırdılar. Sanki “Ələstü” bəzmindəki ruhlar məhşər meydanına toplanırdılar. Beləliklə də hər tərəfdən yüksələn “ləbbeyk” sədaları ilə “ölmədən əvvəl ölümü” yaşamaq üçün  müqəddəs məkanlara yönəldik. Hər tərəfdən dualar fərqli-fərqli dillərlə yüksəlirdi. Bu dualar arasında xüsusi ilə təlbiyə çox mənalıdır: “Buyur, hüzurundayam, Allahım, dəvətini eşitdim, sənə yönəldim! Sənin heç bir şərikin yoxdur, Allahım! Əmrinə boyun əydim, qapına gəldim. Həmd Sənədir; nemət Sənin, mülk Sənindir. Sənin heç bir şərikin yoxdur, Allahım!”

      Məkkəyə gəldik. Çatıb mehmanxanaya yerləşdikdən sonra birbaşa Kəbəyə getdik. İnsanın illərlə yönəldiyi, xəyalında canlandırdığı müqəddəs məkanı bir anda önündə görməsi  tamamilə fərqli bir duyğudur. Qəlblərin ürpərdiyi hiss edilir, minlərlə insan müqəddəs Kəbənin ətrafında fərqli duyğularla, fərqli dualarla, istəklərlə dönüb-dolaşır. Kəbənin insana öz həqiqətini idrak etdirdiyi də sezilir. Həqiqətən də həcc möminin öz-özünü dərk etmə yeridir. Hz. Peyğəmbərin sünnəsini yerinə yetirən müsəlmanlar ona əl sürtərək, toxunaraq başlarını divarına  qoyaraq[1] ağladıqlarını görürsən. Təvafa arxa səflərdə başlasan da Beytullahın səni özünə çəkdiyini hiss edirsən. Kəbənin bu möhtəşəm görüntüsü hər kəsi heyran qoyur. Günəşin doğuş və batışı Beytullaha ayrı bir füsunkarlıq verir. Bu izdihamda vəhdətdə kəsrəti, kəsrətdə vəhdətin (çoxluqda birliyi, birlikdə çoxluğun) ehtişamını seyr etməklə həqiqətən də İslamın əzəmət və mükəmməlliyi müşahidə olunur.  Kəbeyi-Müəzzəməyə xüsusi ilə yuxarı mərtəbələrdən baxıldıqda, təzəllül içində dönən insanlarla birlikdə həzin duaların eyni ritmlə yüksəldiyini görürsən. Baxdıqca doymaq olmayan möhtəşəm bir mənzərədir. Beytullahın təvafla yanaşı insanlarda fərqli-fərqli təcəllası da nəzərə çarpır. Kimi dayanmadan bir şeylər yazır, kimi dayanmadan dua edir, kimi Quran oxuyur, namaz qılır, kimi də ağlayır bu məkanda. Təvafdan sonra Həcər anamız və İsmayıl (ə.s) üçün çıxarılmış möcüzəli zəm-zəmdən onların xatirələri yada salınaraq bol-bol, doya-doya içilir. Zəm-zəm dadına doyulmayan şəfalı bir sudur.  Sonra sıra bu xatirənin tətbiqatına gəlir. Səfa və Mərvə arasında səy müsəlmanın sırf Allahın istədiyi üçün etdiyi bir ibadətdir. İnsan bunun sayəsində özü kimi eyni yola daxil olmuş, eyni niyyət və duyğuları daşıyanlarla bərabər qaçmağın nə demək olduğunu başa düşür. Səy əsnasında “hərvələ” deyilən sürətli qaçış niyyət və duyğu harmoniyası ilə ümmət ruhunun əzəmətini göstərir. Ərəfatda digər möminlərlə bir yerdə olduqda, qiyafəsi ilə artıq bu dünyanı tərk etdiyini göstərən mömin, həşr və hesaba çəkiliş səhnəsini təmsili bir şəkildə yaşayaraq məsuliyyət və hesabın idrakına qərq olur. Burada Allah qorxusuyla insanlar ağlayaraq, sızlayaraq öz həqiqətləri ilə qarşılaşırlar. İnsanın yadına döşdən çıxan südün geriyə dönməyəcəyi kimi, Allah qorxusuyla ağlayanın, cəhənnəmə girməyəcəyi[2] hədisi düşür. Üstünlüyün yalnız təqvada olmasının nə demək olduğunu qavrayırsan. Ərəfatda ərəb comərdliyini də görmək mümkündür. Burada kimi ayran, kimi su, kimi meyvə, kimi yemək, şirniyyat paylayaraq yardımlaşır. Buradan Müzdəlifəyə enərək axşam və işa namazı birləşdirilir. Müzdəlifədə yığılan daşlarla Minaya gedilir. Səhər isə möminlər hər tərəfdən möhtəşəm dəstələrlə şeytanın timsalında öz nəfslərini daşlayırlar. Həcc əsnasında müsəlman daha əvvəl nəzəriyyə olaraq bildiyi, ancaq  yaşamadığı bir qrup imani və əxlaqi xüsusiyyətlər əldə edir, digər müsbət xüsusiyyətləri isə daha da kök atır. Həcc dünyanın harasında yaşayırlarsa-yaşasınlar bütün müsəlmanların eyni dəyərlərə sahib olduqlarını və bu dəyərlərin onlar üçün ortaq bir zəmin meydana gətirməsi həqiqətini ortaya qoyur.  Həccə gedən müsəlman bir ailənin fərdi, bir kəndin, qəsəbənin və ya bir şəhərin sakini olaraq ölkəsindən ayrılır, bir ümmətin fərdi olaraq geri dönür.

       


      [1] Buxari, Həcc, 54;Məğazi, 48;Nəsai, Həcc, 130, 133.

      [2] Tirmizi, Zöhd, 8.

       

      • Hits: 878 clicks

      Tecox component by www.teglo.info