Rafiz MANAFOV / Qloballaşma bazarı

      Share

         “Qloballaşma” məfhumunun iki tərkib hissəsi mövcuddur. Bunlardan biri kosmik bir reallığı  (qlobus), digəri isə ictimai-sosial fəaliyyəti (-laşma) ifadə edir.  Son dövrün dəbdə olan terminlərindən biri kimi istifadə olunan qloballaşma kəlməsi fərqinə varılmadan da olsa, dünyamızın özünüdərkini və yenidən kəşfini bildirmək üçün işlədilir. Dünya hər zaman qlobal (dairəvi) olmuş, ancaq ilk dəfə bu qədər sürətlə “..laşmağa” başlamışdır. Bu prosesi doğuran səbəblər üzərində sosioloqlar, filosoflar, tarixçilər və s. çox fikirlər bəyan etmişlər. Bunları ümumi şəkildə belə sadalaya bilərik:

      1.            Dünyada baş verən texnoloji tərəqqilər və onların nəticəsində dünyanın hamı tərəfindən izlənilə bilən, öyrənilə bilən və təqlid oluna bilən bir xüsusiyyətə bürünməsi.

      2.            Kapitalizmin doğurduğu və tələb etdiyi ticari münasibətlər. Yeni ölkələrin və beləliklə də yeni bazarların kəşfinə olan tələbat

      3.            Hakim mədəniyyətin (Qərb) bütün dünyaya öz təsirini hiss  etdirməsi və vahid dil, vahid mədəniyyət və vahid əxlaq fikrinin təbii şəkildə yayılması və s.

      Yuxarıdakı səbəblərin hər birinin əskik belə olsa həqiqət payı yəqin ki, mövcuddur. Dünyanın qloballaşması bəzi nikbin-optimist düşünürlərə görə son dərəcə sevindirici müsbət bir hadisədir. Sevinənlərin əsas müddəası belədir ki, qloballaşan dünya “bazarı” öz fəlsəfi, mədəni, əxlaqi və hətta dini məziyyətlərimizin satış nöqtəsi olacaqdır. Alıcılarımız yalnız qonşularımız, məhəlləmiz və kəndimiz yox, bütün bəşəriyyət olacaq. 

      Bəzi bədbin-pessimist elm əhli isə doğura biləcəkləri dəhşətli nəticələrini irəli sürərək qaçınılması zəruri bir təhlükə kimi görürlər qloballaşmağı. Qloballaşmaq istəməyənlərin sığınacaqları yerlilikdir, məhəllilik düşüncəsidir. Onlar qloballaşmanın məkana, yerliliyə və məhəlləyə xas olan bütün gözəl rəngləri siləcəyini düşünürlər.

      Deməli “qlobal olan” versus “yerli olan” prossesinin iki tərəfdar kütləsi mövcuddur. Bu prossesin həm fəlsəfi, həm siyasi, həm də iqtisadi-mədəni təzahürlərini bəşəriyyət çoxdan hiss etməyə başlamışdır belə. Məsələn, elmi müzakirələr əsnasında fəlsəfi postmodernizm, siyasi pluralizm və qlobal bazar/qlobal əxlaq  nəzəriyyələrinin günümüzdə rəvac görməsi ilə qloballaşma arasında səbəb-nəticə əlaqəsini qurmaq mümkündür. Yaxud ən ucqar dağ rayonlarımızın gözdən iraq kəndlərində belə “iqruşka satan çinliləri” görməyən çox az insan var.   Qara qitənin qara insanlarının qara taleyini evimizin içindən tamaşa edib, Latın Amerikasının ağ insanlarının “ağ eliyən” seriallarının mütəmadi izləyicisi ola bilirik. Yer kürəmizin ən uzaq bölgələrində ortaya çıxan bir moda bizə sirayət edib özünə təqlidçi kütləsi tapa bilir. Həmçinin bizim hesab etdiyimiz hər şeyimiz digərlərinin də maraq və bilgi dairəsindən kənarda qalmır. Qısacası, orta əsrlərə xas olan qapalı sistemlərın qabıqları tədricən nazilir və açıq cəmiyyətə doğru irəliləyir. Dünya artıq kiçik bir kəndə çevrilir. Bir-birini tanımaqda olan, gücü, ağlı və imkanı olanların kəndxuda ola biləcəyi bir kəndin sakini olma ərəfəsindəyik. Bu kəndin başbilənləri görüşlərini yalnız öz məhəllələrini yox bütün kəndin camaatını nəzərə alaraq söyləməyə məcburdur. Kəndin aşağı məhəlləsinin problemləri yuxarı məhəllədən də yan ötüşmür. Eyni günəşin hərarəti ilə qızınıb, eyni yağışın selləri ilə savaşırlar.

      Görəsən, bu kəndin əhalisi ilə danışa biləcəyimiz ortaq bir dilimiz varmı? Çözümlərimiz onlara da şamil ola bilirmi? İqbal “müsəlman bütün kainatdan məsuldur” demişdi. Biz bu kənddən məsul ola bilərikmi? Bu düşüncə və kültür seli ilə qarşılaşma cəsarətinə sahibikmi?

      Düşünürük ki, sosioloqlar “cəmiyyətin sıfır nöqtəsi yoxdur” deyərkən haqlıdırlar. Heç bir ictimai prosesi dayanırmaq,  geriyə qaytarmaq, yaxud da yox saymaq mümkün deyil. Bu gün daha mühümü olan məsələ isə, bu prosesin izləyici fərdləri, yoxsa aparıcı qüvvəsi olmaqdır. Qloballaşmadan qaça bilməyəcəyimizə görə onu necə qarşılamaq lazım olduğuna qərar vermə zamanıdır. Qloballaşmada məqsəd sadəcə “yanacağın” transferi yox, həm də “qanacağın” transferi* olacaqsa, bu hər kəs üçün qaçınılmaz fürsət kimi dəyərləndirilə bilər.  Əgər qloballaşmaq bütün bəşəriyyətin vahid bir ad altında özünəxas dinlərə, dillərə, adət və ənənələrə sahib çoxmillətli sistemi yaradan prosesin adıdırsa, burada qorxulacaq bir səbəb görünmür. Yetər ki, bu bazar hər kəsə açıq, hər satıcıya adil, hər alıcıya da sərbəst olsun.

       


      * Bu fikir bir internet yazısının ironik başlığından əxz olunmuşdur. Başlıq belədir “Qanacaq doldurma məntəqəsi”

       

      • Hits: 980 clicks

      Tecox component by www.teglo.info