Asim HƏMİDOV / İLAHİ MÜJDƏ

      Share

      Keçmişdi bir neçə həftə o vaxtdan,

      Yenə gecə gəldi o iki adam.

      Məni qaldıraraq həmin göylərə,

      Yenə apardılar o gözəl yerə.

      Yenə də oynadım, dincəldim yenə,

      Axırda o adam gələrək mənə

      Söylədi: O biri saraya gedək;

      Orda bir nəfər var, yaxındır sənə,

      Gözləyir, istəyir indi görüşmək.

      Mən də razılaşıb “Olar!” –söylədim,

      Başqa bir saraya səfər eylədim.

      Saray, necə saray, ona heç zaman,

      Əsla doya bilməz insan baxmaqdan.

      Qapılar qızıldan, özü bənzərsiz,

      Gərəkdir baxmağa ona iki göz.

      Qapının önünə biz çatan zaman,

      Özündən açıldı taybatay haman.

      Mənə, gətirənlər dedi kandarda:

      –Sən get, gözləyirik biz səni burda.

      Girdim. Oturmuşdu taxtın üstündə

      Nə qədər xoşsifət, gözləri gülən,

      Nurcamal bir adam. Dayandım həmən

      Belə gözəl insan bütün ömrümdə

      Hələ bircə dəfə görməmişdim mən.

      Üzündən-gözündən nur yağırdı, nur,

      Ağ paltar geymişdi o bənzərsiz dürr.

      Qeyri-ixtiyari, ona tərəf mən

      Başladım getməyə şövqlə sidqimdən.

      Heç eşitmədiyim gözəl bir səslə

      “-Gəl, dostum, gəl” –dedi sevinclə getdim.

      Əlini uzatdı, ipəkdən zərif,

      Öpüb məhəbbətlə mən təzim etdim.

      Elə bil bənzərsiz bir gülü öpdüm,

      Rəngi bambaşqaydı, ətri bambaşqa.

      “Kimsiniz?” –deyərək sual ki etdim,

      Dedi: -“Sahib olan səndəki eşqə!

      Salam göndərirdin mənə hər axşam.”

      Demə Peyğəmbərmiş o gözəl insan!...

      Bilsəniz nə qədər sevinirdim mən!

      Üzünə baxmaqdan doymurdum, dinlə.

      –Kəssinlər qurbanı, əgər istərsən,

      Qalarsan burada sən də Mənimlə.

      Dedim: İstəyirəm! –bu cavabımı

      Verdim tərəddüdsüz Rəsulallaha.

      O, bunu dilimdən eşidən kimi

      Kəsdilər qurbanı -Şükür Allaha!

       Yetişdim kamıma!

                              Qayıtdım geri,

      İndi gözləyirəm mən Peyğəmbəri.

      Yanına alacaq

                              O, bu gün-sabah,

      Onu gözləyirəm

                              Bu səfərə mən

                  Tezliklə gedərəm daha, inşallah!

      Ana ağlayırdı: artıq gizlicə,

      Ölüm yaxınlaşır, hər gün, hər gecə.

      Atanın-ananın pərişanlığı

      Artırdı, günbəgün, özü də necə!…

      ***

      Xəbər göndərdilər bir gün ataya:

      Tez gəl, çox pisləşib oğlunun halı.

      Atanın gözündə qaraldı dünya,

      Bilmədi heç necə o, gəldi yolu.

      Önündə, çoxunun əsdiyi tir-tir

      Ata öz oğlunun başı üstündə

      Elə hönkürtüylə ağlayırdı ki,

      Heç kəs görməmişdi onu bu gündə…

      Hamıya təsəlli vermək istəyən

      Uşağın gözünün nuru sönürdü.

      -Öləndə heç nəyi mən itirmirəm-

      Deyib gedəcəyi yola dönürdü.

      O, yol gözləyirdi səbirsizliklə.

      Axı qovuşurdu Rəsulullaha!

      O, yol gözləyirdi, belə yol ilə

      Gedən yaxın olur, yaxın Allaha!

      ***

      …Qəfildən yataqdan dik qalxdı uşaq,

      Sevinclə qışqırdı: Gəldi, odur, bax,

      Odur, odur, odur, O- Rəsulallah!

      Açın pəncərəni, qoy gəlsin yaxın!

      Açdılar, bir anda həmin otağın

      Dəyişdi havası gəldi bir ətir,

      Heç kəs anlamadı bu nə ətirdir.

      Hamı bir-birinə baxdı nə qədər,

      Hardan gəldi, nəydi bu, bilmədilər.

      Sirri tapanacan, anlayanacan,

      Uşaq Peyğəmbərlə getmişdi çoxdan!…

      Necə sinə gərdi çətinliklərə

      Qəlbindən kənara atıb hər eşqi,

      Canında, qanında, qaldı bir kərə

      Allah, ana-ata, Peyğəmbər eşqi!

      ***

      Heç ərgənlik çağına

      Yetməmişdi bu uşaq,

      Ürəyində sevgiyə,

      Varlığında sidqə bax!

       

      Yaşadığı qısaca

      Ömürdə gör nə etdi:

      Əbədiyyətə Uca

      Peyğəmbər ilə getdi!

       

       

      Qana saflıq doldur, Allah,

      Canı sidqdən yoğur, Allah!

      Səndə hər şey sonsuz böyük,

      Mənsə aciz, fağır, Allah!…

       

      Zikr edirəm gedə-gedə,

      Sənə şükür edə-edə;

      Ya Rəbb! Bizi rəhmə bələ

      Hər günahdan güdə-güdə!

       

      Nə pisə qəlbdə yer olsun,

      Nə niyyətdə məkr olsun.

      Ya Rəbb! Bəxş et, varlığımda

      Bir Quran, bir zikr olsun!…

      ***

      İnam-iman üçün qanadlı kəhər,

      İnam-iman üçün günəşli səhər.

      İnamı olmayan imana gəlməz,

      İnamsız, imansız heç nə düzəlməz!

      İmana gələndə dərindir inam,

      İnam dərindirsə-kamildir iman;

      İman kamildirsə - müdrikdir insan,

      Bəşər faydalanar müdrik insandan.

      Bir el ki, müdriklə haq yola çıxar,

      O yola mərhəmət leysanı yağar.

      Hər kim Rəbbə doğru bir addım gedər,

      Allah ona doğru üç addım edər.

      Gör necə çoxdur ki, inamı, bizə,

      Vurub möhürünü ürəyimizə.

      Ürəyin başında zərif damarlar

      Elə düzülb ki, “Allah” ismi var.

      Bənzərsiz dayaqdır, ulu güvəndir,

      Onu sevənləri O, çox sevəndir!

      Yenə də etibar, yenə də inam!

      Bizə pay verib Haqq öz inamından.

      Cahanda ən böyük sərvətdir iman,

      Onu bəxş eyləyib bizə Yaradan.

      Ya Rəbbim! Çox görmə bu payı bizə,

      Kamil iman bəxş et hər birimizə!

      Peyğəmbər həsrətli bir iztirabı

      Çəkən qəlbə Onun nuru saçılsın.

      Ölüm ayağında açılan qapı

      Peyğəmbər təşrifi üçün açılsın!

       

      • Hits: 673 clicks

      Tecox component by www.teglo.info