Azərbaycan Gəncliyinin Söykəndiyi Bir "Qaya" Var Nədim Kaya / Eldəniz Sadayoğlu

      Share

      Bir neçə il öncə bir tələbənin məqaləsinin başlığında oxumuşdum bu sözləri.

      Hər halda bu məqaləni oxumadan Nədim Kayanı tanıyan hər bir Azərbaycan gənci onun Azərbaycan gəncliyi və ümumilikdə Azərbaycan xalqı üçün etdiyi xidmətlərdən çox yaxşı xəbərdardır. Nədim Kayanın özünün dediyi kimi: “Iki vətənimdən biri olan Azərbaycan üçün əlimdən gələni etmək mənim vicdanı və vəzifə borcumdur”.  Nədim bəy Azərbaycanda yaşadığı  13 il ərzində xalqımızın yaddaşında adət və ənənə halına gələn sünnət, Qurban bayramı, Ramazan ayı, hafizlik mərasimləri, tələbələrə hər ay təqaüdlər verilməsi, məktəblilərə “Bilik günü” münasibəti ilə verilən hədiyyələr və bir çox adını unutduğumuz tədbirlər keçirməsilə qaldı. Ənənəvi şəkildə keçirilən bu tədbirlərdə yüzlərcə insan sevə-sevə iştirak edir və Nədim bəyə öz təşəkkürlərini bildirirdilər. Nədim Kaya Azərbaycan gəncliyinin maariflənməsi maddi və mənəvi cəhətdən inkişafı üçün çox böyük işlər gördü. Nədim Kaya Gəncliyə Yardım Fondunun prezindenti olduğu illər ərzində fondun əsas binasında pulsuz ingilis dili, ərəb dili, kompüter kurslarının keçirilməsi üçün çox gözəl bir şərait yaratdı ki, bunun da nəticəsində bir il ərzində 1000 nəfər gəncin dil öyrənməsinə səbəb oldu.

      Nədim bəy 1996-cı ildə GYF-nin binasında Azərbaycanda ilk dəfə hər kəsin sərbəst istifadə edə biləcəyi böyük bir kitabxana yaratdı. Bu kitabxanada Azərbaycan gəncliyini maraqlandıran və milli-mənəvi dəyərlərimizə bağlı 6000-dən artıq kitab vardır. Həmçinin Nədim bəy oxucuların arzusunu nəzərə alıb gündəlik qəzetlər və rahat oxu zalı təşkil etdi. Nədim Kaya GYF-nin prezindenti olduğu müddət ərzində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin məktubu (xahişi) əsasında Respublikamızda 20-dən artıq tarixi binaların və məscidlərin bərpasını və 10-dan artıq məscidin yenidən tikilməsini təşkil etdi.

      Nədim Kayanın rəhbərliyi ilə qurulan GYF, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərilə işi Üzrə Dövlət Komitəsi ilə birlikdə öz doğma yurd-yuvalarını məcburi şəkildə tərk etmiş insanlara ən çox maddi və mənəvi yardım göstərən humanitar təşkilatlardan biri kimi tanınır.

      1997-ci ilin May ayında mərhum prezidentimiz Heydər Əliyevlə görüşərkən, Prezident Nədim bəyə gördüyü işlərə görə təşəkkür etmiş və Azərbaycan gəncliyi üçün daha böyük işlər görməyi tövsiyə etmişdir.

      Nədim Kaya Azərbaycanda fəaliyyət göstərən, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bütün gənclər təşkilatlar ilə sıx əlaqə saxlamış və onlara yüzlərlə forum və konfransların keçirilməsi üçün şərait yaratmışdır.

      Nədim bəy həmçinin Gənclər Təşilatları Milli Şurasının  rəhbərləri ilə birlikdə ölkəmizi dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq tədbirlərdə layiqincə təmsil etmiş və vətəninin haqq səsini bütün dünyaya çatdırmışdır.

      Nədim bəy GYF-nin prezidenti işlədiyi müddət ərzində adlarını sadalamaq istəmədiyimiz 50-yə yaxın fəxri fərman və diplomlarla təltif olunmuşdur. Lakin, Nədim bəy həmişə Azərbaycan xalqının ona olan sevgisini və rəğbətini bu fərmanlardan daha üstün tutmuşdur.

      Nədim Kaya GYF-nin maddi dəstəyi ilə tanınmış xalq şairi Məmməd Aslanın Anadolu türkcəsindən Azəri türkcəsinə uyğunlaşdırdığı bir neçə kitabı işıq üzü görmüş və bu kitablar ən çox oxunan kitablardan olmuşdur. Bundan əlavə Nədim bəyin təşəbbüsü ilə GYF-nin akt zalında türkiyəli və azərbaycanlı xanımların, 26 Fevral Xocalı soyqırımı günü münasibətilə əl işləri sərgisi 2003-2005-ci illər ərzində keçirilmiş və bu sərgilərdən əldə olunan gəlirlə “Qarabağ suallar və faktlar” kitabı çap olunaraq ictimayyətə çatdırılmışdır.

      Xatırladaq ki, həmin kitab Bakıda və Moskvada MDB ölkələri arasında keçirilən kitab sərgisində I yeri tutmuşdur.

      Nədim Kaya 1995-1998-ci illərdə Azərbaycandan 150-dən çox gəncin GYF-nin yardımı ilə Türkiyənin ən tanınmış universitetlərində oxumasına hər cür şərait yaratmış və həmin gənclərin əksəriyyəti universiteti bitirib vətənə qayıdaraq ölkənin müxtəlif istehsal sahələrində fəaliyyət göstərirlər.

      Nədim Kaya və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü və çox böyük fədakarlığı ilə 52 İslam ölkəsini özündə birləşdirən İslam Konfransı Təşkilatı nəzdində 2004-cü ilin dekabr ayının 3-də İslam Konfransı Təşkilatı Gənclər Forumu təsis olundu və bu forumun baş katibi Azərbaycan vətəndaşı Elşad İsgəndərli seçildi. Nədim bəy bu forumda idarə heyətinə seçilən 7 nəfərdən biri oldu.

      Əlbəttə ki bu sadaladıqlarımız Nədim bəyin Azərbaycandakı fəaliyyətinin cüzi bir hissəsidir. Artıq Nədim bəy bundan sonrakı fəaliyyətini Türkiyədə davam etdirəcək və biz Azərbaycan gəncliyi əminik ki, Nədim bəy bundan sonra da Azərbaycan üçün əlindən gələni edəcək.

      Nədim Kayaya bütün Azərbaycan gəncliyi və Azərbaycan xalqı adından dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Ona yeni işində uğurlar arzulayırıq.

       

      • Hits: 785 clicks

      Tecox component by www.teglo.info