Anar Qurbanov / SUAL CAVAB

      Share

      Sual: Şəvval ayında tutulan altı gün nafilə orucla bağlı açıqlama verərdiniz mümkünsə. Ramazandan qəza orucu qalanlar bu ayda qəza orucuna niyyət etsələr, tutulan bu oruc həm də şəvval ayına məxsus olan nafilə oruc savabı qazandırarmı?

      Cavab: Qəməri təqvimə görə Ramazan ayından sonrakı ay şəvval ayıdır. Bu ayda altı gün oruc tutmaq müstəhəbdir. Ayrı-ayrı günlərdə tutula bildiyi kimi, bayram günlərinin ardından dalbadal tutulması əfzəldir. Əbu Əyyub əl-Ənsarinin (r.a) rəvayət etdiyi bir hədisdə Hz. Peyğəmbər (s.ə.s) belə buyurur: “Kim Ramazan ayını oruclu keçirər və arxasınca Şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar” (Müslim, Siyam, 204; İbn Macə, Siyam, 33; Tirmizi, Səvm, 52). Birə on qat əcr verilməklə Ramazan orucunun on aya, altı gün Şəvval orucunun da iki aya bərabər olduğu və beləcə bütün ilin oruclu keçirilmiş sayılacağını da alimlər qeyd etmişlər. Çünki Uca Allah Qurani-Kərimdə; “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər” buyurur (Ənam, 6/160). Qəza, nəzir və s. oruclar da bu günlərdə tutularsa eyni savab əldə edilər. Bundan əlavə aybaşı olmaq səbəbilə Ramazan orucu qəzaya qalmış qadınların, altı günün qəzasını bu günlərdə tutmaları onlara da bu əcri qazandırar.

       

      Sual: Bu gün bəzi bina evlərində tualetlərin hamamla bir yerdə olduğunu görürük. Belə olan təqdirdə hamamda dəstəmaz və ya qüsl zamanı niyyət etmək və dəstəmaz dualarını oxumaq nə dərəcədə doğrudur?

       

      Cavab: Dəstəmaz və ya qüsl alarkən əsas olan niyyətin qəlblə edilməsidir. Dəstəmaz dualarını oxumaq isə dəstəmazın ədəblərindəndir və hər şəxs bunu oxuyub-oxumamaqda sərbəstdir. Hamamda dəstəmaz alarkən bu duaları oxumaq istəyən kəsin özünün eşidəcəyi qədər oxuması caizdir.

       

      Sual: El arasında “iki bayram arası nikah kəsdirmək olmaz” deyirlər. Ramazan və Qurban bayramı arasında toy etməyin dinimizdə hər hansı bir qadağası varmı?

       

      Cavab: İki bayram arasında nikahın kəsdirilə bilməyəcəyinə dair xalq arasında məşhur olan bu əqidə batil və xurafatdır. Çünki Hz. Aişədən (r.a) rəvayət edilən bir hədisdə belə deyilir: “Allahın Rəsulu məni Şəvval ayında nikahladı və şəvval ayında mənimlə zifafa girdi...” (Müslim). Bu və digər dəlillərdən aydın olur ki, iki bayram arasında nikahın caiz olmadığı iddiası həm ağla, həm də sünnəyə ziddir. Belə ki, zamanların fəzilət baxımından üstün olanı olsa da, əsla uğursuz sayıla biləcək qismi yoxdur. Bundan əlavə Hz. Peyğəmbər (s.ə.s) Hz. Aişə ilə iki bayram arasında –  Şəvval ayında nikah müqaviləsi bağlayaraq evləmişdir. Bunu nəzərə alsaq tam əksinə Şəvval ayında evlənmək müstəhəbdir. Qeyd etmək lazımdır ki, ta cahiliyyə dövründən bu anlayış mövcuddur. Çünki tarixi mənbələrdə qeyd olunduğuna görə, cahiliyyə dövründə Şəvval ayında vəba xəstəliyi çıxıb yayğınlaşmışdı. Bu xəstəlik bir çox insanın ölümünə səbəb olduğundan xəstəliyin çıxdığı Şəvval ayı bundan sonra xalq arasında uğursuz bir ay kimi mənimsənmişdir. Lakin İslam gəldikdən sonra uğursuzluq kimi anlayışları bütövlüklə aradan qaldırmışdır.

      Sual: Həzrət Peyğəmbərin hədislərində də oxuduğumuza görə nəzər dəyməsi haqdır. Bəs nəzər muncuğu, dağdağan ağacı kimi vasitələrdən gözdəyməsinə qarşı istifadə etmək olarmı? Əgər olmazsa, dinimizdə nəzərdən qorunmağın alternativ üsulları nələrdir?

      Cavab: Qəflətən ortaya çıxan və ya səbəbi bilinməyən xəstəliklərə tutulmamaq ya da müalicə məqsədilə müraciət olunan bir sıra tədbirlər vardır. Məsələn, nəzər muncuğu, dağdağan ağacı, at nalı və s. kimi şeylər bunların əsas nümunələridir. Məhz bunlar tibbi baxımdan heç bir faydası olmadığı və batil əqidələri davam etdirdiyi, sırf xurafat olduğu üçün haram buyurulmuşdur. Hz. Peyğəmbər (s.ə.s) nəzər muncuğundan istifadə etməyi qətiyyətlə qadağan etmiş və bu kimi şeylərdən istifadə edənlərin beyətlərini qəbul etməmişdir (bax. Nəsai, Zinət, 17; İbn Macə, Tibb, 39).  

      • Hits: 657 clicks

      Tecox component by www.teglo.info