Niyazi Yusifov / HƏYAT DƏFTƏRİNDƏN

      Share

      Şeytan

      Yaşlı bir qadın olduqca dininə, Allaha bağlı idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: “Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun!” – deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: “Allah yoxdur, Allah yoxdur!” - deyə fəryad qoparardı. 

      Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inad olsun deyə var gücü ilə, “Allah yoxdur, Allah yoxdur!”- deyib təsəlli tapmağa çalışardı.

      Bir axşam qonşusu yaşlı qadına “tələ qurmağı” qərara aldı. Dükana gedib meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı qadın qapını açıb torbaları gördü. Əvvəlcə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə, “Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun!” - deyə dua etdi. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səsləndi: “Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri də sənə mən aldım!” Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: “Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətmisən...”

      İnsanlıq dərsi

      Sinif səs-küylə az qala lərzəyə gəlirdi. Bu zaman qaşqabaqlı bir müəllim içəri girdi və təbaşirlə löhvəyə “1” rəqəmi yazır. “Baxın” –deyir. “Bu, insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey.” Sonra “1”-in yanına “0” yazır: “Bu, uğurdur. Uğur qazanmış insan 1-i 10 edir.”

      Bir “0” da artırır: “Bu təcrübədir. 10 olduğunuz vaxt 100-ü qaldırar sizi.”

      Beləliklə, “0”-lar uzanıb gedər.

      “Bacarıq…Ciddiyyət…Sevgi...”

      Əlavə olunan hər “0”-ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir. Sonra əlinə silgini alır və ən başdakı “1”-i silir. Demək istədiyi son fikri çatdırır:

      "İNSANLIĞINIZ YOXDURSA, O BİRİLƏR HEÇ BİR MƏNA VERMƏZ."

      Kimi Allahı məmnun edir, kim də şeytanı güldürür

      Bir gənc uzaq bir məmləkətə səfər edir. O, səfər zamanı çox qəribə mənzərələrin şahidi olur. Amma gördüklərindən bir şey anlamır.

      Qarşısına çıxan ilk qəribə mənzərə belə olur: Bir neçə adam tarlaya buğda səpirdilər. Buğda dənləri torpağa düşən kimi boy verib qalxır, o andaca məhsul verir, amma əkinçilər məhsulu toplamaq əvəzinə tarlanı yandırırlar.

      İkinci qəribə mənzərə belə idi: Bir adam böyük bir daşı yerdən qaldırmağa çalışır, amma bacarmır. O böyük daşın üstünə bir başqasını da qoyandan sonra qaldıra bilir. Üçüncü daşı qoyanda daha asan qaldırır. Gənc nə qədər baxsa da, bir şey anlaya bilmir və yoluna davam edir.
                  Yolda rast gəldiyi üçüncü qəribə mənzərə də belə olur: Bir adam qoyunun belinə minib, bir neçə adam da onun çiyninə dırmaşıb. Qoyun sürətlə qaçır, bir neçə adam da onların dalınca nə qədər yüyürsələr də, çata bilmirlər.

      Gənc bu gördüklərini nə qədər götür-qoy eləsə də bir məna anlaya bilmir və gəlib bir şəhərə yetişir. Giriş qapısının yanında nurani bir qoca görüb, salam verir. Qoca da salamı alır və onu saxlayıb söhbətə tutur. Oğlan yol boyu gördüklərini söyləyir və qoca da onun dediklərini belə izah edir:

      -Gördüyün o əkinçilər, buğda tarlası və onu yandıran adamlar bilirsənmi kimlərdir? Əvvəlcə yaxşılıq edən, sonra da elədiyi yaxşılığı orda-burda danışıb dəyərini heçə endirənlər.
                  -Daş qaldıran adam ilə sənə başqa bir mesaj verilib. O mənzərənin mənası budur ki, ilk dəfə günah işləmək insan üçün çox ağırdır. Amma insan günahı işləyəndən sonra tövbə etməsə, növbəti günahlar ona çox yüngül gəlir. Tövbəsi olmayan bir günah başqa bir günah üçün açılmış qapıdır.

      -Qoyun və onun belindəki adamlara gəlincə unutma ki, qoyun cənnət heyvanıdır, belinə minənləri də cənnətə daşımaqdadır. Qoyuna ilk minən alimlərdir. Alimlərin çiynindən asılanlar isə hər təbəqədən olan möminlərdir. Onların dalınca qaçanlar isə inancsızlar, dinsizlərdir.

      • Hits: 837 clicks

      Tecox component by www.teglo.info