Aqil ƏLİYEV / İSLAM GÖZƏL ƏXLAQDIR

      Share

      Allah (c.c.) və Rəsulunun üstündə təkidlə durduğu ən önəmli xüsus ədəbli və əxlaqlı bir cəmiyyət yetişdirmək olmuşdur. İslam dini sadəcə əməli  və fiqhi hökümləri bildirməmiş, eyni zamanda bəşəri münasibətləri və insanlar arasında əxlaqi normaları da tənzimləmək üçün gəlmişdir.Qurani-Kərimdə və hədisi-şəriflərdə əxlaqi normalar haqqında təlimatlara  tez-tez rast gəlmək mümkündür.

       Hər bir işdə olduğu kimi, əxlaqi normalarda da bizə öndər Rəsulullah (s.ə.s)-dir. Allah-Təala uca kitabında Peyğəmbərimizin əxlaqının öyülən və ən gözəl əxlaq olduğunu söyləməkdədir. Belə buyurur: (Ey Peyğəmbər!) Şübhəsiz sən, ən gözəl əxlaq üzrəsən.” (Qələm,4) Buradakı ən gözəl əxlaqdan məqsəd Quran əxlaqı olduğu bir çox təfsirçi tərəfindən təsdiq edilmişdir. Bu həqiqəti mömünlərin anası Həzrət Aişə bizə belə çatdırmışdır: “Siz heç Quran oxumursunuzmu? Onun (peyğəmbərin) əxlaqı Quran idi.” (Müslüm, Müsafirun, 139

      Abdullah bin Abbasdan (r.a) rəvayət edir: “Muminun surəsinin ilk on ayəsi nazil edildikdən sonra Allah Rəsulu (s.ə.s) belə demişdir: “Mənə on ayət endi ki, kimin yaşayışı bunlara uyğun olarsa cənnətə girəcəkdir.” Sonra əl-Muminun surəsinin ilk on ayətini oxudu.”

      Bu ayələrdə gerçək mömünlərin xüsusiyyətləri göstərilmiş, nicat yolunun ancaq bu tərzdə yaşamaqda olduğu bildirilmişdir. Gəlin, bu həyat düsturumuz olan ayələrə nəzər salaq.

      Rəhimli və MərhəmətliAllahın adıyla
      1. Həqiqətən mömünlər nicat tapmışdır.
      2. Onlar ki, namazlarını mütilik içində qılarlar.
      3. Onlar ki, boş və faydasız işlərdən üz çevirərlər.
      4. Onlar ki, zəkatlarını verərlər.
      5. Yenə onlar ki, iffətlərini (namuslarını) qoruyarlar.
      6. Ancaq xanımları və əllərinin altındakı (cariyələri) xaric. (Bunlarla etdikləri yaxınlığa görə) qınanmazlar.
      7. Bu halda kim bunlardan kənara çıxarsa, məhz bunlar, həddi aşan kimsələrdir.
      8. Yenə onlar (o mömünlər) ki, əmanətlərinə və əhdlərinə sadiq qalarlar.
      9. Və onlar ki, namazlarına davam edərlər.
      10. Məhz bunlar varis olanlardır.

      Bəli Quran əxlaqına sahib olmaq məhz öz həyatını bu təlimatlar istiqamətində qurmaqla mümkün olur. Rəsulullah (s.ə.s)-in əxlaqının Quran əxlaqı olması, Onun Allahın lütfünə məzhər olması, yüksək bir şəxsiyyətə və üstün əxlaqa sahib, hərtərəfli mükəmməl, insanlar üçün örnək və etibarlı bir rəhbər olduğunu göstərməkdədir. Rəsuli-Əkrəm (s.ə.s) özü də gözəl əxlaqı tamamlamaq üçün göndərildiyini bizə bildirmişdi. (Muvatta, Hüsnul-xuluq, 8) Elə bu gözəl əxlaq sahiblərinin də məhz Allah-Təala tərəfindən ən kamil mömünlər olaraq qəbul edildiyini də bizə xəbər vermişdir. Belə buyurur:

      “ Möminlərin iman baxımından ən kamil olanları, əxlaqı ən gözəl olandır.” (Tirmizi, Rada 10, İbn Macə, Nikah 4)

                Gözəl əxlaqa sahib olan insanlar imanlarını da asanlıqla mühafizə edə bilirlər. Bir insan düşünün ki, onun dilində nə yalan, nə dedi-qodu, nə iftira, nə də qeybət var. Bu insana şeytan necə qalib gələ bilər? Təqva həyatı yaşayan sadə, həyalı bir insanı azdırmaq asandır, yoxsa təkəbbürlü, mən-mən deyən, halal-harama çox diqqət etməyən, özünü hamıdan üstün görən bir insanı? Əlbəttə ki, ikincisini azdırmaq asandır. Çünki onda şeytana xas olan bütün sifətlər vardır.

      Gözəl əxlaqın ilkin təzahürü sadəlik və təvazökarlıqdır. Rəsulullah (s.ə.s)-in həyatı başlı-başına sadəlik nümunəsidir. Vaxtilə bir çox işgəncələrə məruz qalıb sonunda tərk etmək məcburiyyətində qaldığı, ən çox sevdiyi Məkkə şəhərini, daha sonra fəth edərkən belə, dəvəsinin üstündə o dərəcə təvazö ilə əyilmişdi ki, bu hadisəni bizə rəvayət edən səhabələri deyir ki; “Rəsulullah (s.ə.s)-ın mübarək saqqalı dəvəsinin belinə dəyirdi.” Çünki O bilirdi ki, hər şeydən və hər kəsdən üstün yeganə Allah (c.c) var.

      Bir çox hədisdə qarşımıza çıxan bir ifadə var, “bu kimi.... işləri görən bizdən deyil”. Rəsulullah (s.ə.s)-in diqqətimizi çəkdiyi bu xüsusların hamısı islami əxlaqa və etik normalara zidd olan davranışlardır. Məsələn; “Bizi aldadan bizdən deyil.”

      “ Kiçiklərə mərhəmət etməyən, böyüklərə hörmət göstərməyən bizdən deyil.” (Tirmizi, Birr 15, Əbu Davud, Ədəb 58) və s.

                Bəs gözəl əxlaq sahibi olanlar kimlərdir? Bu əxlaqa sahib olanlar ilk öncə dilinə sahib olanlardır. Yalan danışmayan, qeybət və dedi-qodu etməyənlərdir. Sonra  sadə və mütəvazı həyat yaşayıb, israfdan qətiyyətlə uzaq duranlar, son dərəcə həyalı olub, kimsənin malında-pulunda, namusunda gözü olmayanlar, böyüklərə hörmətlə, kiçiklərə şəfqət və mərhəmətlə yanaşanlar, təqva həyatı yaşayanlar, evdə, ailədə xoş xasiyyətli və mülayim olanlar, əfv etməyi bacaranlar, müsafirinə ikram edənlər, qonşusuna yaxşı davrananlar, qohum-əqrəba haqlarına riayət edənlər, müsəlman qardaşının ayıbını örtənlər, insanlara təbəssüm edib şirin dilli olanlar, insanlarla halal çərçivədə zarafat edənlər, yetimə, dula və ehtiyac sahibinə əl tutanlar və daha neçə-neçə gözəl xüsusiyyətlər saymaq olar ki, bütün bunların hamısını bizə gözəl dinimiz tövsiyyə etmişdir. Nə xoşbəxtdir o şəxs ki, bütün bu gözəllikləri özündə toplaya bilir.   

      • Hits: 756 clicks

      Tecox component by www.teglo.info