Nizami ƏFƏNDİYEV / İNSANLIQ BORCUMUZ

      Share

      Mənəviyyat Xaliq tərəfindən insana bəxş edilən əzəli xüsusiyyətlərdəndir. O, bizi insan təbiətinə xas olan bəzi cəhətləri qəbul, bəzilərini isə rədd etməyə sövq edir. Müxtəlif adamların mənəviyyat cəhətdən bir- birindən fərqlənmələrinə baxmayaraq, insanlar bütün dövrlərdə onlara xas olan bəzi cəhətləri müsbət, bəzi cəhətləri isə mənfi qiymətləndirmişlər. Bəşər tarixinin bütün mərhələlərində doğruluq, sədaqət, ədalət, əhdə vəfa və başqa bu kimi əxlaqi keyfiyyətlər mədh olunub. İnsanlar qədim zamanlardan yalanı, namərdliyi, satqınlığı pisləmiş, gözəl keyfiyyətlərdən olan mərhəmət, səxavət, nəciblik və bu qəbildən olan xüsusiyyətləri üstün qiymətləndirmişlər. 

                  Təmkin, qürur, dostluq, sədaqət kimi keyfiyyətlər həmişə hörmətə layiq olub. Bu keyfiyyətlər insanın yüksək mənəviyyatına, ləyaqətinə dəlalət edir. Lakin yüngülxasiyyətlik, rəzillik, bədxasiyyətlilik heç bir vaxt hörmətə layiq olmamışdır.  Bəşəriyyət, sözündə doğruluğu, fəallığı, intizamı, məsuliyyəti həmişə yüksək qiymətləndirib. Bununla bərabər vəzifəsini, borcunu yerinə yetirməyən, işinə məsuliyyətsiz yanaşan adamlara heç kim hörmət etməyib.

                  Bəşəriyyət ictimai münasibətləri qiymətləndirərək, həmin bu amilləri əsas götürür. Məsələn, gözəl idarəetmə, nizam, xeyirxahlıq, ədalət, bərabərlik hökm sürən cəmiyyət və qurumlar hamı tərəfindən hörmətə, ehtirama layiq görülür. Digər tərəfdən düzənsizlik, etibarsızlıq, işi idarə edə bilməmə, kin-küdurət, ədavət, zülm və ətrafını dəyərsiz görən cəmiyyət və qurumlar daima hörmətdən uzaq, dəyərsiz olmuşlar.

                  Şəxsiyyətə xas olan bu keyfiyyətlərin pisə və yaxşıya ayrılması bütün zamanlarda baş vermişdir.

                  Bir sözlə, yalnız səmimi, sözünə sadiq adamlar həmişə bəşəriyyətin dayağı hesab edilmiş, toplumun ən hörmətli nümayəndələri olmuşlar.  Belə insanlara hər bir işi etibar etmək mümkündür. Onların zahiri görkəmi də daxili məziyyətlərinə uyğundur. Çünki onlar kin-küdurətdən uzaqdırlar və sözlərinin üstündə dururlar. Belə adamlar daima öz güzəranlarından razı və qismətlərinə düşənə qane olurlar. Onlar həmişə ədalətli olur və öz öhdəliklərini yerinə yetirirlər. Onların həyatı çox təmkinli və əmin-amanlıqla keçir. Onlar heç vaxt pislik etmirlər, çünki təbiətən xeyirxahdırlar.

                  Bunlardan belə məlum olur ki mənəvi, əxlaqi həqiqətlər dəyişməzdir və bəşəridir. Hər bir insan pisi yaxşıdan ayırma qabiliyyətinə malikdir.  Xeyir və şər anlayışları insanlara əzəldən məlumdur.  Allah insana bu hissləri anadangəlmə bəxş etmişdir.  Bu barədə Qurani-Kərimdə “ona günahlarından və pis əməllərindən çəkinməsini (xeyir və şəri) öyrətdi…” buyurulmaqdadır.

                  İnsan həyatının əsasını və onun bu dünyada istiqamətlərini aşağıdakı suallara cavab təşkil edir: Kainatda ilahi varlıq mövcuddur ya yox? Əgər bu ilahi varlıq mövcuddursa, o təkdir yoxsa ondan başqalarıdamı var? Bu ilahi varlığın nişanələri nələrdir? Bu ilahi varlıqla bizim aramızda hansı münasibətlər mövcuddur? Bu ilahi varlıq bizə doğru yol göstərmək niyyətindədir ya yox? Bizim onun qarşısında hər hansı bir məsuliyyətimiz varmı? Əgər varsa bu məsuliyyit nədən ibarətdir? Bizim həyatınızın mənası və məqsədi nədir? Onun sonu və nəticəsi nədir ki, biz onu yaddan çıxarmamalı və bu dünyada onun tələblərinə uyğun hərəkət etməliyik?

                  Bütün aləm və insan həyatı tamamilə bu əsaslı suallara cavabla bağlıdır. Beləliklə bütün mənəvi, əxlaqi aləm bu sualların cavabından asılıdır. İslam bu suallara belə cavab verir: Bəli bu kainatda ilahi varlıq mövcuddur və o ilahi varlıq bütün kainatı yaratmış tək və yeganə Allahdır. Allah bütün kainatı idarə edir və onun şəriki yoxdur. O, hakimi-mütləqdir və yerin, göyün və bütün mövcudatın sahibidir. Kainatın bu dəyişməz ardıcıllıq və nizamı onun hökmünə və idarəsinə tabedir.  O, müdrik və qüdrətlidir. Gizlini və aşkarı biləndir. Hətta göylərdə və yerdə baş verən hadisələr onun diqqətindən yayınmır. Kainatda baş verən bütün hadisələr əvvəlcədən onun tərəfindən müəyyən edilmişdir. O, hər hansı bir zəiflikdən və nizamsızlıqdan azaddır. Təbiət etibarı ilə insan Allahın quludur və onun bu dünyada yeganə vəzifəsi Ona tabe olmaq və Onun hökümlərinə itaət etməkdən ibarətdir. İnsan həyatı məhz bütövlükdə ona ibadət və xidmətə həsr edildikdə məna kəsb edir. İnsan Allaha nə cür ibadət edəcəyini ayrıd edə bilməz. Çünkü ayrıd etmək insanı özünə qul edən Allah’a xas olan cəhətdir.

                  Qadir və mərhəmətli olan Allah insanların icərisindən öz peyğəmbərlərini secib onların vasitəsi ilə müqəddəs kitabı göndərdi ki, insanları xoşbəxlik və nicat yoluna yönəltsin. Sonradan insan öz Allahının qarşısında bu dünyadakı pis vəya yaxşı əməllərinə görə cavab verəcək. İnsanın mühakimə edilməsi, onunla haqq-hesab çəkilməsi bu dünyada yox, o biri, axirət dünyasında baş verəcək. Bu ömür insana onu sınamaq və imtahana çəkmək üçün verilir. İnsan, bu həyatda, axirət dünyasında Allahın hüzurunda pak olmasından başqa bir məqsəd güdməməlidir.

                  İnsan bütövlükdə sınanır. Onun gücündən başqa istedadı, meyilləri, ümumiyyətlə həyatı imtahan edilir. İnsanın sınağı onun gördüyü hərəkətlərlə bağlıdır. Bu imtahana yaşadığımız dünyanın çirkabının heç bir təsiri yoxdur.

                  Bilmək lazımdır ki, bu imtahanı aparan müqəddəs kitabı bilir, insanların hər bir yerdə - istər quruda, istər suda, istər havada, istərsə də fəzada etdiklərindən xəbərdardır. Və o nəinki insanın ürəyində, beynində olanları bilir, hətta onun düşüncələrinə də bələddir.

      Allah bütün İslam ümmətini qəlbi təmiz, öyrəndiyi ilə əməl edən, bu dünyanın aldadıcı üzünə aldanmayan, müsəlmanlıq bağlarını hər an qoyuyan qullarından etsin. Ayeyi-kərimənin açıqladığı kimi ‘kitab yüklü eşşəklər’ məna və məfhumundan uzaq etsin. Amin!

      • Hits: 826 clicks

      Tecox component by www.teglo.info