Eldar Kərimov / DÜNYA-AXİRƏT 0-km

      Share

      Avtovağzalın hər tərəfi insanlarla dolu və hər kəs gedəcəyi şəhər və rayonun avtobusunu axtarırdı. Mənim oturduğum avtobusa yaxınlaşan bütün sərnişinlər, sürücüdən avtobusun nə zaman çatacağını soruşurdu. Sürücü isə hər kəsə altı saatdan sonra deyə eyni cavabı verirdi. Bizim gedəcəyimiz avtobusdan on dəqiqə sonra daha bir avtobus çıxmasına baxmayaraq, hamı bu on dəqiqəni qənaət bilib bizim avtobusa doluşurdu. İnsanlar harasa tələsirdi elə bil. Minmədən əvvəl enəcəkləri vaxtın sevinciylə yaşayırdılar sanki.

       Deyəsən bu yolun sonunda onları öz sevdikləri insanlar və ya hadisələr gözləyirdi. Bu sevinci yalnız bu ümid reallaşdıra bilərdi. Qəribə bir mənzərə var idi ətrafımda.  Avtobusun modelinin kifayət qədər köhnə və oturacaqlarının da olduqca narahat olmasına baxmayaraq, insanlar özlərini rahat hiss edirdilər deyəsən. Nə bir narazılıq, nə də bir etiraz var idi. Sürücü son dəfə avtobusun içərisini konturol etdikdən sonra sükanın arxasına oturdu və  avtobusun televizoru işləmədiyinə görə maqnitafona həzin bir musiqi qoyub mühərriki işə saldı. Hamı kimi mən də avtobusun hərəkət etməyini səbirsizliklə gözləyirdim. Və nəhayət gözlədiyimiz an gəlib çatdı. Onu da qeyd edim ki, avtobusun qarşısında yola düşmə vaxtı yazılsa da o vaxtdan təqribən yarım saat sonra yola düşdük.

      İldə bir neçə dəfə gedib-gəldiyim bu yolun uzunluğu yenə də mənim gözümə oturmuşdu. Axı nə qədər uzanacaq bu yolçuluq? Getdikcə fani xəyallarım kimi uzanır qarşımdakı yollar. Hələ bir neçə dəqiqədir avtovağzaldan ayrıldığımız, mən indidən yorulmağa başlamışam bu səfərdən. Bütün sevdiklərimi arxada qoyub üz tutmuşam qürbət yolçuluğuna. Mənim o insanlardan fərqim onda idi ki, onlar öz sevdiklərini görmək üçün getdikləri halda, mən öz sevdiklərimi arxada qoyub gedirdim.  Buna baxmayaraq getdiyim yerə vaxtında çatmaq istəyirdim. Bu elə bir hissdir ki, sadəcə mən deyil bütün insanlar başladıqları işin sonunu dərhal görmək istəyirlər. Görülən işin mənfi və ya müsbət olması məsələnin fəlsəfəsini dəyişdirməyən amillərdəndir. Bu minvalla yollar uzanır, qarşıya baxdıqca adamın gözü qaralırdı.

      Ancaq altı saat nədir ki deyib, özümə təskinlik verə-verə aynadan ətrafa baxırdım. Gördüyüm hər şey arxada qalır və mən irəliləyirdim. Bu nə qədər sevindirici hal olsa da o qədər də kədərli idi. Axı məni sevdiklərimdən bu uzaq yolların məsafələri ayırırdı. Bir anlıq heç qayıtmayacağımı da düşündüm. Amma olmadı. Çünki bunu düşünmək belə çətindir nəinki etmək. İnsan öz sevdiklərini, özünə yaxın bildiyi əzizlərini bir dəfəlik necə tərk edib gedə bilər axı? Bu sual nə qədər qəribə səslənsə də bir o qədər də həqiqətdir. Bir anlıq ayrılığına dözə bilmədiyimiz insanların əbədi ayrılığına doğru gedir bu yollar. Gör nə qədər insanları bu yollar bu tərəfdən o bir tərəfə çatdırıb. Mənim isə səyahət əsnasında ən çox diqqət etdiyim şey yolların ətrafındakı məlumat lövhələridir. 

      Hər birimizin şahid olduğu kimi yolların ətrafında qoyulan məlumat xartakterli lövhələrdə  getdiyimiz şəhərə, rayona nə qədər məsafə qaldığı haqda məlumat verilir. Bu məlumat xarakterli lövhələr hər 10 km-dən bir qoyularaq gedilən məsafənin azaldığını və belə demək mümkündürsə sevinc və həyacanın çoxaldığını bildirir. Bizim avtobusda da müəyyən məsafədən sonra hər kəsin gözü bu lövhələri axtarırdı. Sərnişinlər öz aralarında bir neçə km qaldı deyib sevinclərini bir-birlərilə paylaşırdılar. Avtobus isə o lövhələrə məhəl qoymadan öz ünvanına doğru hərəkət edirdi.

      Bəli, bu gün hər keçən dəqiqə bizim həyatımızın məlumat lövhəsidir. Bu dəqiqələr ömür yolumuzun qısaldığı və gedilən ünvana yaxınlaşdığımız haqda bizi məlumatlandırır. Bu yolun sonu ölümdür. Ölüm isə hər birimizin sevdiyi bir şey deyildir. Dünyadan axirətə yollanan yolçularıq hər birimiz. Görəsən yolumuz üzərindəki məlumat lövhələrində gedəcəyimiz şəhər, rayon adının yerinə Axirətə 5 km qaldı yazılsaydı yenə sevinib, həyacanlanardıqmı? Yoxsa avtobusu saxladıb mən getmək istəmirəm siz davam edinmi deyərdik? Buradakı həqiqət dünya və axirət arasındakı məsafənin olmamasıdır. Dünyadan axirətə doğru hərəkət edən avtobus hər an mənzil başına çata bilər. Bu səyahət avtobusuna minərkən sevinməyimiz üçün özümüzü yolumuzun sonundakılara özümüzü sevdirməliyik və ya elə bir işlər görməliyik ki, onlar biz sevsin. Bəlkə elə bu məqəalə də  məhz o məlumat lövhələrindən biridir. Ünvana yaxınlaşdıqca özümüzü səhmana salmağı unutmayaq. 

      • Hits: 826 clicks

      Tecox component by www.teglo.info