Ümumi Qaydalar / GYF Təlif-Tərcümə Mərkəzi

      Share

      Haram olan şeylər və davranışların hamısına bütövlükdə şamil edilən, hamısı üçün ayrı-ayrılıqda məqbul sayılan qaydalar vardır ki, bunlar aşağıdakı maddələrdə toplana bilər.

      1. Qadağan olunmamış hər şey mübah və halaldır:

      “Əşyada əsl olan ibahədir” (mübahlıq-sərbəstlik) şəklində ifadə edilən bu qaydaya görə hər hansı bir şey və ya mənfəəti qadağan edən səhih dəlil tapıla bilməz, yaxud tapılıb sübutu qəti olmazsa, haram hökmü də mübahisə mövzusu ola bilməz ! İslam biligiləri həmin qaydanı bu ayə və hədislərdən götürmüşlər:

      “Yer üzərində nə varsa, hamısını sizin üçün yaradan Odur.” (əl-Bəqərə,2/29)

      “Göylərdə və yerdə nə varsa, hamısını öz tərəfindən siçin ixtiyarınıza qoyan da Odur.” (əl-Ğasiyə, 45/13)

      “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları  (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və s.) nemətləri sizə bolluğa ehsan etdiyini görmürsünüzmü ?” (Loğman ,31/20)

      Salman əl-Farisinin rəvayətinə görə Rəsulullahdan (səllallahu əleyhi və səlləm) yağ, pendir və vəhşi eşşək ətinin hökmü barədə soruşulduqda, o belə buyurmuşdur: “Halal-Allahın Kitabında halal, haram - Allahın Kitabında haram buyurduğudur; Haqqında bir şey söyləmədiyi isə, sizin üçün əfv edib ixtiyarınıza buraxdıqlarıdır.” (Tirmizi. K-əl-Libas, 6: Ibn Macə K. əl-Ətimə, 60; Buxari, K.ət-Təfsir, 99; Müslim, K.əz-Zəkat,24; ).

      Başqa hədisi-şərifdə belə buyrulmuşdur: ”Allah bəzi şeyləri fərz qılmışdır, bunları əldən verməyin; bəzi sərhədlər qoymuşdur ki, onları aşmayın; bəzi şeyləri haram buyurub, onları etməyin; unutmaqdan deyil, sizə olan rəhmətindəndir ki, bəzi şeylər haqqında da bir buyruq buyurmamışdır, bunları da təkrar-təkrar soruşmayın.” (Darəqutni rəvayət etmiş, Nəvəvi də bunun “həsən” olduğunu bildirmişdir.)

      Haqqında qəti dəlil-söbut olmayan hər şey və ya bərəkətin halal olması ibadətlərə şamil olunmur. Bu qaydaya söykənərək hər mükəlləf (dinə görə məsul şəxs), öz uydurduğu və istədiyi şəkildə Allaha ibadət edə bilməz, çünki Allah Təalaya necə ibadət ediləcəyi, Onun razılığının necə qazanılacağı ağıl vasitəsi ilə bilinə bilməz, bu mövzuda ilahi bəyana ehtiyac vardır; bu halda “Yalnız və yalnız Allaha Onun öyrətdiyi şəkildə ibadət edilə bilər.”

      2. Halal və haram buyuran yalnız Allahdır:

      Simaları və mövqeyləri nə olursa-olsun, heç bir qulun halal və haram buyurmaq səlahiyyəti yoxdur; bu səlahiyyət yalnız və yalnız Allaha məxsusdur! Peyğəmbərlərin də bu mövzudakı ifadələri Allahın iradəsini və hökmünü qullarına bildirmək və açıqlamaqdan ibarətdir.

      İslama gəlməzdən əvvəl xristian olan Ədiyy b. Xatim, Peyğəmbərimizin (səllallahu əleyhi və səlləm) yanına getmiş, onun:

      “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər...” (ət-Tövbə: 9/31)

      - məalındakı ayəni oxuduğunu eşidincə, “Ya Rəsulallah! Onlar bunlara ibadət etmədilər,” - demiş, Rəsuli-Əkrəmdən belə cavab almışdı: ”Elədir, dediyin doğrudur; ancaq bunların hamısı onlara haramı halal, halalı haram saydırmış, onlar da buna uymuşlar; bax onların ibadəti bundan ibarətdir.” (Tirmizi, Təfsiri-Surət,9,10)

      Başqa bir ayənin anlamı belədir:

      “Diliniz (bizə belə əmr edildi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halal, o haramdır!” - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz...” (ən-Nəhl, 16/116)

      Bu tələbə görə əvvəlki alimlər, haqqında qəti dəlil olmayan şeylərə haram deməkdən qaçır, “məkruh, xoşa gələcək mahiyyəti olmayan xoş deyil...” kimi ifadələr işlətməyi üstün tutardılar. (əş-Şafii, əl-Ümm, g. Vlll, səh. 320; H. Karaman, Islam Höququnda igtihad, Ankara, 1975, səh. 92)

      3. Harama möhtac olmağa qoymayacaq qədər halal vardır:

      İslam insanların ruh və bədənləri üçün faydalı olan və ehtiyac duyulan heç bir şeyi haram etməmişdir; haram etdikləri də ya sırf zərər, ya da, spirtli içkilər kimi,

      “...günahları mənfəətlərindən daha böyükdür...” (əl-Bəqərə, 2/29).

      Allah Təala istəsəydi insanların möhtac olduğu bəzi şeyləri də haram buyurardı. Çünki Varlıq Ona məxsusdur, qulun isə etiraz haqqı əsla ola bilməz.  Ancaq O, rəhmətinin bir əlaməti olaraq zərərli nə varsa onu haram buyurmuş, onun yerini tutan, ona möhtac olmağa imkan verməyən təmiz və faydalı şeyləri halal buyurmuşdur. O cümlədən də:

      İy tutub fala baxmağı haram edib, əvəzində istixarə duasını buyurmuşdur.

      Kişilərə ipəyi haram buyurmuş, bunun yerinə kətan, yun və pambıq növündən geyimlər bəxş etmişdir.

      Pis və zərərli yemək və içkiləri haram etmiş, onların yerini saysız hesabsız təmiz, ləzzətli, faydalı yeməklər və içkilərlə doldurmuşdur...

      4. Harama aparan hər şey haramdır:

      Pis və zərərli şeyləri qabaqlamağın ən ağıllı və kəsə yolu, onları doğuran səbəbləri aradan qaldırmaq, vasitələri isə yox etməkdir.

      Məhz, İslamın haram mövzusunda tutduğu yol da budur. Məsələn, zina haram qılınıbdır. Burda məqsəd zina səbəbinin meydana gəlməsi və günahkarın haram işlədiyi üçün cəzalandırılması deyil, günahın işlənməməsinə nail olmaqdır. Bunun üçün də yalnız cəza kafi deyildir; günaha aparan səbəblərin kökünü kəsmək lazımdır. Buna görə də İslamda bir tərəfdən evlənmə asan, boşanma mümkün edilmiş, digər tərəfdən isə həddən artıq açıq-saçıqlıq, başlı-başına buraxılma, əxlaqsızlığa təhrik edən rəsm və musiqi, yersiz bərabərlik... qadağan olunmuş, haram edilmişdir.

      5. Haramın xeyrinə olan tədbir də haramdır:

      Bir yol tapıb, kitabına inandırmaq, yaxud adını dəyişdirərək harama getmək cavabdehliyi nəinki yox edə bilməz, əksinə, bu yol və çarələrin üçü də haram olar. Rəsuli-Əkrəm (s.ə.s.): “Ümmətimdən bir qrup başqa bir ad qoyaraq şərabı halal sayacaqdır.” (Buxari, K. əl-Əşribə, 6; Əbu-Davud, K.əl-Əşribə, 6) xəbərdarlığı ilə buna işarə etmişdir. Əxlaqsızlıq nümunələri, əsərləri və hərəkətlərinə sənət, faizə “sərmayə haqqı” demək onları əsla halala çevirə bilməz.

      6. Yaxşı niyyət haramı məşru (şəriətə uyğun) etməz:

      İslamda niyyətə böyük əhəmiyyət və qiymət verilməklə, “əməllər ancaq niyyətlərə görə qiymətləndirilir,” (Buxari, K.Bədi-il vəhy, 1. əl-Iman, 41, Möslim, K. əl-Imarah, 155) buyrulmuşdur. Ibadətlərin məqbul və mötəbər olması niyyətə bağlandığı kimi, adət edilmiş və təbii işlərin ibadət sayılması da niyyətlə mümkün olur. Halal yolla ruzi qazanmaq niyyəti ilə çalışmaq, harama çəkən nəfsi boğmaq məqsədilə özünün tayı (ər isə, arvadı, arvad isə, əri) ilə birləşmək dediyimiz niyyətlərdən olduğuna görə ibadət sayılır.

      Bütün bunlarla bərabər İslamın daha bir pirinsipi də vardır: “Vasitələr də məqsəd kimi məşru (şəriətə uyğun) olacaqdır.”

      Məqsədə çatmaq üçün hər vasitəni caiz hesab edən makyevelist görüşü İslam qəbul etməmişdir. Bunun təbii nəticəsi yaxşı niyyətlə gözəl bir nəticə əldə etmək üçün də olsa haram işləməyin caiz olmamasıdır. Məscid tikmək, xeyriyyə müəssisəsi əmələ gətirmək üçün... qumar oynamaq, və faizlə pul buraxmaq... yolverilməz hal sayılmışdır.

      Peyğəmbərimiz (s.ə.s.): “Allah gözəl və safdır; ancaq təmizi (halalı) qəbul edər,  Peyğəmbərlərinə etdiyini möminlərə də əmr etmişdir. Və:

      “Ey Peyğəmbərlər ! Təmiz və halal olan şeylərdən yeyin və yaxşı işlər görün ! Mən, həqiqətən sizin nə etdiklərinizi bilirəm !” (əl-Möminun, 51)

      - buyurduğu kimi,

      “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin” (əl-Bəqəra, 2/172)

      - buyurmuşdur... dedikdən sonra “aylarla yolçuluq edən, saçı-başı dağınıq, toz-torpaq içində əllərini göyə qaldırıb: ”- Ya Rəbb! Ya Rəbb!” - deyən, amma yediyi haram, içdiyi haram, geydiyi haram olan, haram ilə qidalanmış adamın (hacı olmağa namizədin) halını dilə gətirərək:

      “Bunun duası necə qəbul olunacaq?” - deyən Peyğəmbərimizin (səllallahu əleyhi və səlləm) bu ifadəsi ilə yuxarıdakı prinsipi işıqlandırmışdır. (Əhməd b. Hənbəl, Müsnəd: əl-Münziri, ət-Tərqib vət Tərhib, əl-Kəsn bölməsinin başı).

      Haramlıqla mal qazanmış elə bir qul yoxdur ki, bundan verdiyi sədəqə qəbul edilsin və etdiyi yardımlara bərəkət verilsin. Qoyub getdiyi də yalnız cəhənnəm yolçuluğunda ona azuqə ola bilir. Şübhəsiz Allah Təala pisliyi pisliklə silməz, əksinə pisliyi yaxşılıqla silər; bunun kimi pis də pis olanı təmizləyə bilməz. (Eyni əsərlər, yenə orada)

      7. Haram şübhəsindən qaçmaq:

      İslamın haram və halal buyurduğu şeylər açıq-aşkar ortadadır. Halal ilə haram arasında bir də şübhəli sahə vardır. Ya hökmlərin sübut və dəlillərinin mövcudluğu cəhətindən qiymətləndirilməsi, yaxud da bir hökmün bir şeyə və ya hadisəyə tətbiq edilməsi ardıcıllığı zamanı insanların şüurunda bəzi şübhəli nöqtələr qala bilər. Təqva (Allahdan (c.c.) qorxaraq dinin qadağanlarından uzaq olmaq) insanın belə vəziyyətlərdə şübhədən uzaq olmasını və ehtiyata riayət etməsini vacibləndirir. Aşağıdakı hədis bu mövzuda düstur mahiyyəti daşıyır:

      “Halal da, haram da açıq-aydın bəllidir.  Bunlar arasında bir çoxunun halalmı, harammı olduğunu camaatın  xeyli hissəsinin bilmədiyi şübhəli şeylər var. Dinini və namusunu qorumaq üçün bunları etməyən salamat olur. Ancaq bunların bəzisini edənlər isə haram işləməyə çox yaxınlaşmış olur, elə bil ki, qoruğun kənarında mal otaran adamın özü oraya girmək təhlükəsi ilə üz-üzə dayanmış olur. Diqqət edin , hər hökmdarın belə bir sahəsi vardır. Allahın ayırdığı belə sahə isə Onun haram buyurduğu şeyləri ehtiva edən sahədir.” (Buxari, K.əl-Büyu, 2; Müslim, K.əl-Müsaqat, 107; Tirmizi, K.əl-Büyu, 1; Buradakı rəvayət şəkli Tirmizidən götürülmüşdür)

      8. Zərurətlər haramı mübah edər:

      Haram dairəsini olduqca kiçildən Islam, həyatın gözlənməyən, təbii və fasiləsiz hadisələri, sıxıntıları və məcburiyyətləri qarşısında bu çərçivənin də sıxışdırılacağını nəzər-diqqətinə alır. Qullarına daim rahatlıq bəxş edən Mövlamız, başına iş gəlib dara düşən, ayrı çarəsi olmayan müsəlmana ölçü-biçini güdməklə haramı yemək və haram  işləmək icazəsi (rüxsəti) verilmişdir.

      Kəsilənəcən ölmüş heyvan, qan, donuz kimi haram yiyəcəkləri xatırladıqca dörd surədə təkrarlanan...

      “Hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə Allah ona cəza verməz). Çünki sənin Rəbbin həqiqətən bağışlayan və rəhm edəndir!..”  (əl-Bəqərə, 2/173;  əl-Maidə, 5/3; ən-Ənam, 6/145; ən-Nəhl, 16/115.)

      - ayəsi bu əsası vəz etməkdədir.

       * Heyrəddin Qaramanın «Halallar və haramlar» kitabından tərcümə edilmişdir

      • Hits: 745 clicks

      Tecox component by www.teglo.info