Rövşən Əhmədov / İSLAMDA HƏRB MƏDƏNİYYƏTİ

      Share

      Bildiyimiz kimi, “İslam” kəlməsi ərəb dilində “sülh” kəlməsi ilə eyni kökdən gəlir. İslam dini əsla rəqibi, qarşısındakını məhv etməyə yönələn və ya təcavözkar xarakter daşıyan bir müharibəni qəbul etmir. Ancaq bəzi hallarda zülmü və ədalətsizliyi dayandırmaq üçün İslam müharibənin qaçılmaz olduğunu qəbul edir və vacib bir vəzifə olaraq görür.

       Uca kitabımız Qurani-Kərim müharibənin də bir həddinin olmasının lüzumunu və onun mümkün qədər insanpərvər şəkildə davam etdirilməsini əmr edir. Sevimli Peyğəmbərimiz Məhəmməd (s.ə.s) sadəcə olaraq məkkəlilərlə deyil, eyni zamanda bölgədəki yəhudi qəbilələri ilə də əməkdaşlıq edərək özünə qarşı bir hücum planlaşdıran Suriyadakı xristian qəbilələri ilə mübarizə aparmaq məcburiyyətində qalmışdı. Amma bu, yenə də onun “Kitab-əhli”ni lənətləməsi kimi bir nəticə doğurmamışdı. Belə ki, onun əshabələri özlərini müdafiə etmək məcburiyyətində qalmış, amma, düşmənlərin dininə qarşı müqəddəs bir müharibəyə girməmişdilər. Hətta Sevimli Peyğəmbərimiz azad etdiyi köləsi Zeydi müsəlman ordusunun komandiri kimi xristianlara qarşı müharibəyə göndərərkən onlara Allah yolunda cəsur, amma insanpərvərliklə savaşmalarını əmr etmişdi. Peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in əmrinə görə, onlar (döyüşçülər) rahiblərə, keşişlərə təcavüz etməməli, savaşmayan zəif insanları hədəf almamalı idilər. Mülki şəxslərə qarşı heç bir soyqırım həyata keçirməməli, tək bir ağac belə kəsməməli və heç bir dağıntıya yol verilməməlidir.

      Bütün bu əmrləri Sevimli Peyğəmbərimiz Məhəmməd (s.ə.s)-dən sonra gələn xəlifələr də fəth etdikləri ölkələrdə həm yerli xalqın, həm də təzə gələnlərin sülh və təhlükəsizlik içində yaşamasını təmin etmək üçün yerinə yetirmişlər. Belə ki, ilk xəlifə Hz. Əbu Bəkr Suriya səfərinə çıxdığı zaman orduya bir təlimat vermişdi. Bu təlimatda Hz. Əbu Bəkr İslam ordusuna bildirirdi: “Ey insanlar, ürəkdən tabe olacağınız 10 qanun verirəm: xəyanət etməyin və haqq yolundan ayrılmayın. Uşaqları, qadınları və yaşlıları qətlə yetirməyin. Xurma ağaclarını yandırıb məhv etməyin və hər hansı bir meyvə ağacını da kəsməyin. Dəvələrdən, sürülərdən və ya kütlələrdən hər hansı birini qətlə yetirməyin… Həyatlarını axirət həyatına bağlamış və dünyadan üz çevirmiş insanlarla qarşılaşacaqsınız, onlara toxunmayın. Cürbəcür ərzaqlar təqdim edən insanlarla qarşılaşacaqsınız, yeyin, fəqət Allahın adını anmağı unutmayın!” Hz. Əbu Bəkrdən sonra xilafət məqamına sahib olan və mehribanlığı, mərhəməti və ədaləti ilə məşhur olan Hz. Ömər isə ələ keçirilən ölkələrin yerli xalqı ilə ədalət və mehribançılıq nümunəsi olan müxtəlif razılaşmalar əldə etdi. Məsələn, Hz. Ömər Qüds və Lüdd xristianlarına onların təhlükəsizliyi ilə bağlı zəmanət, habelə kilsələrin dağıdılmayacağı və kilsələrdə müsəlmanların cəm halda ibadət etməməsi məsələlərində təminat verdi.

        Lahm xristianlarına təqdim olunan şərtlər də eyni idi. Mədainin fəthi ilə Nasturiya patriarx III İşuayhebə (650-660) verilən zəmanət də yenə eyni şəkildə idi. Bildiyimiz kimi, İslam Hz. Ömərin xilafəti dövründə daha geniş bir ərazini əhatə etmişdir. Hz. Ömər xəlifəliyi dövründə bu razılaşmaların hamısına sadiq qaldı. Hətta III Nasturiya patriarxının bu fəthlərdən sonra dostuna yazdığı bir məktub müsəlman rəhbərlərin əhli-kitaba qarşı mərhəmətini və mehribanlığını bir xristianın dilindən bildirməsi baxımından gözəl nümunədir: Məktubda qeyd olunur: “Allahın iradəni özlərinə verdiyi bu ərəblər bizə əsla zülm etmədilər. Həqiqətən onlar dinimizə, din xadimlərimizə, kilsə və monastırlarımıza hörmət göstərdilər…”

      Bütün bu nümunələr Allahın Quranda möminlərə əmr etdiyi ədalətin bir-bir həyata keçirilməsidir. Allah (c.c) bir ayədə belə buyurur:

      “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidən və görəndir.”

      Çox təəssüflə qeyd etməliyik ki, İslamın aşıladığı əxlaqı dərk etməyənlər belə təsəvvür edirlər ki, İslam zorla qəbul etdirilmişdir. Ancaq müsəlmanların fəth etdiyi ölkələrdə İslamı zorla qəbul etdirmələri şəklindəki yanlış təsəvvür Qərb tədqiqatçıları tərəfindən də rədd edilmiş, müsəlmanların adil və mehriban davranışı hər kəs tərəfindən təsdiq olunmuşdur. Belə ki, avropalı bir tədqiqatçı L. Braun bu vəziyyəti belə etiraf edir: “Doğru olmasına şübhə edilməyən həqiqətlər müsəlmanların getdikləri yerdə xalqı qılınc gücü ilə İslama gətirməsi barədəki xristian mənbəli iddiaların kökündən əsassız olduğunu sübut etməkdədir. Fəthlərin arxasındakı dinamik amil onların xalqları çağırdıqları İslam (sülh) qardaşlığı idi… Bax, bu qardaşlığın ölçüsü də İslamı qəbul edənlərlə birlikdə sürətlə böyüyürdü.”

       

      • Hits: 602 clicks

      Tecox component by www.teglo.info