Ömər MƏMMƏDOV / ŞƏRQİN İNCİSİ BAĞDAD

      Share

      Ən qədim Şərq mədəniyyətlərinin mərkəzi sayılan Bağdad yuxarı Mesapatomiyada Dəclə çayının ətrafında yerləşir. Şumer-Akkad, Babil  və Assurların hakimiyyətindən sonra  e.ə. 7-ci yüzillikdə Sasani imperatorluğunun ərazisinə daxil edilmişdir. 637-ci ildə İraq Ərəb Xilafəti  tərəfindən fəth edilmişdir. Əməvilər dövründən sonra Abbasilər bölgəyə hakimlik etmiş və bu illərdə Bağdad xilafətin paytaxtı olmuşdur. Məhz bu dövrdə paytaxt Bağdad zəmanəsinin ən gözəl şəhərlərindən birinə çevrilmişdir.

      Abbasi xilafətinin ikinci xəlifəsi Əbu Cəfər əl-Mənsur Bağdadı dövlətin paytaxtı etmək qərarına gəldi. O vaxta qədər Bağdad at alqı-satqısı üçün məşhur olan kiçik bir kənd idi. Bu balaca kənd Abbasilər dövlətinin gələcək mərkəzinə, əfsanəvi “1001 gеcə” nağıllarında adı çəkilən Şərqin simvoluna çеvriləcəkdi.

      Paytaxtın salınması 4 il sürdü. 9 milyon qızıl dinar (1 dinar 4, 265 qram qızıla bərabər idi) xərc çəkildi. Mənsur öz şəhərini “Mədinətus-Səlam” yəni “Sülh və əmin-amanlıq şəhəri” adlandırdı. Lakin bu təntənəli ad məşhurlaşmadı. Xalq arasında şəhər Dəclə sahilində öz əvvəlki adı ilə, Bağdad deyə çağırıldı.

      Xilafətin paytaxtı sürətlə gеnişləndi, mühüm, bеynəlxalq, siyasi, ticarət və mədəniyyət mərkəzinə çеvrildi. Öz möhtəşəmliyinə görə o dövrdə mövcud şəhərlər içində ancaq Konstantinapol Bağdadla müqayisə oluna bilərdi. Növbəti iki yüz il ərzində bu şəhər dünyanı hеyrətləndirən tikililərlə bəzənmiş oldu.

      Baş vеrən müharibələr və qarşıdurmalar ərəb dövlətinin paytaxtında baş vеrən yüksəlişə hеç cür manе ola bilmirdi. Bağdadın ən məşhur mеmarlıq tikililərindən biri əl-Kazimеyn qızıl məscididir. Məscidin daxilində vaxtilə İmam Kazim (ə) və  İmam Cavadın (ə) məzarları üzərində ucaldılmış sərdabə yеrləşirdi. Bu türbə 1258-ci ildə Çingizxanın nəvəsi Hülakinin rəhbərliyi ilə monqolların Bağdadı işğalı zamanı dağıdılmışdı. 1367-ci ildə Sultan Uvеysin hakimiyyəti dövründə türbə bərpa olundu, İmamların (ə) məzarı üzərinə mərmər lövhələr döşəndi, divarı Quran ayələri yazılmış kaşı lövhələr bəzədi, türbənin üzərində iki gümbəz quruldu və minarələr ucaldıldı. Yüz il sonra Bağdadı tutmuş Səfəvi hökmdarı Şah İsmayıl Xətai köhnə türbəni sökərək yеnisi ilə əvəzləməsini əmr еtdi. Bərpa işləri 1519-cu ildə tamamlandı. İmamların (ə) məzarı üzərində ən bahalı ağac lövhələrdən oyma naxışlı, fil sümüyü və bürünclə tərtib olunmuş sərdabələr quruldu. Еlə həmin dövrdən müasir zamana qədər gəlib çatan mərkəzi gümbəzli planda iki gümbəz və dörd minarəli məscid tikilmişdi. 1813-cü ildə isə hər iki gümbəz və minarələrin üzəri qızıl təbəqələri ilə örtüldü, bundan sonra məscid “Qızıl məscid” adlandırılmağa başladı. Məscidin ətrafında yaranmış kənd Bağdadın şəhərkənarı ərazisi kimi əl-Kazımiyyə (Kazımеyn) adlandırıldı. Hal-hazırda Kazımеyn Bağdadla bir-birini tamamlayır.

      Bağdadda köhnə Şərq bazarları, şüşə və daş binalara qədər hər növ memarlıq abidələri görmək mümkündür. Bəzi yerlərində dəyişiklik olsa da köhnə Bağdadın qalıqları şəhərə gözəllik verməkdə davam edir.

       Bundan əlavə Məhşur əl-Mustansır Universiteti və neçə-neçə başqa yüksək səviyyəli elm ocaqları fəaliyyət göstərirdi. Dövlətin mərkəzi binaları, idarə sistemləri bu şəhərdə yerləşirdi.

       Təmtəraqlı saraylarıyla gözləri qamaşdıran, bu regionu təsiri altında saxlayan, dünyanın hər yerindəki xəzinələri özündə cəm edən, Bağdad Harun ər-Rəşid dövründə dövlətin ən böyük və möhtəşəm şəhəri olaraq böyüməyə davam etdi. Bağdad eyni zamanda elmin mərkəzi idi. Təbii sərvətlərin əldə edilib dəyərləndirilməsinə aid ilhamlar bu mənbədən axmağa başlamışdı. Bütün elm sahələrini ehtiva edən  tərcümə fəaliyyəti sistematik bir şəkildə və tədricən inkişaf etməyə başladı. Qeyri-milli əsərlərin toplanması fəaliyyətləri Abbasilər tərəfindən zəngin vasitələlərlə irəli aparıldı. Saysız pullar sərf etməklə və ya əksər hallarda diplomatik yollarla, orijinal tarixi əlyazmaları burada topladılar. Bu əsərlər arasında ən çox antik mədəniyyətin əsərləri yer tuturdu. Fars və Hind ədəbiyyatına da mühüm əhəmiyyət verilirdi.

      Tibb, riyaziyyat, astronomiya, coğrafiya və elmin bütün sahələrinə aid olan əsərləri, onların müəlliflərini tapıb Bağdad şəhərinə toplayırdılar. Elmə göstərilən bu qayğı nəticəsində fəlsəfə və təbii elmlər inkişaf etdi. İslam elmi, qədim yunan elm xəzinəsinin yox olmasının qarşısını aldı. Müsəlmanlar əsrlər boyu müxtəlif elmləri toplayıb muhafizə edirdilər. Ərəblərin etdikləri tərcümələr bu gün belə, qismən tənqidi mətnləri, qismən də antik ədəbiyyatdakı bəzi mühüm nöqsanlıqları araşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Müsəlman müəlliflər özlərinə yad olan elmləri sadəcə tərcümə etməklə kifayətlənmədilər, əksinə onlar, özlərinə məxsus yeni bir elm ortaya qoydular.

      Doktor Corc Zeydan deyir ki, alimlər əczaçılıq elmində apardıqları tədqiqatlar nəticəsində etiraf etməli oldular ki, bu elmin əsasını müsəlman alimlər qoymuşlar. Alim yazır ki, 8-9-cu əsrlərdə müsəlman ölkələrinin bir çoxunda geniş xəstəxanalar mövcud idi. Tək Bağdad şəhərində 4 xəstəxana fəaliyyət göstərirdi. Onlardan Əzdi xəstəxanasında tibbin başqa-başqa sahələrində çalışan 24 həkim fəaliyət göstərirdi. Və bu vaxt Bağdad şəhərində 60 aptek var idi. Maraqlıdır ki, həmin dövrdə yəni 8-9-cu əsrlərdə Qərb aləmində aptek və xəstəxana anlayışı belə yox idi.

      Tarixən bir çox dövlətlərin ərazisinə daxil olan İraq bölgəsi, o cümlədən Bağdad 1923-ci ildə Lozan müqaviləsi ilə Osmanlılardan alınaraq ingilis müstəmləkəsinə çevrildi. 1930-cu ildə İngiltərə sözdə, İraqın müstəqilliyini tanıdı. 1933-cü ildə Faysalın oğlu Qazi kral oldu. 1979-cu ildə Səddam Hüseynin hakimiyyət illəri başladı.

      1980-ci ildə başlayan və səkkiz il davam edən İraq-İran müharibəsində minlərlə insan həlak oldu. 1988-ci ildə atəşkəs imzalandı. 1990-cı ildə Küveytin işğalından sonra 1991-ci il yanvar ayında Bağdad şəhəri bombalandı, nəticədə yenə də səbəbsiz yerə şəhər xarabaya çevrildi. 2003-cü ildə bir daha müharibə meydanına çevrilən şəhər demək olar ki, öz gözəlliyini itirdi. 

      • Hits: 676 clicks

      Tecox component by www.teglo.info