Fazil MUSTAFA / 20-ci ƏSRİN ƏVVƏLLƏRİNDƏ MEHMED AKİF VƏ AZƏRBAYCAN TÜRK YAZIÇILARI ARASINDA DÜŞÜNCƏ VƏ İDEAL BAĞLARI

      Share

       20-ci əsrin əvvəllərində Türk dünyası ümumiyyətlə iki imperatorluq və İran dövləti sərhədləri arasında iştirak edən bir coğrafiyada varlığını davam etdirirdi. Osmanlının Ərəb dünyası ilə münasibətlərinin pisləşdiyi dövrdən etibarən Rusiya türkləri ilə Osmanlı türkləri arasındakı əlaqələr özünü daha çox büruzə verməyə başladı. Bunun ilk səbəbi Osmanlıda Türk birliyi düşüncələrinin siyasi məna qazanması idisə, ikinci səbəbi Rusiyada milli azadlıq hərəkatlarının vüsət tapması idi.

       İranda isə Məşrutiyyə hərəkatının başlamasında Osmanlı və Rusiyada ortaya çıxan demokratiya hərəkatlarının təsiri özünü göstərirdi. Bu bölgələrdə dərc olunan qəzet və jurnallar Türk coğrafiyasında sürətlə yayılmağa davam edirdi. Akifin Əşrəf Ədib bəylə birlikdə nəşr etdikləri Sırati-Müstəqim və Səbilürrəşad jurnalları Osmanlı hüdudlarının xaricində necə yayılırdısa, Əli bəy Hüseynzadənin "Füyuzat"ı, Ağaoğlunun "Həyat"ı, Mirzə Cəlilin "Molla Nəsrəddin"i eyni sürətlə Azərbaycan xaricində yaşayan türklərə çatırdı. Necə ki, Mehmed Akif Türk dünyasında şair, jurnalist və yazar şəxsiyyəti ilə tanınırdı, eləcə də Əhməd Ağoğlu, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq kimi Azərbaycan ziyalıları da şair, jurnalist, yazar, filosof şəxsiyyətləri ilə tanınmaqda idilər.

      Azərbaycanda Akif şeirindən təsirlənmiş ilk məşhur sima Akifin İstanbul Darülfünununda şagirdi olmuş Azərbaycanın məşhur şairi Hüseyn Cavid sayıla bilsə də, dünya görüşü olaraq ona yaxın mütəfəkkirlərin sayı çox-çox idi. Əsərləri müqayisə edərək bu təsirlənmənin ölçülərini təyin etmək çətin olsa da, ümumi bir yanaşmayla düşüncə yaxınlıqları və ideya birliyinin izlərini ortaya qoymaq mümkündür. Xüsusilə Səbilürrəşad bütün İslam dünyasında ən məşhur jurnal kimi Türk və İslam dünyasının müştərək dəyəri halına çevrilmişdir.

      Səbilürrəşad Azərbaycan-Türk ziyalıları tərəfindən yaxından izlənilirdi. Bununla yanaşı Hüseyn Cavidin Sırati-Müstəqimdə üç şeiri nəşr olunmuş, Əhməd Ağaoğlunun da Türkiyəyə yeni gəldiyi vaxt  siyasi məqalələri Sırati-Müstəqimdə işıq üzü görmüşdür. Mövzu ilə əlaqədar Əhməd Ağaoğlu deyirdi: “O zaman Sırati-Müstəqim bizim Azərbaycan tərəflərində çox oxunur və maraqla qarşılanırdı.”

      Akifin ədəbiyyata baxışları ilə Cavidin baxışları arasında da bir bənzərlik var. Akif üçün ədəbiyyat “ədəb” sözündən meydana gəldiyi üçün, nə qədər çılpaq təsvirlərlə olursa-olsun bu ədəb ölçülərindən kənara çıxmamalıdır. Bunun təsirindəndir ki, Hüseyn Cavid "Müharibə və ədəbiyyat" adlı məqaləsində belə ifadə edirdi: “Bir ölkənin əhval-ruhiyyəsində fənni-tərbiyənin, ədəbiyyat və fəlsəfənin təsiri inkar olunmayacaq məsələlərdəndir. Ədəbiyyat bir millətin əhval-ruhiyyəsini əks etdirir. Əgər bir millətin fəlsəfə və ədəbiyyat kitabları xəyalpərvər, laübali qələmlərlə yazılmışsa, şübhə yox ki, o millət, o nəsil cərəyana tabe olub həmişə o yolda gedəcək. Bir ölkənin, bir xalqın yüksək əxlaqa, yüksək şüura malik olmasına və ya əksinə, bir ölkənin, bir millətin əxlaqının tamamilə pozulmasına səbəb hər şeydən əvvəl ədəbiyyat və fəlsəfədir."

      Əhməd Ağaoğlu Sırati-Müstəqimdə nəşr olunan yazıları diqqətlə izlədiklərini, xüsusilə Məhəmməd Abduhun məqalələrini çox əhəmiyyətli gördüklərini və jurnaldakı bir çox məqaləni iqtibas etdiklərini ifadə edir. Bilindiyi kimi, Akifin çox istifadə etdiyi ərəb filosofu Məhəmməd Abduhun Pan-İslamist proqramı bu əsaslara söykənirdi: -İslam dinində bu dinin qaynağındakı  orijinal şərtlərinə bağlı qalmaq surətiylə bir islahat etmək; -Ərəb dilinin yeniləşdirilməsi;  -Hökumətə qarşı xalqın haqlarının müəyyənləşməsi;  -Qərb mədəniyyəti aləminə qarşı İslam ölkələrinin birləşdirilməsi.  Bu əsaslar Akifi 1908-ci ildən sonra meydana çıxmağa başlayan, Balkan və Dünya Müharibəsi illərində inkişaf edən İslamçılıq məfkurəsinin qaynağına çatdırır. Təbii ki, “Ərəb dilini yeniləmək” ideyası nəzərə alınmasa, Akifin bu mefkurəsini reallaşdırmaq üçün izlədiyi yol sözügedən mövzusu əsaslanır.

      Akifin məqsədi İslam ölkələri arasında ən qüvvətli dövlət olan Türkiyənin, İslam Birliyi idealının reallaşdırılması üçün təşəbbüskar olmasıdır. "Süleymaniyyə Kürsüsü" nü İslam Birliyinin siyasi əsasını təşkil edən, Qərb mədəniyyət aləminə qarşı İslam ölkələrinin birləşdirilməsi fikirini belə müdafiə edirdi:

       

      Dul qaldı qadınlar, atasız qaldı uşaqlar;

      Bir  giryədə  min ailənin matəmi çağlar!

      Ən qanlı şənaətlə qovuldu vətənindən,

      Milyonla həyatın ürəyindən gediyor qan!

      İslamı əlindən tutacaq, qaldıracaq yox

       

      Eyni xətti böyük mütəfəkkirlər Əhməd Ağaoğlu və Əli bəy Hüseynzadə Azərbaycanda icra etməyə çalışırdılar. Təbii ki, Ağaoğlunun fikirləri ilə Abduhun fikirləri arasında bəzi fərqliliklər yox deyildi. Azərbaycanda panislamizmin ən aktiv nümayəndələri Ağaoğlu, Hüseynzadə, "İttihadi-islamçılar" və başqaları olmuşlar.

       

      1900-1920-ci illərdə Azərbaycanda panislamizmin, habelə pantürkizmin ideologiyası dini-siyasi məzmunda olan bir neçə kitabdan savayı ümumiyyətlə qəzet və jurnallarda təbliğ olunmuşdur. Panislamizm ölkədən kənarda bir ideologiya olaraq doğulduqdan sonra Azərbaycan da da ictimai fikirler üzerinde öz təsirini göstərməyə başladı. Bütün İslam dünyası kimi Türk dünyasında da Qərb mədəniyyəti qarşısında ya tam qəbul, ya tam rədd, ya da əsas inanc və əqidələri mühafizə etmək şərtilə islahatları müdafiə edən üç ayrı görüş vardı.

      Mehmed Akif və Sırati-Müstəqim üçüncü yolu müdafiə edirdi və Türk dünyasında bu xüsusiyyəti ilə geniş təsirə malik idi. Eyni təsbiti hələ 1907-ci ildə Əhməd Ağaoğlu da etmişdi. Ağaoğlu “İslamın yediyi yumruğun səbəbləri”, “onun acınacaqlı vəziyyətdən çıxış yolları” ilə əlaqədar bu izahı verir: “Avropanın təzyiqi ilə sarsılmış və heyrətə düşmüş müsəlman dünyası öz fəlakətinin səbəblərini axtarışa başladı və bu təhlil müsəlmanlar arasında üç istiqaməti ortaya çıxardı: 1) Həddindən artıq mütərəqqiçilər (və ya yeni müsəlmanlar) 2) Həddindən artıq mühafizəkarlar (və ya köhnə müsəlmanlar) 3) Panislamçılar. Birincilərə görə, “bütün həyat tərzi Avropadan iqtibas olunmalı və ona uyğun dəyişdirilməlidir.”  Ə. Ağayev onların əsas səhvini “siyasətdən başlamış olmalarında” görürdü. Lakin Ağayevə görə “Müsəlman Aləmi” Avropa demokratik quruluşu üçün hazır deyildi. O, bu mənada Mithat Paşanın adı ilə bağlı olan Konstitusiyanı (1876-1878) “Gənc Türklərin səhvi” olaraq görürdü.  Ağayev həddindən artıq mühafizəkarların da Avropa və onun mədəniyyətinin təsirlərinə ikrah hissi ilə yaxınlaşmaq istəyini tənqid edirdi. Ağayevə görə hər iki cərəyanın müsbət istiqamətləri olsa da yaşanan həyatdan uzaq və gələcəyi olmayan bir xüsusiyyətə sahib idilər. Birincilər müsəlman aləminin həddindən artıq sürətlə inkişafını tələb edir, “həddindən artıq ideyalara”, yəni inqilabçı fikirlərə meyil edərək “mücərrəd ideyalar aləmində” fırlanıb qalır, ikincilər isə zəmanəylə ayaqlaşa bilmirdilər.

      Ə. Ağayev müsəlmanların Türkiyənin öndərliyində birləşməsini təklif edir, “İslamın nicat tapmasının yeganə yolunun Avropaya üstünlük verən bütün həyat ünsürlərini, onun universitet və məktəblərini, siyasi və inzibati həyatını ağla uyğun və ehtiyatlı şəkildə müsəlman zəmininə oturtmaq lazımdır. Ağıllı ünsürlər hər iki aşırı cərəyanı birləşdirəcək və hər iki tərəfi razı sala biləcək elə bir yol- fikir yaratmağı düşünməlidirlər ki,  bu da panislamizmdir".

         Türk dünyasının böyük şairi Mehmed Akifin insan modeli ilə dövrün Azərbaycanında yaşayan romantik şairlərin insana baxışı arasında isə fərqliliklər də görülməkdədir. Hər halda Azərbaycan romantikləri İslamı Türklükdən sonrakı əhəmiyyətli bir halqa kimi görərək, dini ciddi bir reallıq qəbul edərək Türkçülük siyasətindən ayırmırdılar. Digər tərəfdən yaradılan ədəbi qəhrəmanların hamısında humanizm motivi açıqca özünü göstərirdi.

      Akif isə hər şeyin üzərində, hətta milli duyğunun üzərində İslam əxlaqının üstünlüyünü qəbul edirdi. Bu, Osmanlıçılıq duyğusunun ağırlıq təşkil etməsi ilə də əlaqələndirilə bilər. Çünki Osmanlı İslamın dünyaya açılışının təşəbbüskarı kimi əhəmiyyətlə qarşılanırdı və Akif də bu tarixi fakta isnad edirdi.                                                                                                                                                                                                                                                                                         

      Akif qövmiyyət fərqi güdülməsini istəməyən, bunu İslam Birliyi idealının reallaşması üçün ən böyük təhlükə sayan panislamistlərə daxildir.

       

      “Turan Eli adıyla bir əfsanə edindik;

      "Əfsanə, fəqət qayə!" deyib azmı didindik?"

       

      misralarıyla, Turançılıq məfkurəsinə qarşı çıxırdı.

       

      “Millət yoludur, haqq yoludur, tutduğumuz yol,

      Ey Haqq yaşa, ey sevgili millət yaşa, var ol!”

      deyən və Akifin ideologiya əleyhdarı sayılan Tovfiq Fikrətdən daha çox təsirlənən Hadi isə dünya görüşünün ümumi xətləri etibarilə Akifə daha yaxın bir yolda idi.

      Bəxtim kimi olsun kəfənim, yəni siyəhnak

      Heykəl dilemem, heykəli kəbrimdir o əflak

      Millət işıq olsun, meni udsun bu siyah xak

      Ancaq dilərəm qövmüm ola sahibi idrak

      İdrakı olanlar məni sonra qanacaqdır

      Bir qövmü dirildən də cahanda qanacaqdır.”

      misralarıyla Hadidə milli dirçəliş anlayışının önə çıxdığını görürük. Hadi müsəlmanlığın əhəmiyyətini, əxlaqi ağırlığını anlayır, lakin bunu birlik modeli olaraq qeyri-mümkün görürdü. Buna görə də konkret olaraq öz cəmiyyətinin azadlıq idealını önə sürürdü:

       

      Hürriyyət ilə millət edər kəsbi-məali,

      Hürriyyət ilə mülkün olur qiyməti ali,

      Avropalı hürriyyət ilə tapdı kamali

      Əlbəttə, əsarətlə olur məhv əhali,

      Hürriyyəti sərbəstlik imrani-vətəndir.

      Amma bütün hallarda o da Akif kimi İslam əxlaqının millətin hər bir insanı üçün qaçınılmaz olduğu fikirindədir:

      Əsasi-şərimiz cövdət, hamiyyət, səyü qeyrətdir,

      İlahi, bəxtiyar olsun o kəs kim, əhli-himmətdir,

      Vücudi alemi-İslam üçün fəxri-şərafətdir,

      Buyurmuş fəxri-aləm əşxiya əshabi-cənnətdir.

      Hədisi-Mustafaya qəlbü vicdanlar inanmazmı?

      Açıldı sübhi-sadiq, həbdən millet oyanmazmı?

       

      Azərbaycan reallığında cəmiyyətin məzhəb ayrılıqları o qədər təhlükəli ölçülərə çatmışdı ki, dövrün ziyalılarının çoxu kimi Hadi də əvvəlcə məzhəb fərqi olmadan millətin bir dini fikirdə birliyini daha çox müdafiə edirdi. Necə ki:

      Nə sünni-şiə var Quranımızda,

      Uxuvvət ləfzi var furqanımızda.

      deyərkən bunu əsas tutmağı əhəmiyyətli sayırdı.

      Əhməd Ağaoğlu isə başqa Azərbaycan mütəfəkkirlərindən fərqli olaraq  İslam əxlaqının prioriteti mövzusunda Akifə daha yaxın bir xətdədir. Ona görə: “turanlılar İslama sahib olduqdan sonra özlərinə gəldilər, möhkəmləndilər. O, dini cəmiyyətin dayağı olaraq adlandırır və dini, dini ideologiyanı müstəqil bir proses” kimi görürdü.

       

      Milliyyətçi xəttə daha yaxın olan Əlibəy Hüsynzadə də əvvəllər buna yaxın fikirləri paylaşırdı. Necə ki, “Məcnun və Leylayi-İslam” adlı bədid-fəlsəfi traktatda İslamı “yaşıl rəngli, zümrüdü bir işığın nuru ilə bürünmüş qayəti-hüsna bir qız”a bənzədirdi. “Çox qəribə libaslı bu qızın başında Osmanlı bayrağına bənzər, ay-ulduzla bəzənmiş qırmızı bir örtü, əynində yaşıl rüba, sinəsində sıyırma ilə işlənmiş bir şiri-xurşid əlaməti görünür. Bu qız xəstə “İslam”dır. Təbibin yanına gəlib, “Mən İslamam, mən xəstəyəm” deyir. Təbib “Heç İslam kimi qüsursuz bir din xəstə olarmı?” deyə soruşur. Qız: “Mən İslam dini deyiləm, mən “İslam-siyasi”, daha doğrusu “İslam-coğrafiyasıyam”. İslam təbibi onun xəstəliyini müayinə edir və çağla ayaqlaşmaq kimi bir vəzifəsinin olduğunu ifadə edir.

      Əlibəy Hüseynzadə müstəqil Azərbaycan təsəvvür etmirdi. Ona görə Azərbaycanın da bu və ya başqa bir “böyük dövlətin” himayəsinə sığınmaqdan başqa çarəsi yoxdur. Onun “böyük dövlətlər nəzəriyyəsi” sonra panislamizm siyasəti ilə birləşirdi. Onun fikrincə İslamı qəbul etmiş bütün xalqlar, millətlər milli istiqlaliyyət və muxtariyyət fikrindən vaz keçməli, “böyük bir müsəlman dövlətinin” ətrafında və himayəsində birləşməli idilər. Bu vahid İslam dövlətinin başı Osmanlı, ürəyi İran, qalan müsəlman dövlətləri isə onun üzvləri olmalıdırlar.

       Bir reallıq da unudulmamalıdır ki, Azərbaycan romantiklərində İslamçılıq və Türkçülük sistemli bir baxış deyildi, dövrün pangermanizm, panslavizminə qarşı yaranmış bir təəssübkeşlik idi.

      Harun Bəy Sultanov kimi bəzi mütəfəkkirlər də İslam birliyini sosializm şüarı altında müdafiə edirdilər. Avropadakı xristian sosializminə qarşı türklərlə ərəblərin vahid dövlət halında birləşdikləri müsəlman sosializmindən bəhs edirdi.

      Ümumiyyətlə mövzunu yekunlaşdırsaq, böyük türk yazıçısı Akiflə 20-ci əsrin başlarında doğulmuş olan Azərbaycan-Türk yazıçıları arasında möhkəm fikir və ideal bağları meydana gəlmiş, bu isə özbaşına Azərbaycan ictimai fikirinin inkişafında əhəmiyyətli bir rol oynamışdır.

      • Hits: 918 clicks

      Tecox component by www.teglo.info