155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Nurlan MƏMMƏDZADƏ / QEYRƏTLİ BABALARIN MİRASI, AĞBİRÇƏK ANALARIN DİLİ – ANA DİLİMİZ

      Share

      Haqqında danışdığımız dil ünsürü Allahın Hz. Adəmi yaratması ilə formalaşmış və yer üzündə müxtəlif mərhələlərdən keçərək get-gedə inkişaf edərək bugünkü halını almışdır. Dilimiz vasitəsiylə danışırıq və danışmaq sifəti Allahın insane oğlunda təcəlli edən Kəlam sifətinin bir parçasıdır. Danışmağı ilk insan olan Adəm (ə.s)-a birbaşa Uca Yaradan özü öyrətmişdir. Allah-Təala Qurani-Kərimdə bu haqda belə buyurur: (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün əşyaların adlarını (isimlərini) öyrətdi…” (əl-Bəqər, 31) Müfəssirlərin bir çoxuna görə burada Allahın adları öyrətməsindən məqsəd həm dillər, həm də varlıqların mahiyyətini əhatə edir. Elmalılı Hamdi Yazır ayənin təfsirində belə yazır: “Dil xüsusunda bütün insanların zamanımıza qədər bir-birindən fərqlənmə və inkişafı əsas etibarilə Hz. Adəmə əşyaların adının öyrənilməsi hadisəsinə borcludur.”

      Dil insanlar arasında ünsiyyət vasitəsidir. Bu baxımdan Allahın insan oğluna bəxş etdiyi ən böyük nemətlərdən sayılır. Klassik mütəfəkkirlərimiz insanın tərifini verərkən “insane danışan canlıdır” demişlər. Deməli, insanı digər məxluqatdan ayıran ən mühüm xüsuslardan biri də dildir. Danışmaq amili hər bir insanın fitrətində proqramlaşdırılmış bir fenomendir. Biz insanlar bir ehtiyacımız olduqda, bir yerimiz ağrıdıqda, sevdiklərimizə sevgimizi, düşmənlərimizə nifrətimizi etiraf etdikdə dilimizdən istifadəe dirik. Məhz bu baxımdan dil bizim üçün əvəzolunmaz nemətdir. Necə də diqqətə layiqdir ki, xammalı eyni olan bir ət parçasından ibarət orqanın hərəkət etməsiylə müxtəlif səslər, müxtəlif dünya dilləri meydana gəlmişdir. Ümumilikdə götürsək hər dildə demək olar ki, ağızdan çıxan səslərin 80 faizi bir-biriylə eynilik təşkil edir. Bu qədər eynilik və yaxınlığa baxmayaraq danışılan dillər bir-birindən fərqlənir. Bu gerçəyi Allah-Təala Qurani-Kərimdə belə izah edir: “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!” (ər-Rum, 22) Bəli, dillərin müxtəlifliyi Onun əsəridir, Onun qüdrət nişanəsidir. Bizi qəbilələrə və xalqlara ayıran Yaradan ünsiyyət etməmizi və qaynayıb qarışmağımızı murad etmişdir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.” (əl-Hucurat, 13)

      Hər bir xalqın, millətin öz ana dili və bu dilin də bir sıra özünəxas cəhətləri, xüsusiyyətləri var. Dilin pozulmaması o millətin varlığının bir isbatıdır. Buna görə də hər kəs öz ana dilinə sahib çıxmalıdır. Dilin yeniliklərindən, xüsusiyyətlərindən xəbərdar olmaq bir insanın dilini qorumasıdır. Dilin qorunması insanın Vətəninə, dövlətinə, atalardan qalan mirasına sahib çıxması mənasına gəlir. Çünki dil ataların bizə qoyduğu mirasdır. Çünki dil dövlət atributudur. Bir insanın dilinə sahib çıxması ana kimi müqəddəs varlıqlara, ülvi dəyərlərə sahib çıxması deməkdir. Çünki hər kəsin danışdığı dil onun anasının dilidir, ana dilidir.

      Burada bir məsələni də vurğulamaq yerinə düşər ki, Axırzaman Nəbisi Həzrət Məhəmməd (s.ə.s)-in ən böyük möcüzəsi Qurani-Kərimdir. Quranın möcüzə oluşunun önəmli ünsürlərindən biri isə onun dil cəhətdən ən yüksək səviyyədə çıxış etməsidir. Dilin ən bəlağətli üslublarından istifadə etməsidir. Bu da öz növbəsində dilin əhəmiyyətinə diqqət çəkir. Deməli, Quranı dərindən qavramaq dili səlis bilməyə bağlıdır. Elə isə hər bir müsəlmanın Allahdan göndərilmiş olan müqəddəs kitabı – Quranı dərindən öyrənməsi birbaşa öz ana dilini və təbiri caizsə Quranın ana dili sayıla biləcək ərəb dilini öyrənməsinə bağlıdır.

      Danışdığımız dil bizim ən böyük sərvətimizdir. Sərvətimizi yadelli ünsürlərin təsirindən qorumaq tarixi borcumuzdur. Bu və bu kimi ülvi mirasımızı ulu əcdadımızdan necə almışıqsa eləcə də gələcək nəsillərə ötürməliyik. Hər kəsin necə ki özündən sonra qoyub gedəcəyi övladına mal miras qoymaq kimi dərdi var, eləcə də danışdığımız ana dilimizi, vətən torpaqlarını, milli-mənəvi dəyərləri gələcək nəsillərə çatdırmaq bir nömrəli dərdimiz olmalıdır. Gəlin, dilimizə sahib çıxaq, onu gələcək nəsillər üçün qoruyub saxlayaq!

      • Hits: 963 clicks

      Tecox component by www.teglo.info