Qarabağ Həsrəti və Biz / Abdullah VƏFALI

      Share

      Qarabağ həsrəti... Nə qədər də asan səslənir dildə, elə deyilmi? Bəlkə də hər gün eşidirik yüzlərlə bunun kimi sözləri... Lakin bu həsrətin acısını onu çəkənlərdən başqası necə duya bilər ki?!

      İllərlə əlləşə-əlləşə, dırnağınla yer eşərək tikib-qurduğun ev-eşiyindən, bağ-bağatından, neçə nəsil ulularının qəbrlərindən, doğulub boya-başa çatdığın, torpağı-suyu ilə yoğrulduğun, ana nəfəsitək nəvazişli, mülayim havasına öyrəşdiyin el-obanı bir gecədə qoyub getmək... "Ana, biz hara gedirik?" - deyən məsumların o kədərli  baxışlarına insan qəlbi dözərmi heç?..

      Kimi qoca, kimi cavan, kimi körpə çağalar,

      Denən mənə, qoca dövran, yaram haçan sağalar?

      Qaçarkən çöllərdə, meşələrdə donub-ölən, Arazlarda axıb-gedən minlərlə insan... Sağ-salamat çıxanlardan neçə-neçə zəlil qalmış, yataqlara düşmüş xəstələr, neçə kimsəsiz körpələr... Qara səmum yelinin yaladığı düzlərdə, səhralarda var-yoxsuz, qışın oğlan çağında, heyvanların belə yuvalarından çıxmağa tənbəllik etdiyi qarlı-boranlı soyuqda bir qat çadırda yarıçılpaq, bəzən yeməyə bir tikə quru çörək tapa bilməyən yurdsuzlar... Saymaqla bitməyən, vicdanları susduran, qəlbi sızladan neçə-neçə dəhşətli səhnələr...

      Hardan gəldi bütün bunlar başımıza? Bəlkə elə günahkar biz özümüzük? Yoxsa bizi Haqdan uzaqlaşdıranlarmı? Biz ki, müsəlman idik, ermənilərsə... Nə isə!..

      Mənə elə gəlir ki, bütün bunlar bizi "Biz"dən uzaqlaşdıranların günahlarıydı, amma nə isə bizim başımızda çatladı hər şey...

      Yaxşı, bəs biz bir zamanlar kim idik? Qoy bunu ötən əsrimizin hələ ilk çağlarında repressiyaya məruz qalmış başbilənlərimizin bilinməyən qəbirləri söyləsin! Bəli, Hz. Peyğəmbərimizin (s.ə.s) ifadəsilə bir xalqa üz göstərən ən böyük müsibət  o xalqın başbilənlərinin, alimlərinin məhv edilməsidir. Bizə də yaşatdılar bu müsibəti... Əvvəlcə ən böyük din xadimlərimizi, alimlərimizi qopardılar bizdən, sonra da cahil mollalarla bizi "Biz" edən dinimizi bizə boş cəfəngiyyatlar və xürafələr kimi göstərdilər. Nizamiləri, Füzuliləri, Firdovsiləri oxuduq, amma anlamadıq onları...

      Açdığımız kitabların hələ girişlərində "böyük ateist şair" kimi qələmə verdilər ömrünü Allaha həsr etmiş o mübarək insanları bizə... Necə deyərlər, Allahla aramıza qapqara bir pərdə çəkdilər. Hələ indi də çoxumuz bu pərdəni yırtıb gün kimi parlayan həqiqətləri seyr edə bilmirik... Amma biz belə deyildik bir zamanlar... Bir anlığa orta əsrlərə gözucu  nəzər salsaq, görərik orada "özümüzü"... Hər kəs bir əzan səsinə malı-pulu piştaxtasının üstündə məscidlərə qaçır, neməti verənin qarşısında səcdə edib şükr edir, bu dünya səltənətinin Onun mülkü olduğunu dərk edir... ağzı dualı, dili Quranlı "Biz"lər... Yaradan da bərəkət verirdi malına-övladına... Hardan idi bu qədər inam, camaatın bir-birinə bu qədər etibarı?

      Bunlardan günlərlə, bəlkə aylarla danışsan, qurtarmaz. Amma bizi qoymadılar "Özümüz" olmağa...Aldılar bizdən Qur`anımızı, zorla nankor etdilər bizi... Allahın ana  bətnində tərtəmiz yaratdığı, dünyaya mələklər qədər pak və günahsız göz açan neçə-neçə məsumlarımızın "beynini oğurladılar", öz Yaradanını inkar etdirdilər onlara... Beləliklə asta-asta "imansızlaşdırdılar" bizi... Maddədən başqa bir şey görə bilmədik... Ucsuz-bucaqsız kəhkəşanın sahibini, zərrədən-kürrəyə hər şeyi ağılları susduran, nitqləri qurudan bir sistem içində Yaradanı və yürüdəni görmədik.

      Ulduzları, Günəşi, Ayı təsbeh dənələritək sapa Düzəni, bitkini, heyvanı, suyu, torpağı bizə xidmət Etdirəni "təbiət" adlandırdıq. Görə bilmədik bunların arxasındakı sonsuz Qüdrəti, ağılsız heyvanlardan şəfalı süd çeşmələri axıdan İlahi Rəhməti, zəhərli bir böcəkdən yüz cür dərdin dəvası şərbət çıxaran və saymaqla tükənməyən nemətləri, bizə heç nə istəmədən, havayı verən nəhayətsiz ehsan sahibini, görmədik anamızın bətnində ikən, hər şeydən xəbərsizkən bizə qüsursuz əl-ayaq, doğulacağımız dünyanı seyr edib ibrət almaq üçün nurlu gözlər, gecə-gündüz dayanmadan və bizdən xəbərsiz işləyən, yumruq boyda olmağına baxmayaraq heç bir mühərrikin, fabrikin-zavodun görə bilmədiyi işi görən, yetmiş-səksən, hətta yüz-yüz əlli il bizi canlı saxlayan, ölməyə qoymayan qəlblər bəxş edən Rəbbimizi...

      Ata-babalarımızın namaz qıldığı, ibadət etdiyi məscidlərimizi kolxozun buğda anbarlarına, sabun dükanlarına, hərdən də muzeylərə çevirib məscidlikdən çıxardılar oraları... Məscid "səcdə edilən yer" deməkdir. Lakin səcdəni də unutdurdular bizə... Dərk etməz olduq, namazı da, səcdəni də...

      O qədər uzaqlaşdıq ki, "özümüzdən", dünyada nə üçün yaşadığımızı belə dərk edə bilmədik..." Olmadı sirrini açan, sehirli qaldı dünya"- deməyə başladıq axırda... Tanımaz olduq dünyanın sirlərini açanları, həqiqət carçılarını, Allahın mübarək elçilərini... Bizə nə demək istədilər peyğəmbərlər, bilmədik... Allahın bəşəriyyətə "Son Məktubu"nu (Quranı) torbaya saldıq, ağzını da iplə möhkəm bağlayaraq divarlarımızdan asdıq, xəbərsiz qaldıq içindəkilərdən... Oxuya bilmədik kainatın açılmış sirlərini... Xəbərsiz qaldıq Allahın Son Elçisinin (s.ə.s) bəyanlarından... Dünyanın əbədiyyət yolunun astanası olduğunu unutdurdular bizə...

      Gəlin indi özümüzə bir nəzər salaq! Axı biz möminik, hər sözünün başı-sonu "Allah" olan mömin... Biz bununla "Biz" olduq, bununla da olacağıq. Bizi yerimizdən-yurdumuzdan didərgin saldılar, hərəmiz bir tərəfə dağıldıq. Biz bu dünyamızı itirdik bəlkə, amma bu torpaqlar onlara da qalmayacaq, kimə qaldı ki, bu dünya, onlara da qalsın?! Yunus Imrənin bu sözləri necə də ibrətamizdir:

      Mal sahibi, mülk sahibi,

      Hanı bunun ilk sahibi?

      Bir gün hesabını verəcəklər zülmlə işğal etdikləri bu torpaqların...

      Nə bilmək olar, bəlkə də bu, bizim üçün daha xeyirli yolların açılmasına bir vəsilədir?!  "Hər şeydə bir xeyir vardır" buyurur Peyğəmbərimiz (s.ə.s). Çünki bir zamanlar onu (s.ə.s) da öz ana yurdundan - Məkkədən çıxarmışdılar. Ancaq o "Peyğəmbərlər Sultanı" Allahdan ümidini kəsmədi, çünki bilirdi ki, Allah haqqın tərəfindədir, O, səbr edənlərlə birdir. Beləliklə cəmi səkkiz ildən sonra yüz mindən artıq müsəlmanla birlikdə Məkkəyə qayıtdı.

      Haqqın düşməni çox olar, amma axırda uduzan da onlar olar. Təki haqqı bilək, Allahımızı tanıyaq, Qur`anı endirək divarlardan, çıxaraq onu ağzı bağlı torbalardan, biz də xəbərdar olaq dünyanın açılmış sirlərindən... Peyğəmbərimizi (s.ə.s.) öyrənib qayıdaq özümüzə...

      Biz də Allahın iznilə bir gün qayıdarıq torpaqlarımıza. Amma Onu tanıyaraq, "özümüzü" idrak edərək... Allahdan tezliklə torpaqlarımızın geri alınmasını, bizi də Onun yolunda yürüyən bəndələri olaraq vətənimizə qaytarmağı niyaz edərək burada sizinlə paylaşmaq istədiklərimə nöqtə qoymaq istəyirəm, əziz oxuyucular... Allah cümləmizi razı olduğu bəndələrindən eləsin!!!

       

      • Hits: 1111 clicks

      Tecox component by www.teglo.info