155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Əhməd Niyazov / Kredit, yoxsa Faiz?

      Share

      İslamın ticarət əxlaqında faizin haram bir alış-veriş olduğu hamıya məlumdur. Rəbbimiz Qurani-Kərimin bir neçə ayəsində belə buyurur:

      “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (əl-Bəqərə, 275)

      “Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (əl-Bəqərə: 278-279)

      “Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (Ali-İmran: 130)

      Bir hədisi-şərifdə Abdullah bin Məsud belə rəvayət edir: “Həzrət Peyğəmbər (s.ə.s) faizi alana, verənə, bu alış-verişə şahidlik edənlərə və bunu yazanlara lənət etdi”(Müslim, Müsaqat, 105)

      Qeyd etmək lazımdır ki, ayə və hədislərdə keçən “faiz/riba” alış-verişi daha geniş mövzuları əhatə etsə də, bunun bir növü də borc verilən puldan istifadə etdiyi üçün borcludan alınan əlavə məbləğdir. Yaxud nisyə müamilələrdən və borcdan meydana gələn faiz növüdür. Bu, eyni cins və ya eyni növ iki malın, ya da eyni sinfə daxil olan iki ayrı malın bir-biri ilə nisyə olaraq mübadilə edilməsiylə meydana gəlir. Məsələn, eyni pul vahidi olan manat alış-verişində verilən miqdarın eynisi alınmalıdır. Verilən miqdarın üstünə alınacaq hər miqdar faizdir.

      Köhnəsi və təzəsi, növü və keyfiyyəti nə olursa-olsun, mal mübadiləsində də eyni miqdar alınmalıdır, yəni 1 ton taxıl, ancaq 1 ton taxıl ilə dəyişdirilə bilər. Artığı faizdir.

      Onu da qeyd etmək lazımdır ki, verilən borc müqabilində borcluya hər hansı bir şeyi şərt qoşmaq da faizdir. Məsələn borclunun borcunu ödəyərkən bir də ziyafət şərt qoşulması əqdi faizə çevirər. Fiqh qaydalarında bu, “şərtli mənfəət faizdir” deyə qeyd edilir ki, (İbn Qudamə, əl-Muğni, 4/354; əl-Mevsili, əl-İxtiyar, 2/33) bunun əsası Həzrət Peyğəmbər əleyhissalamdan rəvayət edilən: “Mənfəət güdərək verilən hər bir borc faizdir.”(Süyuti, Camius-Sağir, 5/28) hədisinə dayanır. Ancaq bu da var ki, bunun əksi “şərtsiz mənfəət caizdir” qaydası, yəni borclunun borcunu qaytardığı vaxt yaxşılığa qarşılıq bir şey (hədiyyə kimi) verməsi  caizdir. Çünki borc verən bunu şərt qoşmamış və bundan xəbərsizdir. Hərçənd ki, alimlər kütləvi hal almasını əngəlləmək üçün bunu da tövsiyə etmirlər. Məlumdur ki, bu vəziyyət adət halını alsa borc verənin nə isə güman etməsinə səbəb ola bilər.

      Onu da qeyd etmək lazımdır ki, borc əsnasında qaytarma müddətinin şərt qoşulması haqqında ixtilaf olsa da, əksər alimlər bunu: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinizə borc verib aldıqda, onu yazın!”(əl-Bəqərə, 282) ayəsi ilə istisna edərək caiz görmüşdür.

      Kreditə gəlincə isə, bu da mal və ya pulun pul müqabilində müəyyən müddətə borca götürülməsidir. Pulun pula kreditlə götürülməsi yuxarıda qeyd edilən faizin özüdür və hökmü haqqında təkrar izaha ehtiyac yoxdur. Çünki pul krediti, pulla pulun alış-verişi və ya ticarətidir. Məsələn 1000 manat alınıb bir müddət sonra alınan yerə və ya fərdə 1200 manat ödənir. Bu misalda "pulla pulun alış-verişi"ndəki artıqlıq faizdir. Burda bəzi faiz əsasları olmaqla, faiz alan heç bir riskə girməyib, əmək sərfetməyərək, zəhmətsiz gəlir əldə edir, borclu isə zəhmət çəkərək (sərmayəsi batsa da əmlakından sataraq) nəyin bahasına başa gəlirsə-gəlsin faizçiyə sərmayədən artıqlaması ilə ödəmə məcburiyyətindədir. Bu, ədalətə zidd olmaqla yanaşı puldan bilavasitə pul qazanma baxımından istehsalın inkişafına da əngəldir.

      Malın pulla kreditə götürülməsi (nisyə və ya vədə ilə satış) İslam alimlərinin ixtilafına səbəb olsa da, müasir İslam alimləri də içində olmaqla üləmanın əksəriyyəti belə bir alış-verişi İslama uyğun hesab edir. Belə ki, onlara görə burada faiz əsasları olmadığından nisyə (kreditə) götürülən mal üçün ödənilən artıq pul faiz deyil. Digər cəhətdən nəğd yüz manata satılan bir malı, məsələn altı ay müddətinə yüz əlliyə sattığınız vaxt, bu "əlli" artıqlıq faiz deyil, vədə/müddət fərqidir. Yüzə aldığınız bir malı nəğd yüz otuza sattığınızda buradakı qazanc necə ki, faiz deyilsə, eyni malı vədəli/müddətli yüz səksənə sattığınızda da bu səksən manat faiz deyil, vədə/müddət səbəbi ilə müqaviləyə əsasən razılaşılmış daha çox qazancdır. (www.hayrettinkaraman.net/yazi/hayat2/0173.htm) 

      • Hits: 667 clicks

      Tecox component by www.teglo.info