Sədat DƏMİR / ELMDƏN MURAD

      Share

      İslam dininin, xüsusilə də Quranın elmə nə qədər dəyər verdiyini hər birimiz bilirik. “Heç bilənlərlə bilməyənlər bir olarmı?” və “Rəbbim, elmimi artır de!” kimi ayələrdən elmin və alimin dəyərinin böyüklüyünü anlayırıq. Hz. Peyğəmbərin də elmi, alimi və biliyi öyən bir çox hədisi vardır. O gözəl davranışında olduğu kimi bu mövzuda da elə bir addım atmışdır ki, dünya tarixində tayı-bərabəri yoxdur. Biliyə və elmə verilən qiymət mövzusunda tarixdən bir çox nümunə vermək mümkündür. Lakin aşağıda verəcəyimiz misal tamamilə fərqlidir.

      Hz. Peyğəmbərin yaşadığı dövrdə Ərəbistan yarımadasında hərb əsirləri ya öldürülür, ya kölə edilir, ya diyət ödəyib azadlığa qovuşur, ya da düşmən tərəfə əsir düşənlərlə dəyişdirilirdilər. Bundan başqa çıxış yolu yox idi. Diyət ödəmək istəyənlər də bir insanın dəyəri qədər bir qarşılığı maddi məbləğ olaraq ödəməli idilər. Maddiyyatdan başqa heç bir dəyər keçərli deyildi. Bədir döyüşündən sonra məkkəli müşriklərdən ələ keçirilən əsirlər arasından diyət borcunu ödəyə bilməyənlərə Hz. Peyğəmbər tarixdə misli görünməmiş bir dəyər daha qoydu: bilik, başqa ifadə ilə elm. Əsirlərdən oxuyub-yaza bilən hər biri on müsəlman uşağına oxuyub-yazmaq öyrədərsə, diyətini ödəmiş sayılacaq, azadlığa qovuşacaqdı. Bu hadisə başqalarına faydalı olmaq şərti ilə elmin və biliyin diyət əvəzi olaraq tarixdə ilk və son qəbuludur. Tarixdə elmi səbəbiylə başını verən çoxdur. Etdiyi kəşf və icadlar səbəbiylə edama məhkum olan, sürgün edilən, diri-diri oda atılan, inkvizisiya məhkəmələrində süründürülən, zindanda çürüyən çoxdur. Lakin ölümə məhkum olan bir hərb əsirinə elmindən dolayı, həm də başqa birinə faydalı olmaq və yetişdirmək şərtiylə həyata, azadlığa qovuşma hadisəsinin başqa bir örnəyi yoxdur.   

      Qurani-Kərimdə “Bəndələri içində ancaq alimlər Allahdan layiqincə qorxar” buyurularaq elm öyrənməyin başqa bir səbəbi, məqsədi açıqlanmışdır. Uca dinimizin yer üzünə endiyi gündən bəri İslam Mədəniyyəti eyni zamanda bir Elm Mədəniyyəti olmuşdur. Sevimli Peyğəmbərimizin ifadəsiylə desək, müsəlman ya elm öyrənən, ya örədən, ya elmə qulaq verən, ya da bunları edənlərə maddi-mənəvi dəstək verən olmalıdır. Bu kateqoriyalardan kənarda qalmaq insanı zərərə sürükləyər.

      Girdim ilim ehline eyledim taleb

      Dediler ilimden evvel illa edeb illa edeb..

      Uşaqlıq illərimizdə böyüklərin yanına getdikdə bizə verilən ilk sual bu olurdu: Böyüyəndə nə olacaqsan? Mütləq bir peşə, sənət sahibi olmamız gərəkdiyini düşünərək dərhal həkim, prokuror və s. deyərdik. Bir az zarafatla, bir az da ciddiyyətlə, bəlkə də tövsiyə etdikləri həqiqətin çox da fərqinə varmadan “adam olacağam de, oğlum, adam olacağam de!”-deyərdilər. Əslində bütün məsələ budurmu? Oxumaqdan məqsəd bir peşə sahibi olmaq, çörək dərdi və ona nail olmaqmı? Yunus Əmrə elmdən, bilgidən məqsədin onu irfana çevirəcək bir əməl və bir əxlaqa sahib olmağın zəruriliyini gözəl misralarıyla ifadə edir.

       

      Elm elm bilməkdir,

      Elm kəndin bilməkdir:

      Sən kəndin bilməzsən,

      Ya necə oxumaqdır.

      Oxumaqdan murad nə?

      Kişi, haqqı bilməkdir.

      Çün oxudun bilməzsən,

      Ha bir quru əməkdir.

      Bilginin irfana çevrildiyi bir elm insanlara zərərli texnika icad etdirməz.

      Beşikdən məzara qədər elm arxasınca düşmək tələb olunarkən elm üçün zaman məhdudiyyətinin, “elm Çində də olsa al” kəlamıyla da məkan məhdudiyyətinin ortadan qaldırıldığının şahidi oluruq.

      • Hits: 997 clicks

      Tecox component by www.teglo.info