Elşən RZAYEV / ELMİ İRFANA ÇEVİRMƏK

      Share

      Bərəkətli bir həyatın yaşandığı, nail olduğumuz saysız nemətlərin qədrini xatırladan, fani ləzzətlərdən uzaqlaşıb əbədi ləzzətlərə nail olmağın sirrinə qovuşulan müqəddəs Ramazan ayı içərisindəyik. Ramazan ayı eyni zamanda min aydan daha xeyirli olan Qədr gecəsinin də olduğu bir aydır. Bu gecəni digər gecələrdən fərqləndirən, onların qaranlığından sanki aydınlığa çıxaran və uzunömürlü bir insan ömründən daha xeyirli edən o gecədə Qurani-Kərimin nazil olmasıdır. Bu gecədə ilk enən ayənin “Oxu” olması diqqəti cəlb edir. Bəlkə “Oxu” əmri ilə elmin də eynilə bu gecə kimi insanı qaranlıqdan aydınlığa çıxaracağına diqqət çəkilmişdir.

      Cəhalət bütün pislik və çirkinliklərin başlanğıcıdır. Hətta insanı yaradılış qayəsindən uzaqlaşdıran küfr və şirk də cəhalətdən qaynaqlanır. Elə buna görə də Allah təala uca Kitabında: “Əsla bilməyənlərdən (cahillərdən) olma!” (əl-Ənam, 35) -buyurur.

      İslam dini qədər elmə əhəmiyyət verən başqa bir sistem yoxdur. Müqəddəs kitabımız Qurani-Kərmdə “elm” kəlməsi ən çox təkrar edilən sözlərdəndir və elm sahibləri də bir çox ayələrdə mədh edilir.

      Sahib olduqlarına ən gözəl şəkildə qane olan Peyğəmbərimiz uca Allahın əmri ilə yalnız elmini artırması üçün dua etmiş (Taha, 114), elmdən başqa heç bir şey üçün “artır” deyə dua etməmişdir.

      Elm insanı ülvi dərəcələrə yüksəldən bir vasitədir. Əsl fəzilət elmlə əməl etməkdir. Allah Rəsulu elmi ilə əməl etməyən alimi cahil ilə eyni səviyyədə tutur. (Tirmizi, Elm, 2653)

      Qəlbə çatmayan elm irfana çevrilməz. Buna görə də elmin qəlbi aləmə hopması və davranışlarda özünü büruzə verməsi zəruridir. Həzrət Əli (r.a)-ın bu xəbərdarlığı necə də ibrətlidir:

      “Ey elm sahibləri, elminizlə əməl edin! Çünki əsl alim bildiyi ilə əməl edən və elmi əməlinə uyğun olandır. Bəzi insanlar olacaq ki, elm öyrənəcəklər, ancaq elmləri boğazlarından aşağı keçməyəcək, etdikləri bildiklərinə, içləri də zahirlərinə uymayacaqdır. Onlar, halqalar halında oturaraq bir-birlərinə qarşı elmləri ilə öyünəcək və üstünlük göstərəcəklər. Hətta biri ondan ayrılıb başqasının yanında oturduğu üçün yoldaşından inciyəcək. Məhz onların bu məclislərindəki əməlləri Allah yüksəltməz.” (Darimi, Müqəddimə, 34)

      İnsan elmi ilə ilk növbədə özünə faydalı olmalıdır. Peyğəmbərimiz elmi özünə fayda verməyən şəxsləri belə təsvir edir:

      “Başqalarına xeyri öyrədərkən özünü unudan alim, insanları aydınladarkən özünü yandırıb bitirən qəndilə bənzəyir.” (Heysəmi, 1, 184)

      “Elmi rəvayət edənlər çoxdur, lakin elmə riayət edənlər azdır”, deyir Həzrət Əli (r.a). Həmçinin buyurur ki, “Elm bir nöqtə idi, cahillər onu çoxaltdı.” Əslində o çoxlama özü belə, o bir nöqtəni dərk etmək üçündür.

      İstifadə edilməyən elm Allah yolunda xərclənməyən mal kimidir. Necə ki, infaq edilməyən mal sahibinə fayda vermirsə, əməl edilməyən elm də insanı dünya və axirətdə səadətə nail etməz. Qafil insan ikisini də bir müddət saxladıqdan sonra ölümlə bunları itirər, ancaq istifadə etmədiyi bu nemətlərin hesabını verər.

      İslamın elmə verdiyi dəyəri bilən bəzi insanlar sadəcə elmin kifayət etdiyini söyləyirlər. Ona görə də bəzən özünü “bilən” adlandıranlar qürur ilə “zirvədən” aşağı düşmək istəmirlər. Belə ki, alim adlandırılan bu şəxslər Yaradana boyun əyməyi özlərinə sığışdırmırlar. Görəsən belə insanlar nəyi bildiklərini düşünürlərmi? Yoxsa onlar bir çox şeyi bilən cahillərdir? Axı fizika, riyaziyyat, astronomiya, kimya, tarix və digər bütün elmlər insanı Yaradana götürür. Bunun xaricində yalnız zehni dolduraraq kainatın həqiqətlərinə aşina olmayan, açıq və müşəxxəs varlıqların əslini dərk etməyən məlumatlar elm sayılmaz. Deməli, bilmək hər şeyi zehnə alamq deyil, kainatdakı sirr və müəmmanı dərk edə bilməkdir. Elə buna işarə edərək Allah təala bilənləri belə təsvir edir:

      “Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!"” (əz-Zumər, 9)

      Ayeyi-kəriməyə görə “bilənlər” gecələr qalxıb ibadət edən, səcdələrə qapanan, qiyamda duran, axirəti düşünüb qorxan və Rəbbinin rəhmətini uman şəxslərdir. Elmə sahib olduğu halda bu üstün keyfiyyətləri əldə edə bilməyənlər “bilməyənlər” kateqoriyasına daxildirlər.

      • Hits: 1004 clicks

      Tecox component by www.teglo.info