157-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Salih Zeki Meriç / SƏRMAYƏMİZ MƏHƏBBƏT

      Share

      Müasirləşən dünya get-gedə insanlıq xüsusiyyətimizi azaltmaqda, sonra da xüsusi dəyərlərimiz olan qədir bilmək, fədakarlıq və vəfa keyfiyyətlərimizi yox etməkdədir.

      Dayanmaq bilməyən bir dəyirman kimi, xüsusilə mənəvi dəyərlərimizi üyüdən yaşadığımız zaman kəsiyi bizi məcbur edir ki, bir qorumanın içində olaq. Əcəba, daima canlı və ayıq bir qəlbin sahibi necə ola bilərik? 

      Daxili aləmimizin mənəvi iqlimlərdə olmasını necə təmin edə bilərik? Elə-hey qəbahəti başqalarında görmək, qısamüddətli də olsa insana rahatlıq verir əslində. Günah bizdə deyil, günah zəmanədə, günah kapitalist sistemdə, günah bizi bu hala gətirənlərdə... Qəbahəti başqalarının ayağına yazmaq nə qədər də asandır, elə deyilmi? Beləliklə həm biz rahatlamış oluruq, həm də davamlı döyəcək, günahkar çıxaracaq birini tapmış oluruq.

      Ən doğru olan isə heç kimi günahkar görmədən, əvvəlcə öz qəlbimizi gözdən keçirməkdir. Görəsən qəlbimizin istiliyi və dərinliyi nə qədərdir? Başda özümüz omaq şərtilə neçə nəfəri sığdıra bilirik könlümüzə? 

      Mənəvi dünyamızı asanlıqla təsir altına ala biləcək bir keşməkeşin içərisində nə qədər qısa müddətə iç aləmimizi toplaya bilirik? Ya da ən zəif külək qarşısında bütün qalalarımız yerlə-yeksan olurmu?

      İnsan gördüyü hər işi sevərək görməlidir. İçində sevgi və vicdan olmayan hər iş tək tərəflidir, dayazdır. İş nə olursa olsun ona dərinlik qatan bizim ürəyimizdəki eşqdir.

      Sovetlər birliyinin ən güclü olduğu dövrlərdə Azərbaycanın paytaxtı Bakıda mövcud olan bir çörək sexinin bir bənzəri də Sumqayıtda imiş. Hər ikisi unu eyni fabrikdən alır, eyni texnikadan istifadə edirmiş. Ancaq nə hikmətsə bütün şərtləri eyni olan sexlərin bişirdiyi çörəyin satışı məsələsində camaat Bakıdakı sexi qoyub 30 km. qət edərək Sumqayıtdakı sexin çörəyini alırmış. Bir gün Bakıdakı sexin sahibləri bu işin sirrini öyrənmək üçün Sumqayıtdakıların yanına gedirlər. İşin sirrini soruşduqda Sumqayıtdakıların cavabı belə olur: “Doğrudur, eyni undan, eyni sudan, eyni texnikadan istifadə edirik. Lakin biz işimizin içinə bir az vicdan, bir az məhəbbət qatırıq. Biz bu işi sevərək və könüldən görürük. İnsanların bizi seçməsinin səbəbi hər halda budur.” –deyirlər.

       

      Xammalı insan olan işlərin ülviyyətinin həddi-hüdudu olmaz. Bir insanın işi insana xidmətdirsə könülsüzlükdən və ya könül incikliyindən heç bir şəkildə söz edilə bilməz. Ən başda eşq və məhəbbət, sonra da fədakarlıq şərtdir. İnsana xidmətin məkanı və zamanı nə olursa-olsun xidmətin dərinliyini yaşamaq və xidmətlə ucalmaq üçün ilk növbədə insanın daxili aləmində lazımınca dərinlik olmalıdır.

      Çünki islam insanın inşasını hər şeydən üstün tutur. Mərkəzində insanın ehyası olan bir anlayışda incimək və incitmək olmamalıdır. Xidmət insanında inciklik, sevgi qıtlığı fəlakətdir. Dərdi, qayəsi insan olanın yeganə işi bir insanı necə ehya edə biləcəyi olmalıdır.

      Bu gün istər ölkə daxilində, istərsə də ölkədən kənarda insanlığın gələcəyini öz dərdi bilən yüzlərlə insan nəyinsə acısını, iztirabını duyaraq əlindəki imkanlarla fədakarlıq karvanına qoşulmaqdadır. Hər bir müsəlman özünü xidmət adamı görməli və zamanları, məkanları arxada qoyan bir idrak ilə məsuliyyətinin fərqində olmalıdır. Malı olan malı ilə, elmi olan elmi ilə, sevgisi olan sevgisi ilə öz fədakarlığını etmək məcburiyyətindədir. Bu könül səfərbərliyinin harasındansa bu məhəbbət halqasına daxil olmaq və bu aidiyyatımızla könül dünyamızı ucaltmaq həm bu dünya, həm də axirət sərmayəmiz üçün əhəmiyyət kəsb etməkdədir.

       Xülasə, müsəlman dərin qəlbə sahib olmalıdır. Müsəlman qaşqabaqlı duruşu, ədalı olma xüsusiyyətini harada və kimə qarşı istifadə edəcəyini yaxşı bilməli, yeri gəldikdə şəfqətli, yeri gəldikdə də cəlallı olmalıdır. Ancaq müasir dövrün insanı hər şeydən çox şəfqətə, mərhəmətə möhtacdır. Könülsüzlük xəstəliyinin bizə sirayət etmədən könül insanı olmağı özümüzə bir qayə etməli və könlümüzü mərhəmətə möhtac olan hər kəsə aça bilməliyik. Bu, Rəbbimizin rəhmət peyğəmbəri olaraq vəsf etdiyi Rəsulullahın missiyasıdır eyni zamanda. Qəlbimizə mənlik virusları bulaşmadan onu səmimi xidmət anlayışına həsr edək. Yeganə qurtuluş yolu budur. 

      • Hits: 972 clicks

      Tecox component by www.teglo.info