Mübariz ƏLİOĞLU / ƏDƏB

      Share

      Allah təala Qurani Kərimdə buyurur:

      “Şübhəsiz Sən böyük bir əxlaq üzərindəsən” (əl-Qələm, 4)

      Aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd əleyhissalam da “Həqiqətən mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” – buyuraraq peyğəmbərlik vəzifəsinin icrasında ədəb və əxlaqın müstəsna mövqeyinə işarə etmişdir. 

      Rəbbani ədəbin kainatın qeyri-adi bir biçimdə və xüsusi bir özəlliyə malik olaraq yaradılan insan övladı ilə təması, onu digər yaranış ünsürlərindən köklü şəkildə fərqləndirən təzahür elementlərinin meydana gəlməsi ilə həyata keçməkdədir. İlahi ədəb insanı dünya və əbədiyyət aləmində müşayiət edən və edəcək əvəzsiz bir yardımçıdır. Dünyəvi məqamların mənasını dərk edərək onların təhlükəli mərhələlərini addım-addım keçmək, İlahi ədəbə yiyələnmək bacarığı ilə sıx şəkildə bağlıdır. Bu ədəbin əhatə etdiyi sərhədlər, yerlərin və göylərin yüklənməkdən çəkindiyi əmanətin özündə cəm etdiyi məsuliyyət dairəsi kimi genişdir. İlahi ədəbin şahəsəri olan Məhəmməd əleyhissalamın məşhur Merac hadisəsində sərgilədiyi əxlaq və ədəb ölçüləri, məna və məcaza, ruhani təfəkkürlərə belə sığmayacaq ən mükəmməl bir ədəb nümunəsidir. Əhli-beytdə, səhabeyi- kiramda, ümmətin alim, vəli və saleh qismində, Məhəmməd əleyhissalamın misilsiz əxlaqından doğan əkslərin “İnsanlar mədənlər kimidir” hədisin həqiqəti ilə səslənərək bu günümüzdə də öz canlılığını mühafizə etməsi Uca Allahın islam ümmətinə olan xüsusi bir lütfüdür.Qurani-Kərimin canlı nümunəsi və onun əxlaqı ilə əxlaqlanan Məhəmməd əleyhissalamın ən yaxın sirdaşı olan Əbu Bəkr Siddiqin timsalında həm bu əksin, həm də ilahi ədəbin dəyərini yetərincə anlamaq mümkündür:

      Hədislərin birində Hz. Məhəmməd əleyhissalam belə buyurmaqdadır: “Gözəl əxlaq 360 qismdir. Allah təala diləyərsə bir quluna bu mərifətdən birini verər. Bu əxlaqdan dolayı da onu cənnətinə qoyar”. Bunu eşidən Əbu Bəkr Siddiq (r.a):

      - Ya Rəsulallah! O mərifətdən, əxlaqdan birisi məndə varmı? – dedikdə Rəsulullahın cavabı belə oldu:

      - Bəli, Səndə o mərifətin və əxlaqın hamısı vardır!

      Peyğəmbər sevgisinə yol açacaq əxlaq, ədəb ölçülərini mübarək kəlamlarının dili ilə ifadə edən Allah Rəsulu eyni zamanda ən çox narazı qaldığı əməllərin də əxlaqsızlıq girdabında çabalayan insanların fəaliyyətləri olduğunu bildirməkdədir:

      “Şübhəsiz aranızda ən çox sevdiyim kimsələr əxlaqı ən gözəl olanlarınız, mülayim, sizlərlə daha rahat ünsiyyət qurmanıza şərait yaradanlarınız və sizin də başqaları ilə asanca ünsiyyət quranlarınızdır. Aranızda ən çox bəyənmədiklərim isə söz aparıb-gətirənləriniz, sevənlərin arasına ayrılıq salanlarınız, təmiz və günahsız insanlarda qüsur axtarmağa çalışanlarınızdır.

      Dünya və axirət səadətinin bərəkətini özündə toplamış əxlaqın insan həyatındakı xüsusi rolunu açıqlayan aşağıdakı hədis bizlərə ən gözəl örnək olacaq mahiyyətdədir:

      “Ümmü Həbibə (r.a):

      - Ey Allahın Rəsulu! Bir xanım dünyada ikən iki kişi ilə evlənmişsə və ölümlərindən sonra həm xanım həm də hər iki əri cənnətə girmişsə onda qadın ilk əri ilə, yoxsa ikinci əri ilə olacaq? Allah Rəsulu (s.ə.s) belə buyurdu: - Dünyada ikən onlardan hansı o qadına qarşı gözəl əxlaqlı olmuşsa, onu seçməkdə sərbəst buraxılır və qadın da onun xanımı olur. Ey Ümmi Həbibə! Gözəl əxlaq dünyanın da axirətin də xeyirlərini alıb götürmüşdür.

      Ümmətinə qarşı duyduğu sonsuz mərhəmət hissi ilə əxlaqlanan Allah Rəsulu insanların Rəbləri qarşısında gözləyəcəkləri ədəb ölçülərini ümmətinə belə anladırdı:

      “Allahdan (c.c) hansı şəkildə həya edilməsi lazımdırsa o şəkildə həya edin!”

      Səhabələr:- Ey Allahın Rəsulu! Allaha şükür ki, biz Allahdan həya edirik – dedilər.

      Rəsulullahın cavabı özünü çox gözlətmədi:

      - Sizin etdikləriniz həya deyildir, lakin Allahdan haqqı ilə həya etmək beynini və içindəkiləri, qarnını və içindəkiləri qorumaq, ölümü və qəbirdə çürüməyi xatırlamaqdır. Kim axirət yurdunu istəyərsə dünya bər-bəzəklərini tərk edər və axirəti dünyadan üstün tutar. Kim bunu edərsə Allahdan haqqıyla və kamalı ilə qorxmuş olar.

      “Şübhəsiz ki, Allah qulunu gözəl əxlaqı səbəbi ilə davamlı oruc tutmaq və davamlı namaz qılmaq mərtəbəsinə ucaldar!”- buyuran Allah Rəsulu (s.ə.s) bir başqa hədisində Allah təalaya yaxın olmağın gözəl əxlaqa və ədəbə sarılmaqla mümkün olacağını bəyan etməkdədir:

      - Allah (c.c) Hz. İbrahim əleyhissalama bunu vəhy etdi:

      “- Ey Xəlilim! Kafirlərə qarşı da olsa gözəl əxlaqla davran. O zaman üstünlərin daxil olacağı yerə girərsən. Şübhəsiz ki, əxlaqını gözəlləşdirən kimsə haqqında mənim təqdirim budur: onu ərşin altında kölgələndirəcəyəm, ona müqəddəs çeşməmdən içirəcəyəm və onu özümə çox yaxınlaşdıracağam.”

      • Hits: 963 clicks

      Tecox component by www.teglo.info