157-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    LOĞMAN HELVACI / TƏQVA AYƏLƏRİNİ OXUYARKƏN

      Share

      Təqva ayələri bizə nəyi anladır?

      Qurani-Kərimdə təqva və müttəqi kəlmələri bir çox yerdə zikr olunur. Bu ayələrin bəzilərində bir qism gözəl xislətlərlə birlikdə zikr olunmuş, bəziləri isə şərt cümləsində şərt hissəsini təqva, cavab hissəsini də müjdə və ya cəza təşkil edir. Bu ayələri bir-bir ələ almadan əvvəl təqvanın tərifi üzərində duraq:

      Təqva – möminin Allahın hifzi əmanətinə sığınaraq axirətdə özünə zərər və cəza verəcək şeylərdən inadkarlıqla qorunaraq və günahlardan qaçaraq saleh əməllərə sarılmasıdır.

      Təqva – nəfsani arzuları koraldaraq ruhani istedadları inkişaf etdirməkdir. Yəni, möminin yalnız Allahın rizasını axtarması və bu sayədə Allah ilə dostluğun təminidir.

      Təqva – qəlbi dünyadan, yəni Allahdan uzaqlaşdıran hər şeydən qorumaqla cəmali təzahürlərin inikası halına gəlməkdir.

      Peyğəmbərimiz (s.ə.s) təqvanın Haqq dərgahında yeganə qiymət və qəbul olunma meyarı olduğunu Əbu Zərrə (r.a) xitabən belə ifadə etmişdir:

      “Bax! Sən nə qırmızıdan, nə də qaradan üstün deyilsən. Onlardan ancaq təqva ilə üstün ola bilərsən.” (Əhməd, IV, 158)

       

      Təqva qalxanı

      İçində olduğumuz Ramazan ayı münasibətiylə təqva-oruc əlaqəsini ələ alaraq başlayaq. Allah təala orucu əmr etdiyi ayeyi-kərimənin sonunda “ümid edilir ki, təqva sahibi olasınız” (əl-Bəqərə, 183) buyurur. Deməli oruc təqvalı olmaq və nəfsin şərindən xilas olmaq üçün əmr edilmişdir.

      Bu baxımdan Ramazani-Şərif hətta halallardan belə riyazət halında faydalanılaraq bizə şübhəlilərdən və haramlardan uzaqlaşmağı təlim edən mənəvi təlim ayıdır. Bir ay boyu oruc tutduğumuz Ramazan ayı bizi pis xasiyyətlərdən uzaqlaşdıran, yaxşı xislətlərlə bəzəyən fürsət mövsümüdür. Həyat mücadiləsində zəruri olan “səbir, hala riza, iradə, əzm, səbat və nəfsani arzulardan uzaqlaşma” kimi halların təlimi ilə təqvamızı kamilləşdirir.

      Elə isə bu Ramazanda özümüzü hesaba çəkək: Halallardan nə qədər riyazət halında istifadə edirik? Şübhəlilərdən, haramlardan nə qədər uzaqlaşırıq? Ticari həyat, ictimai həyat, qul haqqı və s. kimi mövzulara nə qədər diqqət edirik? 

      Təqva sahibinin orucu mədənin aclığına əlavə olaraq dil, göz, qulaq kimi digər üzvlərə də oruc tutdurmaq şəklindədir.

      Müttəqi bir adam qardaşının əti ilə orucunu pozmaz. Oruclu ikən ağza bir şey girməməsinə diqqət etdiyi kimi, ağzından çıxan hər kəlməyə də diqqət edər. Qeybət səbəbiylə mənən insan əti yeyildiyi haqda Rəbbimizin sərt xəbərdarlığı vardır. (əl-Hucurat, 12)

      Təqvanın zirvəsi bəndənin qəlbini Allahdan qafil edəcək hər şeydən uzaqlaşaraq bütün varlığı ilə Allah təalaya yönəlməsidir ki, həmin mərtəbənin sonu yoxdur. Son mərhələ isə budur:

                  “Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!”(Ali-İmran, 102)

       

      Təqva məktəbi

      “Təqva sahibi olun ki, Allah (ehtiyacınız olan şeyləri) sizə öyrətsin...” (əl-Bəqərə, 282)

      Bu ayədən də anladığımız kimi möminlərin ən mühüm rəhbəri təqvadır, təqva məktəbidir.

      Təqva ən gözəl müəllim, ən gözəl rəhbərdir. Haqq da, batil də təqva ilə dəqiqlik qazanır. Bununla da təqva ilə Allaha dostluq və vüslət yolunda məsafə qət edilir. Bu dostuq və yaxınlığın nəticəsində Allah qulun görən gözü, eşidən qulağı, tutan əli, əql edən qəlbi olur. Bu mərtəbəyə yüksəlmək üçün qüdsi hədisdə buyurulduğu kimi fərzlərə əlavə olraq nafilə ibadətlərlə də Rəbbin sevgisini qazanmaq lazımdır.

      Bu səviyyəyə çatanlar dünyanın bir imtahan dərsxanası olduğunun idrakı içində bir həyat sürərlər. Qəlbləri ilahi əzəmət və qüdrət axışlarına aşina olar. Mallarını və canlarını Haqqın rizasına vasitə halına gətirərlər. İmanın ləzzətinə qovuşarlar, mərhəmətləri dərinləşər. Haqqa və yaratdıqlarına xidmət bir həyat tərzinə çevrilər.

      Hər şeyin açarı: Təqva

      Uca Rəbbimiz: “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Onun işini (dünya və axirətdə) asan edər. Allah onun (günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar.” (ət-Talaq, 2-5) buyurur. Buradakı bütün müjdələr bir şərtə bağlıdır. “Kim Allahdan qorxarsa”, yəni təqva sahibi olarsa.

      Təqvada zirvə

      Təqvada kamilliyə çatmaq üçün şübhəli şeylərdən də tamamən qaçmaq lazımdır. Allah Rəsulu:

                  “Bəndə, qadağan edilən şeylərə mübtəla olma narahatçılığı ilə qadağan olmayan bəzi şeyləri də tərk etmədikcə həqiqi müttəqilərin dərəcəsinə çata bilməz.” -buyurur. (Tirmizi, Qiyamə, 19/2451; İbn Macə, Zöhd, 24)

      Axirətimiz üçün bu qədər mühüm yeri olan təqva ilə bağlı bir peyğəmbər duasıyla mövzumuza vergül qoyaq:

      “Allahım! Səndən hidayət, təqva, iffət və qəlb zənginliyi istəyirəm.”                  (Müslim, Zikr, 72) 

      • Hits: 985 clicks

      Tecox component by www.teglo.info