Aqil ƏLİYEV / QAFQAZ İSLAM ORDUSUNUN 91-Cİ İL DÖNÜMÜNƏ

      Share

      Bir çox mədəniyyətlərə beşiklik edən, strateji mövqeyə malik olan ölkəmiz tarix boyunca mənfur niyyətli yadelli işğallarına məruz qalmış və hər zaman da tarixin bu sınağından üzüağ çıxmışdır. Bu sanaqlardan biri də keçən əsrin əvvəllərində gerçəkləşmişdir.

      1918-ci il idi. Azərbaycan Cümhuriyyəti yeni qurulmuşdu. Öz havadarlarına arxalanan erməni işğalçıları yenə dədə-baba torpaqlarımıza göz dikmiş və Azərbaycanın bir çox bölgələrində, o cümlədən paytaxtımız Bakıda kütləvi qırğınlar törətmişdilər. Hələ yeni müstəqillik əldə etdiyi üçün nizami ordusu olmayan Azərbaycan mox çətin vəziyyətlə qarşı-qarşıya idi. Bir tərəfdən türk qanına susamış rus bolşevikləri, bir tərəfdən onların əlaltıları olan erməni daşnaq birləşmələri, bir tərəfdən də ingilis imperialistləri Azərbaycan üzərində öz maraqlarını təmin etmək uğrunda mübarizə aparırdılar. Həmişə Anadolu türklərinə heç bir qarşılıq gözləmədən maddi və mənəvi dəstək olan Azərbaycan türkü çətin vəziyyətdə idi. Hələ bir neçə il əvvəl Çanaqqala savaşında da Azərbaycanın mərd övladları Osmanlı igidləri ilə dastan yazmışdılar. Bu gün isə yerlər dəyişmişdi. Qafqazdan gələn bu fəryad səslərinə Anadolu türkləri cavab verməliydi. Məhz belə bir vaxtda 1918-ci ilin martında yaranan Qafqaz İslam Ordusu Batumdan keçərək Azərbaycan istiqamətində hərəkət etdi. Qafqaz İslam Ordusu böyük bir qüvvə ilə Gəncədən Bakı istiqamətində hərəkətə başladı. Keçdiyi hər yerdə rus-bolşevik və erməni-daşnaq qüvvələri ilə vuruşan Qafqaz İslam Ordusu düşmən qüvvələrini zərərsizləşdirsə də çox şəhid verdi. Vətən torpaqları şəhidlərin qanıyla sulandı. 1918-ci ilin sentyabrın 15-də Nuru Paşanın son hücum əmri ilə Bakı erməni-daşnaq və rus-bolşevik birləşmələrindən təmizləndi. Artıq Bakı səmalarında Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı dalğalanırdı... 

      Bu gün Çanaqqalada və Bakıda şəhidlər xiyabanında, xəritə üzərində ayrı, ancaq dili, dini, mədəniyyəti bir olan və hər zaman bir-birinə dəstək olmuş, bu yolda canlarını qurban vermiş Azərbaycan və Türk şəhidləri qucaq-qucağa yatırlar. Tarixdə bənzərinə rastlanmayan və heç bir qarşılıq gözləmədən edilən bu fədakarlıqlar xalqlarımızın yaddaşında silinməz izlər buraxmış və gələcək nəsillərə nümunə olmuşdur. Şəhidlər millətlərin vətən torpağına əkdiyi ölməz fidanlardır. Şəhid qanları ilə suvarılan vətənin hər qarışı əzizdir, müqəddəsdir və vazkeçilməzdir. Bir mütəfəkkirin çox gözəl bir sözü var: “Bir ölkəyə, bir torpağa məbədlərinizi inşa etmisinizsə və o torpaqda yatan şəhidləriniz varsa o torpaq sizindir.”

                  1918-ci ildə Osmanlının son dövrlərində Bakını qəsb edən erməni işğalçılarına qarşı və həmçinin Azərbaycanın istiqbalı üçün yaradılan “Qafqaz İslam Ordusu”nun əziz şəhidləri bu gün Azərbaycanın bilinən və bilinməyən hər səmtində bu vətənin keşiyində duran müsəlləh əsgər kimi öz ruhaniyyətləriylə vüqarla dururlar.

                  Bakıdakı “Şəhidlər Xiyabanı” Azərbaycanda və ümumiyyətlə Türk dünyasında bir simvol mahiyyəti daşıyır. Bakının ən yüksək yerində azərbaycanlı qardaşları ilə qucaq-qucağa yatan Qafqaz İslam Ordusunun igid ərləri sanki bu gün belə erməni işğalçılarının qorxulu röyasıdır.

                  Şəhidlərimizin fiziki mənada qəbirlərinin olması onların nəvələri üçün bir iftixar səbəbidir. Çünki millət ola bilmək və dünya xalqları arasında özünə xüsusi yer tapa bilmək üçün ən mühüm amil vətən yolunda qurban gedənlərimizə göstərdiyimiz hörmətdir.

                  Şəhidlər Xiyabanındakı Qafqaz İslam Ordusunun xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə və fəxri məzarlar həm Türkiyə-Azərbaycan qardaşlığının ölməz nişanəsi, həm də vətən uğrunda şəhid olan igidlərin əziz xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir. Bu, eyni zamanda mərhum prezident, ulu öndər Heydər Əliyevin “Biz iki dövlət, bir millətik” sözlərinin təsdiqidir.

                  Unutmamaq lazımdır ki, əgər bu gün biz vətənimizdə azad və firavan bir şəkildə yaşayırıqsa, bunu vətənin hər qarışı üçün canını fəda etmiş igid övladlara borcluyuq. 20 yanvarda, Qarabağda, Xocalıda şəhadət şərbətini içənlərə hər zaman minnət borcumuz vardır və biz bu borcu ancaq əziz şəhidlərimizin ruhunu narahat edəcək hər cür vəfasızlıqdan uzaq duraraq yerinə yetirə bilərik. 

      Şəhidlərimizin ruhu şad olsun... 

      • Hits: 767 clicks

      Tecox component by www.teglo.info