Kamran Məmmədov / MƏSNƏVİDƏN

      Share

      Göldəki üç balıq

       Bir gölməçədə üç balıq vardı. Balıqçılar o gölün yanından keçərkən bunları gördülər. Tez tor gətirmək üçün oradan ayrıldılar. Göldəki balıqlar bunu başa düşdülər. Onlardan ən ağıllı olanı tələsik yola düzəldi, uzaq yerlərə doğru üzməyə başladı. Yol çox uzun və əziyyətli idi. Amma artıq əziyyət geridə qalmış, balıq da rahatlığa qovuşmuşdu. İndi o, sahili görünməyən böyük dənizdə tam bir hürriyyət içində idi.

       O biri tərəfdə isə, balıqçılar torlarını gətirib gələndə yarım ağıllı balıq təlaşlandı. Keyfi pozulmuşdu. Dedi ki:

      “- Yazıqlar olsun , niyə o ağıl sahibinə yoldaş olmadım! O indi dənizə çatmış, dərddən-kədərdən qurtulmuşdur. Doğrudur, heç danışmadan yola düşdü, amma mən də ona tabe olmalı idim. Artıq iş-işdən keçib, sonrakı peşmançılığın faydası yoxdur. Mən də başımın çarəsinə baxmalıyam. Yaxşısı budur özümü ölülüyə vurum. Suyun üstünə ölü kimi uzanıb özümü suyun axarına buraxım. Bir saman çöpü kimi davranım.”

       Balıq fikirləşdiyi kimi etdi. Su onu o yan-bu yana çırpırdı. Balıqçılar çox üzüldülər, dedilər ki:

      “- Heyf, ən yaxşı balıq ölüb.”

      Balıq bunu eşıdib çox sevindi. O anda balıqçılardan biri onu tutub;

      “- Yazıq ölüb” deyərək yerə atdı. Balıq yavaşca tullanaraq suya girdi və qurtuldu.

       Üçüncü balıq isə, canını qurtarmaq üçün o tərəf-bu tərəfə qaçdı. Balıqçılar tor atıb onu tutdular. Sonu tava içində atəşə yoldaş olmaq oldu. Atəşdə yandıqca Ağıl ona:

      “- Səni heç qorxudan biri olmamışdı?” deyirdi.

      Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət , ora catınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi? Onlar isə: Bəli( gəlmişdi), lakin əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu! – deyə cavab verəcəklər. (əz-Zumər 71)

      Onlar: “Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq! – deyəcək, Və beləcə öz günahlarını etiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli! (əl-Mülk 10-11).

      Tövbə etməyən adam

          Həz. Şueyb (ə.s) zamanında bir adam:

      “- Allah məndə neçə-neçə eyiblər gördü, nə qədər günahlar işlədim. Belə olmasına baxmayaraq mənə heç cəza vermir” dedi.

       Allah təala Şueyb (ə.s)-a belə vəhy etdi:

      “- O adama bildir, onu neçə dəfə cəzalandırdım, amma xəbəri yoxdur. Qəlbi bütün sirlərə qarşı kor oldu. Qəlbi təmiz adam günahın təsirini tez anlayar və ağlayıb-sızlanmağa “Aman, ya Rəbbim! deməyə başlayar. Qəlbi qara adamın isə tövbə etmək ağlına belə gəlməz.”

         Hz. Şueyb (ə.s) bu sözləri adama söyləyəndə, adam belə cavab verdi:

      “- Əgər məni cəzalandırdısa, bunun əlaməti nədir?”

      Bunun eşidən Hz. Şueyb (ə.s) Allah təalaya:

       “- Ya Rəbbi”, deyə yalvardı “Bu adam əlamət istəyir.”

      Allah təala belə buyurdu:

       “- Mən eyibləri örtənəm, sirləri söyləmərəm. Amma onu cəzalandırmış olduğumun bir əlaməti belədir: İbadət edir, ruhu isə bu ibadətdən heç zövq almır.”

       

      İbadət edənin cəzası zövq ala bilməməkdirsə gör, ibadət etməyənin cəzası nədir!!! Günahına görə kədərlənib vicdan əzabı çəkməyin möminin əlaməti olduğunu Abdullah bin Məsud (r.a) nə gözəl ifadə edir: “Mömin adam günahlarını xəyalında o qədər böyüdür ki, sanki bir dağın ətəyində oturmuş və o dağ başına çökəcək. Günaha düşkün adam isə günahlarını, burnunun üstünə qonmuş bir milçək kimi görür.”

      Korların fil tərifi

      Hindlilər camaata göstərmək üçün bir fili gətirib qaranlıq bir tövləyə bağladılar. Heyvanı görmək üçün o qaranlıq yerə xeyli adam toplaşdı. Qaranlıqda hər kəs əlini filə toxundurmağa başladı. Birinin əlinə filin xortumu toxundu:

      “- Fil bir boruya bənzəyir” dedi.

      Bir başqası filin qulağına toxundu:

      “- Fil, yelpik kimi bir heyvandır” dedi.

      Filin ayağına toxunan üçüncü şəxs isə:

      “- Fil yoğun bir dirəyə bənzəyir” dedi.

      Bir başqa adam da filin belinə toxunmuşdu. O da:

      “- Fil , taxt kimi bir şeydir” dedi.

      Hər kəs filin harasına toxundusa ona görə izah etməyə başladı. Hər kəsin əlində bir şam olsaydı sözlərində ziddiyyət olmazdı.

      Atalar “təşbehdə xəta olmaz” deyirlər. Filin böyüklüyünü islamiyyətin əzəmətinə bənzətsək bugünkü ixtilafları çox gözəl anlaya bilərik. Bir yandan əxlaqi tərəfləri öyrənib, Quran əxlaq kitabıdır deyənlər, o biri yanda savaş ayələrini öyrənib islam cihaddan ibarətdir deyənlər, başqa bir tərəfdə isə elmə aid ayələri öyrənib. “mən elm adamıyam ibadət etməsəm də olar” deyənlər. Ən təhlükəlisi isə “Kitabın bir hissəsinə inanıb, digər qismini inkar etməkdir” Belə  olanları “Dünyada rüsvay olmaq, axirətdə isə ən şiddətli əzab gözləyir” (əl-Bəqərə 85).

      İslamiyyət bir bütövdür, parçalanmaz. “İnsan inandığı kimi yaşamayanda, yaşadığı kimi inanmağa başlayar. Bu da islama uymaq deyil, islamı özünə uydurmaqdır.”

      • Hits: 823 clicks

      Tecox component by www.teglo.info