Niyazi Yusifov / Texno XƏBƏR

      Share

      Aşpazlıq sənətini də robotlar mənimsədi

      Yaponiya mühəndisləri öz qeyri-adi robotları ilə dünyanı təəccübləndirməkdə davam edirlər. Belə ki, daha bir qeyri-adi robot Yaponiyanın Naqoya şəhərində restoranların birində işə salınıb. Fua-Men adlı robot qabların yuyulması, ərzaqların doğranılması və xırdalanması kimi ikinci dərəcəli işlərlə yanaşı həmçinin baş aşpaz funksiyalarını yerinə yetirir və əsas yeməkləri hazırlayaraq onlara uyğun qəlyanaltı və içkilər seçir. Fua-Menin iş sürətinə gəldikdə isə dəmir aşpaz gün ərzində 80-ə yaxın kompleks nahar yeməyi hazırlamaq imkanına malikdir.

      Robotun işlənib hazırlanmasını həyata keçirən Aisei şirkəti qeyri-adi eksperiment təşkil edib. Belə ki, restoranın qonaqlarına iki variant yemək dadmaq təklif olunub, yeməklərdən birini insan, digərini isə Fua-Men hazırlamışdır. Tərtibatçıların sözlərinə görə, eksperimentdə iştirak etmiş restoran müştərilərindən heç biri peşəkar aşpaz və robot tərəfindən hazırlanmış yeməklərin dadında fərq hiss etməyiblər.

      Aisei nümayəndələri qeyd edirlər ki, standart yeməklərin hazırlanmasında Fua-Menin tayı bərabəri yoxdur. Müştəri qeyri-adi yanaşma tələb edən zərif yemək sifariş etdikdə isə, bu zaman həmin sifarişi insan-aşpazın yerinə yetirməsi daha yaxşı olardı.

      Aisei şirkətinin prezidenti Kenci Naqayanın sözlərinə görə, Fua-Menin əsas üstünlüyü iş sürəti, yemək reseptlərinə dəqiq riayət olunması, eləcə də ərzaqların doğranılması və qızardılmasında dəqiq hərəkətlərdən ibarətdir.

      Saniyədə 230 trilyon əməliyyat yerinə yetirən superkompyuter

      Bu yaxınlarda Şanxayda dünyanın ən sürətli superkompyuterinin təqdimatı olub. Yeni superkompyuter saniyədə 230 trilyon əməliyyat yerinə yetirmək imkanına malikdir.

      Onun adı Çin dilindən tərcümədə “Sehrli kub” mənasını verir. “Sehrli kubun” işlənib hazırlanması ilə məşğul olan Şuquan şirkətindən bildiriblər ki, 2010-cu ilin sonuna kimi saniyədə 1000 trilyon əməliyyat yerinə yetirmək imkanına malik “Şuquan-6000” superkompyuteri işıq üzü görəcək.

      Bununla da Çin ABŞ-dan sonra tam müstəqil şəkildə bu cür güclü superkompyuter işləyib hazırlaya bilən ikinci ölkəyə çevrilib.

      • Hits: 858 clicks

      Tecox component by www.teglo.info