Kamran Məmmədov / QURAN GÜNDƏLİYİ

    PDF faylını alÇapE-poçt

      Share

      Qurani-Kərim ayə-ayə, surə-surə ehtiyaclara görə 23 ildə vəhy yolu ilə Hz. Peyğəmbərə gəlmiş, vəhy katibləri tərəfindən yazılmış, yüzlərlə hafiz tərəfindən əzbərlənmiş, təvatür yoluyla heç bir dəyişikliyə və əskikliyə uğramadan bizə qədər gəlib çatmışdır.

      Bu müqəddəs kitab Peyğəmbərimizə 40 yaşında ikən nazil olmağa başlamışdır. Miladi 610-cu il  ramazan ayının 27-sində Cəbrayılın (ə.s.) “Oxu” əmrini gətirməsi ilə Quranın nüzulu başlamış və 632-ci ildə tamamlanmışdır. O, ləfzi, mənası, üslubu və bütün yönləri ilə Allah kəlamıdır. O, əbədi bir möcüzədir. Heç bir bəşər sözünə bənzəməz. Qurani-Kərim 114 surədən ibarətdir. Quran surələri Məkki (Məkkə dövründə enən) və Mədəni (Mədinə dövründə enən) adlandırılmışdır. Bəzi surələr bütöv, bəziləri də parça-parça enmişdir.

      İlk nazil olan surə Ələq surəsidir. Ona İqra (Oxu!) surəsi də deyilir. Məkkədə enmiş, 19 ayədir. Ələq insanın yaradılış mərhələlərindən olan ana rəhmində asılmış yumurtanı ifadə edir. Surənin ilk 5 ayəsi, Quranın ilk enən ayələridir. Surə əsasən bu xüsuslara diqqət çəkir:

       

      1. Peyğəmbərlərin sonuncusu olan Hz. Muhammədə (s.ə.s) ilk vəhyin enişi,

      2. İnsanın yaradılışı,

      2. İnsanın mal səbəbiylə həddi aşması və Allahın əmrlərinə qarşı çıxması,

      3. Bədbəxt Əbu Cəhlin hekayəsi və onun Hz. Peyğəmbərin (s.ə.s) na­mazına mane olması.

      Bu surə Hz. Peyğəmbər (s.ə.s.) Hira Mağarasında Rəbbinə ibadət edırkən nazil oldu. Uca Allah əbədi möcüzə olan Quranı Peyğəmbərinə endirmək surətiylə ona lütf etdiyini açıqlayaraq və ona ilk neməti xatırladaraq sözə başlayır: “Yaradan Rəbbinin adıyla oxu... O, insana, bilmədikleri­ni öyrətdi”...

      Daha sonra surə, qüvvət və sərvətinə güvənərək bu həyatda insanın azğınlıq etdiyindən və zənginlik neməti səbəbiylə Allahın əmrlərinə üs­yan etdiyindən bəhs edir: "Xeyr, insan özünü zəngin gördüyü üçün azğınlıq edər. Axı sənin axır dönüşün Rəbbinədir."(ayə 6-8)

      Daha sonra bu ümmətin Fironu sayılan Əbu Cəhlin hekayəsini ələ alır. Əbu Cəhl Hz. Peyğəmbəri təhdid edər və onun namazına mane olmağa çalışırdı: "Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur, Bir bəndəyə (Sənə) namaz qıldığı vaxt?" (ayə 9-10)

      Bu mübarək surə o bədbəxt kafirin, pozğunluq və azğınlıq davam etdiyi təqdirdə ən şiddətli əzabla təhdid edərək sona çatır. Eyni zamanda o Uca Peyğəmbərə (s.ə.s) bu günahkarın təhdidlərinə qulaq asma­masını əmr edir: "Xeyr, xeyr! Əgər son qoymazsa dərhal alınından (kəkilindən) yapışıb (Cəhənnəmə)  sürükləyəcəyik. (ayə 15). Xeyr, ona tabe olma, (Allaha) səcdə et və ona yaxınlaş" (ayə 19).

      Surə, oxuma və öyrənməyə dəvət ilə başlayıb namaz və ibadətlə sona çatır. Bu da elm ilə əməlin birlikdə olmasına işarə edir.

      • Hits: 766 clicks

      Tecox component by www.teglo.info