YOL YAZILARI - I
Yol, yoldan nə anladığına görə yolçunun önündə üfüq açır. Yolu anlamayan və ya rəhbərini yaxşı seçə bilməyən isə yolu deyil, öz ömrünü qısaldır. Səfərdə olan adam şagird, yol isə onun məktəbidir. İnsan bəzən öz seçdiyi, bəzən də başqalarının seçdiyi məktəbə getmək məcburiyyətində qalır. Nəticədə yaxşı, ya da pis hər ikisi də məktəbdir və rəhbərləri vardır. Çətin də olsa, asan da olsa, rəhbəri yaxşı olanın davam etdiyi yoldakı nailiyyəti də o nisbətdə yaxşı olacaq.
“Kun / (ol)” əmriylə ruhlar aləmindən səfərə çıxan, ana rəhmində ətə, sümüyə bürünüb həyat yolunda bir müddət gedən, qəbir qapısıyla bərzəx aləmi yolçuğuna davam edən və nəhayət məhkəmeyi-Kübra qərarıyla sirat körpüsündən keçərək əbədi həyatla sona çatacaq bu səfər insan oğlunun həyatla imtahanıdır… Həyata başlamaq yola düzəlməkdir. İnsan oğlunun yola haradan və necə başlayacağını müqəddəs iradə təyin etmiş, eyni iradə müəyyən bir yaşa və zamana qədər yolun məsuliyyətlərini ondan qaldırmışdır. Hətta həddi-büluğ çağına gəlmədən səfərinə son verilənlərə isə cənnət dayanacağı müjdələnmişdir. Yolu və məsuliyyətlərini idrak mərhələsinə və səviyyəsinə gələn yolçu ona verilən ağıl və düşünmə qabiliyyəti sayəsində artıq öz seçimini etməli və bu seçim səbəbiylə hesab verəcəyini də unutmamalıdır.
Hər yolçuya səfərində ancaq gücü və taqəti nisbətində məsuliyyət verilmiş, yerinə yetirə bilməyəcəyi və gücünün çatmayacağı şeylər ona yüklənməmişdir. Məsuliyyətlər və vəzifələr yolçuya “rəhbər bir kitabla - Qurani-Kərimlə” bildirilmişdir. Bu müqəddəs rəhbər kitab səfərin bütün pillələrini, yol olaraq tövsiyə edilməyən digər yolları və dayanacaqlarını geniş və aydın şəkildə izah edir. Özünün bir vasitə olduğunu, son dayanacaqda insana ediləcək rəftarın yolda necə getdiyinə bağlı olduğunu bütün varlığıyla hayqırır. Üzərində Hz. İbrahimlərin də, Nəmrudların da getdiyini, istəyənə içərisindəki bəzəkli, keçici və təhlükəli dünya nemətlərini təqdim edəcəyini, istəyəni isə “dareyn səadətin”ə (dünya və axirət xoşbəxtliyinə) çatdıracağını söyləyir.
İnsan oğlu hansı yolla gedəcəyinə özü qərar verməlidir. Çünki insan getdiyi yola oxşayar. Salehlərin getdiyi yollar üzərində gedən yolçusunu Salehlərə bənzədər. Daha doğrusu, Salehlərin seçdiyi yol, yolların ən sağlamıdır. Ulularımız “əvvəl rəfiq, sonra tariq” deyərkən, yola çıxmadan əvvəl və ya yolda möhkəm bir dostun, yoldaşın və rəhbərin olmasının əhəmiyyətini ifadə edirlər. “İnsan dostunun dini üzrədir” hədisi-şərifində keçən din sözünü yol olaraq şərh etdiyimizdə, insanın dostluq etdiyi və ya içərisində yaşadığı qrup hansı yoldadırsa, o da eyni yoldadır mənası ortaya çıxır. Bu səbəblə yolçunun diqqət yetirib qəlbi aram tapana qədər davamlı öz-özünə verməli olduğu bir neçə əhəmiyyətli sual mövcuddur: 1. Getdiyim yol düzgündür?
2. Getdiyim yolda rəhbərim kimdir?
Yolların xəzinələri və sirləri vardır. Yolçu isə, ancaq istedadı qədər getdiyi yoldan istifadə edər. Bir su stəkanına bir ton su da tökülsə, o stəkanın həcmi müəyyəndir. Elə buna görə də yolçudan istənilən hesab onun qabiliyyətinə və istedadına görə çətin və ya asan olacaq. Amma daha əhəmiyyətlisi istedadın və qabiliyyətin səviyyəsi nə olursa olsun, tələb olunan şey yolun və istiqamətin düzgün təyin olunmasıdır. Getdiyimiz yol haqq və həqiqət yoludursa, o halda bu yola nə qədər əmək sərf etsək, yol da xəzinələrini bizə o qədər comərdcə açar. Hətta haqq və həqiqət yolçusu verdiyi əmək nəticəsində elə səviyyəyə çatar ki; eynilə Hz. Xızır kimi yola və yolun xəzinələrinə hökm edəcək səviyyəyə gələr.
Yolçunun getdiyi yola etina göstərməsi, şübhəsiz ki, yolun sonuyla əlaqəli bir hadisədir. Çünki hər yol insanı getmək istədiyi yerə aparmaya bilər. Səfərinin sonunda bir hesab gününün var olduğunu bilən yolçu əlbəttə, yolun qiymətini və yolda keçirdiyi zamanın dəyərini bilməyə çalışacaq. Bu səbəblə, insanın yol rəhbərini yaxşı seçmə zərurəti var. Çünki yolu ən gözəl şəkildə bitirmə arzusunda olan insan oğlu yolun bitmədiyini, əksinə özünün bitdiyini fərq etdikdə çox gec olacaq.
Məşhur filosof Heraklitə görə eyni dərədə iki dəfə yuyunmaq mümkün deyil. Bu qaydaya görə yolun zamanla ekvivalent bir mənada olduğunu desək yanılmarıq. Həm yolu, həm də zamanı istənilən səviyyədə istifadə etməyin nə qədər vacib olduğunu yolçuya izah etmək üçün yolların mənəvi rəhbərləri “ibnul-vaxt” ifadəsini istifadə etmişlər. Yəni yolçunun yolda keçirdiyi vaxtı dərk edərək bir daha o vaxtın geri gəlməyəcəyi şüurunda olması, bir sözlə hər anın vaxtını bilməsidir.
Məqalə dəfə oxundu |
| |
| |
| |
|