MƏŞHURLARDAN NÜANSLAR
ONLAR GƏLMƏLƏRDİR
Hüseyn Arif Ağstafada özünə ev tikdirirdi. Çətinliklə maşın tapıb daş gətirdib qapıya tökdürür. Bir gün İsmayıl Şıxlı soruşur:
- A Hüseyn, deyəsən ev tikdirirsən?
Tələsik cavab verir:
- Mən yox, xalq özü şairə ev tikdirir.
İsmayıl müəllim gülümsəyir, bilir ki, özünü sındırmır.
Aradan bir ilə yaxın vaxt keçir. Eşidir ki, Hüseynin daşlarını oğurlayıblar.
Hüseyn Arifi görən kimi soruşur:
- A Hüseyn, deyəsən xalq daşını geri aparıb?
Hüseyn yenə özünü sındırmır:
- Yox, daşı oğurlayanlar gəlmələrdir, xalq deyil.
ANLADIĞININ SÜBUTU
Neyzən Tövfiqi tanıyan biri yazdığı romanın qaralamasını ona göstərərək
fikrini soruşur.
Neyzən bəyənmədiyini ifadə etdikdə tanışı:
- Fikrinizə qatılıram, amma siz heç roman yazmamısınız axı? –deyərək sanki şairə “sən romandan nə anlarsan” eyhamı vurur.
Neyzən bu cavabı verir:
- Mən yumurtanın təzəsini, boyatını yaxşı tanıyıram. Amma bu günə kimi bircə dəfə də yumurtlamamışam.
BAŞSAĞLIĞI
Bir dəfə Xan Şuşinski haradansa alayarımçıq eşidir ki, Əli Vəliyev vəfat edib. Yolda oğlu Məsuda rast gəlib dil-ağız elədikdən sonra, başsağlığı verib deyir:
- Bağışla, xəbərim olmayıb, yoxsa hüzr yerinə gələrdim.
Məsud onun yanıldığını bildirib söyləyir:
- Xan əmi, atam ölməyib, sağdır, odur ey, bazarlıq eləyir.
Xan möhkəm pərt olub, vəziyyətdən çıxmaq üçün ona belə cavab verir:
- Ə, mən bilirəm, bdələduzun biridir, o ölməz!
BİZ DƏ ONLARA YAXINLAŞIRIQ
Sultan Alparslan 27 minlik ordusuyla Bizans torpaqlarında irəliləyərkən, kəşfiyyata göndərdiyi əsgərlərdən biri hüzuruna gələrək təlaşla:
300 minlik düşmən ordusu bizə doğru yaxınlaşır, -deyir.
Alparslar heç halını pozmadan belə deyir:
Biz də onlara yaxınlaşırıq.
ORUC NECƏ KÖKƏLDİR?
Həkimoğlu İsmayıldan “Ramazan ayında olmağımıza baxmayaraq bir az kökəlmisiniz. Nə əcəb?” –deyə soruşduqda belə cavab verir:
“Əfsuslar olsun ki, vəziyyət dediyiniz kimidir. Çünki iki adamın yerinə yemək yeyir, bir adamın yerinə oruc tuturam.”
ÜZÜK DAŞI
19-cu əsrin alim və şairlərindən Qaziantepli Mehmed Ağa eyni zamanda dövrünün baməzə adamlarından idi. O dövrün dövlət xadimlərindən Fuad Paşa də ilə araları yaxşı idi. Bir gün yenə birlikdə oturub söhbət edərkən Mehmed Ağanın gözü Fuad Paşanın barmağındakı üzüyə sataşır. Fuad Paşa soruşur:
- Daşına baxırsan?
- Bəli, Paşam.
- Almasdır.
- Nə faydası var, yəni bir gəlir gətirir?
- Üzük daşı nə gətirəcək Mehmed Ağa?
- Mənim də atamdan qalma iki daşım var, ildə yüz qızıl gətirir.
Paşa təəccüblə soruşur:
- Nə daşıdır ki?
- Dəyirman daşıdır, Paşam!
Məqalə dəfə oxundu |
| |
| |
| |
|