SORMA HƏR KİŞİNİN ƏSLİN, İZZƏTİNDƏN BƏLLİDİR, SÖHBƏT-İ İRFAN GÖRƏNLƏR XİDMƏTİNDƏN BƏLLİDİR. (Nəsimi)

BİR AYƏ
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!

BİR HƏDİS

Ramazan gəldiyində Cənnət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar dazəncirə vurular (Səhihi Müslim)

BİR SÖZ

Ölümü xatırlamaq tamah atəşini söndürər. (İmam Qəzali)
AXTARIŞ

 

        CƏHƏNNƏM ODUNUN DƏYMƏYƏCƏYİ GÖZ

Nazim MUSTAFAYEV


          Fənər işığının altında növbədəki post patrul xidmətindəki əsgərlərin adları oxunmağa başlandı. Əsgərlərə belə səslənilirdi: Siz postsunuz (posta gedirsiniz), durun, cəld olun, əyninizi geyinin, yoldaşlarınızı düşünün, gecikməyək, onları vaxtında dəyişək.
         Əsgərlər elə hesab edirdi ki, sanki postdan beş dəqiqə əvvəl qayıdıblar. Gecənin zil qaranlığında postdan iki saat əvvəl qayıtmışdılar. Və bu səngər yolu yenidən qət edilməli idi. Postun vaxtına hələ 40 dəqiqə var idi. Amma, hər yan qarla örtülmüşdü, 15 dəqiqəlik yolu indi 30 dəqiqəyə getmək mümkün idi. Əsgərlərin geyinərək tam hazırlığı, silahların götürülməsi və s. Tam vaxtında çağrılmış və oyandırılmışdılar.
         Çöldə zülmət qaranlıq hakim idi. İki saat əvvəl səngərdəki qar dizə çatırdı, amma indi bu qar qurşağa və daha yuxarı qalxmışdı. Külək və çovğun, bütün qarı sanki səngərin içinə süpürmüşdü. Ancaq bu yol, bu qar aşılmalı və qət edilməli idi. Bu qarın altında düşmən postu ilə üzbəüz dayanaraq torpağın keşiyini çəkən, düşməni müşahidə edən əsgər yoldaşlarımız dəyişilməli idi. Nəhayət ki, qarı yara-yara postumuza yaxınlaşdıq. Uzaqdan bir nəfər gəldiyimiz istiqamətdə fənər işığı yandırır və “duuur, parooool” deyərək kim olduğumuzu soruşurdu. Çətin də olsa postumuza vaxtında gəlib çatmışdıq. Post patrul xidmətindəki əsgərlərə heç nə olmamışdı və heç bir hadisə də baş verməmişdi. Ancaq bir az geciksəydik onların soyuqdan donma ehtimalı var idi. Bundan başqa, ətrafda hərlənən ac düşmən itləri, canavar və çaqqallar hər an əsgərlərə hücum edə bilərdi. Balaca bir qəflət, azca mürgü və yuxulamaq düşmənin postumuza girməsi üçün kifayət idi. Post müddəti boyunca düşmən tərəfini müşahidə edən əsgərin nəsibi bir düşmən gülləsi ola bilərdi. Buna qarşı tədbir isə, qar-yağış, çovğun külək demədən daim silah çiyində, əl tətikdə hazır vəziyyətdə düşməni müşahidə altında saxlamaq və postu qorumaq idi. Bu əsgərlər sanki insan bədənini virus və kənar müdüxalilələrdən qoruyan, virusun digər məkanlara sızmasının qarşısını alan hüceyrələrin vəzifəsini icra edirdilər. Vətəni qoruyurdular.
         Əsgərlərdən bəzisi öz aralarında söhbət edərkən: “Səngərin içi belə-belə döşənsəydi palçıq olmazdı”, bəzisi: “səngərin üstü belə-belə örtülsəydi qar və yağış səngərin içinə yağmazdı”, bəzisi də: məsələyə daha geniş baxaraq; “Xeyr! düz demirsiniz. 15 il əvvəl bu səngərlər yox idi. Gördüyünüz düşmən tapdağındakı bu dağların hamısı, 2 km uzaqlıqdakı işıqları yanan bu kəndlər, kəndlərdəki bütün evlər hamısı bizimdi. Torpaqlarımız geri alınacaq. O zaman səngəri döşəməyə də, üstünü örtməyə də ehtiyac olmayacaqd.” -deyirdi.
         Bu çətin şəraitdə sərhəddə, səngər içərisində keşik çəkərək yatmayan və düşməni müşahidə edən əsgərlərə Hz. Peyğəmbərimizin (s.ə.s) bir müjdəsi vermək istəyirəm. Hz. Peyğəmbərimiz bir hədisində belə buyurur:
         “İki göz vardır ki, onları cəhənnəm atəşi yandırmayacaq: Biri Allah qorxusundan ağlayan göz, digəri isə Allah yolunda səhərə kimi oyanıq qalan gözdür.” (Tirmizi, Fəzailul-Cihad 12)
         "Allah yolunda səhərə kimi oyanıq qalan göz" cümləsində oyanıq deyə tərcümə etdiyimiz sözün əsli “təhrusu – qorumaq” kökündən gəlir. Yəni düşməni müşahidə edərək, növbə çəkərək səhərləyən deməkdir. Ancaq hədisi-şəriflərdə keçən "Allah yolunda" təbirini hər səfərində "düşmən qarşısında silahlı cihad edən" bir şəxs olaraq anlamaq səhvdir. Çünki Rəsulullahın hədislərində cihadın tərifi edilərkən daha ümumi mənalara da yer verilmiş, adamın öz nəfsiylə etdiyi mübarizə də cihad məfhumuna daxil edilmişdir. Elə isə Allahın razılığını güdən hər bir səy, cəhd və çalışma bir növ cihaddır. Bu səbəblə hədis alimləri "elm öyrənərək", "ibadət edərək", "həcc edərək", "döyüşərək" oyanıq keçirilən bütün gecələrin bura daxil olduğunu ifadə edirlər. Ancaq bunu da ifadə etməliyik ki sərhəddə səngər içərisində keşik çəkərək düşməni müşahidə edən, düşmənə qarşı vətəni, torpağı və milləti qorumaq məqsədilə oyanıq keçirilən gecələr, hədisdən birinci olaraq başa düşüləcək mənadır.
         Bu hədis ölkəmizdə hər üç aydan bir hərbi xidmətə çağırılan gənclərimizə, həmçinin səngərlərdə yay-qış, isti-soyuq demədən torpaqlarımızın keşiyini çəkən, düşməni müşahidə edən əsgər qardaşlarımıza böyük bir müjdə, mənəvi güc və ruh yüksəkliyi vermək baxımından çox əhəmiyyətlidir.

 


Məqalə Oxunma Sayı dəfə oxundu