OXUMAQ, YOXSA OYNAMAQ?
Allah-Təala insanı ülvi məqsədlər üçün yaratmışdır. Bu ülvi məqsədlər üçün yaradılan insan çox təəssüf ki, bəzən nə üçün yaradıldığından qafil halda həyatını sürür. Həyatını ülvi qayələrlə deyil, əksinə sufli arzu və istəklər ardında başa vurur. Belə bir ömür sürən şəxsdən geriyə sadəcə bir yığın torpaqdan başqa bir şey qalmır. Bir insan üçün ömür deyilən sərmayəni boş yerə xərcləmək nə acı bir xüsran, Allah-Təalanın hər kəsə bir dəfə bəxş etdiyi bu sərmayəni qazanc bilib, hər an əlimizdən gedər qorxusuyla, gecə və gündüz Onun rizası üçün çalışmaq isə nə böyük xoşbəxtlikdir.
Allah-Təala yalnız bu dünyanı düşünən, oyun və əyləncəyə qapılaraq axirətə inamı zəif olanlara belə xəbərdarlıq edir; “Bu dünya həyatı, oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər!” (əl-Ənkəbut, 64)
İnsan cox vaxt əsl həyatı olan axirət yurdunu unudur başı bu dünyaya, onun bər-bəzəyninə o qədər qarışır ki, bir də görür ömür-gün keçib, əliboş qalıb, artıq ömrünün xəzanını yaşayır. Başqa bir ayədə Allah-Təala belə buyurur: “Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və (pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarıızı verəcəkdir...” (Muhamməd, 36)
Həyatımızı Allah-Təalanın razı qalacağı kimi sürə bilməyimiz əlbəttə ki, Onun əmr və qadağalarını bilməyimizə bağlıdır. Bunun üçün də oxumaq və maariflənmək vacibdir. Ramazan ayı oxumaq, öyrənmək və öyrəndiklərimizi yaşamaq ayıdır. Uca kitabımız Qurani-Kərim Sevimli Peyğəmbərimiz (s.ə.s)-ə heç təsadüfi deyil ki, Ramazan ayı kimi mübarək bir ayda və Qədr gecəsi kimi, min aydan daha xeyirli bir gecədə nazil olmuşdur. Buna dəlalət edən ayədə belə buyurulur;
“Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır...” (əl-Bəqərə, 185)
Çox düşündürücüdür ki, Quranın ilk enən ayələri elmdən, oxumaqdan və insanın yaradılışından bəhs etməkdədir. Ramazan bu dünyanı bir kənara qoyub, bir aylıq axirət üçün yaşamaq mövsümü və eyni zamanda gözəl vərdişlər qazanmaq üçün fürsət, Qədr gecəsi isə bir ömrün mühasibəsidir. Qurani-Kərimin məhz belə mübarək bir ayda nazil olması bizə ondan xəbər verir ki, bu dünyaya aldanmayaq, qul olduğumuzu unutmayaq və yalnız Onu tanıyaq və hər şeyi Onun üçün və Onunla oxuyaq. Gəlin görək ilk nazil olan ayələrdə Uca Rəbbimiz nə buyurur: “(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı ələqədən (ana bətninə yapışan qan laxtasından) yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O, Rəbbin ki, insana bilmədiklərini öyrətdi.” (əl-Ələq, 1-5)
Bu ayələrdən də gördüyümüz kimi İslamın ilk əmri “oxu”dur. Bu da oxumağın inkişaf və tərəqqi üçün nə qədər mühüm bir amil olduğunu bizə göstərməkdədir. Məhz bu ilahi əmri göz önündə tutaraq və Sevimli Peyğəmbərimiz (s.ə.s)-in elm öyrənməyə təşviqi ilə hicri ilk üç əsrdə müsəlmanlar elmlə, biliklə məşğul olmuş, elmin, sənətin, ədəbiyyatın və İslam mədəniyyətinin inkişafında mühüm rol oynamışlar. Bunları təqib edən müsəlmanlar bütün dünyada elmin hər bir sahəsində qabaqcıl olmuşlar. Bu gün bir çox insaflı Qərb alimlərinin də etiraf etdikləri kimi elmin, texnikanın, sənətin ədəbiyyatın, mədəniyyətin, bir sözlə bütün elm sahələrinin qabaqcılları Şərq İslam alimləri olmuşdur.
Gəlin görək biz bu gün nə edirik. Oxumaq haqqında dinimizin açıq əmri və bu haqda həddən artıq ayə və hədislər olduğu halda, oxumaqdan çox oyun və əyləncəylə məşğuluq. Kompyuter icad edə bilməsək də kompyuter oyunlarını cox əla səviyyədə bilirik. Mobil telefonları da onun kimi…
İnsan bir çox vərdişlər kimi kitab oxumaq vərdişini də uşaqlıqdan qazanır. İndiki uşaqlar o qədər lazımsız vərdişlər əldə edirlər ki, kitab oxumaq haqqında çox da düşünmürlər. Bu məsələdə valideynlərin də üzərinə çox məsuliyyət düşməkdədir. Uşaqlarımız üçün cürbəcür səslər çıxardan oyuncaq hədiyyələr, mahnı oxuyan kuklalar almağa o qədər alışmışıq ki, bircə dəfə də olsun onlar üçün uşaq kitabı, uşaq jurnalı almaq çoxumuzun ağlına da gəlmir. Bir sözlə Rəbbimizin “İqra” - “Oxu” əmrini biz “İqra” yəni “Oyun” ilə əvəz etmişik.
Gəlin hər birimiz bu sualı özümüzə verək. Bizə nə faydalı ola bilər? Oxumaq, yoxsa Oynamaq?!
Məqalə dəfə oxundu |
| |
| |
| |
|