HİKMƏT LÖVHƏLƏRİ
Dostun əlində can vermək
Bir padşah qəzəbləndiyi vəzirlərindən birini öldürməyə qərar verdi. Vəzirin günahı həddindən artıq böyük idi. Padşah qılıncını çəkdi və vəzirin başını bədənindən ayırmaq üçün üstünə getdi. Hər kəs qorxu içində susub qalmışdı. Heç kimin vəzirin bağışlanması üçün bir söz söyləməyə cəsarəti çatmırdı. Bu iş baş vəzirə təsir etdi. Baş vəzirin padşah yanında böyük hörməti vardı. Tez yerindən qalxıb padşaha təzim etdi və vəzirin bağışlanmasını rica etdi. Padşah dedi:
“- Şeytan da olsa əfv etdim. Minlərlə günahı olsa da sənin xətrinə bağışlaram. Çünki sən mənim yanımda çox qiymətlisən. Sən olmasaydın, onun bədəninin hər zərrəsi yalvarsaydı, yenə də əfv etməzdim.”
Baş vəzirin ricası ilə ölümdən qurtulan vəzir hər kəsdən, hətta baş vəzirdən belə əlaqəni kəsdi. Yolda ona rastlasa üz çevirər, yolunu dəyişdirərdi. Bu hadisə hər kəsi təəccübləndirdi. Əhvalat dildən-dilə düşdü. Bəziləri də belə dedi:
“- Deyəsən vəzir dəli olub. Dəli olmasa onu ölümdən qurtaran dostuna qarşı belə davranmazdı. O, onun canını qurtardı, bu isə ona kin bəsləyir. Belə də iş olar?!”
Dostlardan biri onların arasını düzəltmək istədi. Vəzirə belə dedi:
“- Heç belə dosta qarşı kin bəslənərmi? O, səni padşahın əlindən qurtardı. Sənə qarşı pis iş görsə də sən ona bu kini bəsləməməliydin. Çünki sənin baş vəzirə can borcun var.”
Vəzir bütün bu ittihamları dinlədikdən sonra belə dedi:
“- Mən padşahımın əlində can vermək istəyirdim, o, niyə araya girdi ki? Padşahın qəhri mənə başqalarının rəhmətindən daha yaxşıdır. Mən ondan başqasından heç bir şey ummuram.”
İbrahim (ə.s.) da atəşə atılanda Cəbrayılın (ə.s) Dost ilə arasına girməsinə razı olmadı. Rəvayətə görə İbrahim (ə.s) atəşə atılanda Cəbrayıl (a.s) gələrək:
“- Bir ehtiyacın varmı? -deyə soruşdu. O da:
“- Sənə bir ehtiyacım yoxdur” demişdi. Cəbrayıl (ə.s):
“- O zaman Allahdan səni qurtarmasını istə” dedi. Xəlil İbrahim (ə.s):
“- Onun mənim halımı bilməsi mənə yetər. Təkrar istəməyə ehtiyac yoxdur” demişdi.
İBRƏTLƏR
Qədərə Təslim Olmaq
Bir gün Əbdülməlik vəba epidemiyasından qaçmaq üçün gecə vaxtı miniyinə minib yola çıxdı. Miniyin üstündə mürgüləyən, amma hadisələri yaxşı dəyərləndirən bir uşaq da vardı. Əbdulməlik ona dedi ki:
“- Mənə bir şey söylə.” Uşaq dedi:
“- Mən kiməm ki, sizə nə isə söyləyim? Əbdülməlik:
“- Hər hadisə haqqında bir eşitdiyin var. Onlardan anlat” Uşaq dedi:
“- Eşitdiyimə görə, bir zamanlar bir tülkü özünü qoruması qarşılığında bir aslana xidmət edirmiş. Günlərin birində tülküyə bir qartal hücum etdi. Tülkü ondan qurtulmaq üçün aslana sığındı. Aslan tülkünü gizlətməyə çalışsa da qartalın caynağından onu qurtara bilmədi. Qartalın əlində son dəmlərini yaşayan tülkü: “Bəs sən məni qorumağa söz vermişdin. Nə oldu?” Aslan tülküyə cavab verdi: “Ey tülkü! Mən səni yerdəki bəlalardan qorumağa söz verdim. Göydən gələn bəla qarşısında mən də acizəm”.
Bu hekayəni dinləyən Əbdülməlik uşağa təşəkkür etdi və belə dedi:
“- Sən mənə qədərə təslim olmağı öyrətdin.”
Qazının Fərasəti
Tabiun nəslindən olan böyük İslam alimi Şabi deyir ki:
“Qazı Şüreyh ilə bərabər idik. Hüzuruna bir adamdan şikayət edən qadın gəldi.
Qadın şikayətini söyləyərkən elə için-için ağlayırdı ki, mən dayana bilməyib:
- Ya Əba Umeyyə! Hərhalda bu qadın haqlıdır, məzlumdur. Görmürsən necə ağlayır?
Qazı Şüreyh mənə baxaraq:
- Tələsmə, ey Şabi! Unutma ki, Yusif (ə.s)-ın da qardaşları atalarının yanına qanlı köynəklə ağlaya-ağlaya gəlmişdilər. Bu qadının ağlaması onun günahsız olduğuna sübut deyil.”
Həqiqətən də bir müddət sonra əsl günahkarın o ağlayan qadın olduğu ortaya çıxdı.
Son Nəsihətlər
Hz. Əli (r.a) ölüm döşəyində ikən oğlu Hz. Həsənə (r.a) bu nəsihəti etmişdi:
“Zənginliyin ən yaxşısı ağıl zənginliyidir.”
“Ən böyük yoxsulluq axmaqlıqdır.”
“Ən böyük tənhalıq özünü bəyənməkdir.”
“Ən böyük şərəf gözəl əxlaqdır.”
“Axmaqla yoldaş olmaqdan çəkin, çünki sənə fayda vermək istəyərkən zərər verər.”
“Yalançı ilə yoldaş olmaqdan çəkin, çünki o sənə uzağı yaxın, yaxını uzaq göstərər.”
“Xəsis ilə yoldaş olmaqdan çəkin, çünki ona ehtiyacın olduğun anda yanında tapmazsan.”
“Fasiqlə yoldaş olmaqdan çəkin, çünki o səni çox dəyərsiz şeylərə satar.”
Məqalə dəfə oxundu |
| |
| |
| |
|