Cavabsız Suallar
Hər birimizin uşaqlıqdan bəri qəlbində cavabsız qalan sualları və bu cavablar müqabilində quracağımız bir həyat tərzi vardır. Cavabsız suallar ətrafında dövr edən həyatımız ömrün enişli-yoxuşlu yollarında cavab axtarır cavabsız suallara. Hələ uşaq ikən valideynlərimizə ünvanlayıb cavab ala bilmədiyimiz suallarımız ömrümüzün fərqli mərhələlərində sayını daha da artırmışdır. İnsan həyatının fərqli mərhələləri olduğu kimi, o mərhələlərin də müxtəlif cavabsız sualları vardır. Bu bir həqiqətdir ki, hər bir suala mükəmməl və dolğun cavab verilməsi də mümkünsüzdür. Ancaq suala cavab verə bilmiriksə, ona yalan cavab verməyimiz də qəbahətdir. Mən burada sizinlə məktəbdə müəllimin tələbəyə verdiyi cavabsız suallardan deyil, həyatımızın bütün mərhələlərində qarşılaşdığımız cavabsız suallardan danışmaq istəyirəm. İlk olaraq mövzuya hər birimizin uşaqlıqda cavabsız qalan suallarında başlamaq istəyirəm.
Belə ki, bir kiçik uşaq beyninin məhsulu olub, sadəliyi ilə bərabər mürəkkəbliyi ilə seçilən cavabsız suallara cavab axtarmaq bütün valideynlərin başlıca vəzifələrindən biridir. Görəsən bu gün cəmiyyətimizdə nə qədər valideyn var ki, onlar öz övladlarının suallarına düzgün cavab axtarır? Valideynlərin əksəriyyəti bunu işlərinin çoxluğu, problemlərinin kifayət qədər olması və uşağın uşaq sualı verməsi ilə əlaqələndirirlər. Bu məqamda onu da qeyd etməliyəm ki, öz övladlarının suallarına tutarlı cavab verə bilməyən əksər valideynlər cəmiyyətimizdəki sosial problemlərin qurbanına çevrilən valideynlərdir. Belə ki, öz övladının sosial problemlərini lazımi dərəcədə həll edə bilməyən bir ata məcburiyyət qarşısında öz övladının suallarını ya cavabsız qoyur, ya da sualın cavabına yalan donu geyindirir. Gəlin bu reallığa birlikdə nəzər yetirək.
Öz övladı ilə birlikə parkda gəzən bir atanı düşünək. Hər birimizin bildiyi kimi uşaqlar dərk etdiklərini deyil, görüb xoşladıqları şeyi istəyir və ona meylini salır. İsti yay günlərində hər tərəfdə fərqli sərinləşdirici içkilər, müxtəlifliyi ilə göz qamaşdıran dondurmalar və uşaqların ən çox sevdiyi oyuncaqlar küçələri bəzəyir. Aylıq məvacibi ailəsinin bir aylıq dolanışığına çatmayan bir atanın yuxarıda qeyd etdiyimiz yerlərdən keçərkən nələr hiss etdiyini yəqin ki, hər birimiz çox yaxşı başa düşürük. Burada sadəcə fəlakət atanın hiss etdikləri deyil, minlərlə imkansız uşağın göz haqqına səbəb olan yeyinti və ya oyuncaq məhsullarının küçələrdə sərgilənərkən uşğın atasına “Ata, bundan mən də istəyirəm nə üçün mənə almırsan?” dedikdən sonra atanın imkansızlıqdan başını önə əyib minbir bəhanə ilə uşağı oradan uzaqlaşdırmasıdır. Arxada qalan mənzərə isə daha acıdır. Uşağın beyninə əbədi həkk olunan yeni bir sual:
“Ata, axı mən də ondan istəyirəm? Nə üçün onun atası ona aldı sən isə almırsan?”
Əlindən qaçıb dondurmaya yaxınlaşan uşağını sakitləşdirməyə çalışarkən, qəlbi qan ağlayan atalar çoxdur cəmiyyətimizdə. Uşaq isə hələ uşaqdır. Əli qabar olan atanın əziyyətini başa düşməyəcək qədər körpədir.
Ancaq onun atası onun gözündə hər kəsdən igid, bilikli və qorxmazdır. Vay o gündən ki, imkansızlıq ucbatından ata öz övladının gözündə uca zirvələrdən aşağı enə.
Hörmətli oxucu, bəlkə də sən məni yaxşı başa düşürən bu sətirləri oxuyarkən. Bəlkə də, sənin də qarşına çıxıb belə insanlar. Əgər yox qarşıma çıxmayıb deyirsənsə yanılırsan. Bu heç bir zaman sənin dediyin kimi ola bilməz. Çünki belə insanlar bütün zamanlarda olmuşdur və olacaqdır. Sadəcə onları görmək, dərdlərinə şərik olmaq bizim başlıca borcumuzdur. Əgər onlara kömək etməyə imkanımız çatmırsa, ən azından küçədə əlimizdə yediyimiz dönərləri, iştaha ilə içdiyimiz sərinləşdirici içkiləri gizli bir yerdə yeməyə, içməyə diqqət yetirək. Heç əlində dönər yediyin zaman ətrafında sənin yediyinə həsrətlə baxan insanları görmədinmi? Sən ucuz suları bəyənmədiyin halda susuzluqdan dodaqları çatlayan insanlara nəzər yetirmədinmi? Sən içərisində sərinləşdirici qurğusu olan bahalı maşınlarda gəzərkən iyirmi qəpiyi tapa bilməyib, ailəsinə çörək pulu qazanmaq üçün piyada gedən insanlarla rastlaşmadınmı? Bəlkə də mənə elə gəlir ki, budur ən başlıca cavabsız suallar. Əgər biz belə sualları doğru cavablandıra bilsəydik, cəmiyyətimizdə nə gözü başqalarında olan uşaqlar nə də imkansızlıqdan başları övladlarının qarşısında bükük valideynlər olardı. Həyatda ən böyük qəhrəmanlıq sual verib qarşındakı insanı çıxılmaz vəziyyətdə qoymaq deyildir, həyatda ən böyük qəhrəmanlıq cavabsız suallara doğru cavab tapıb imkan daxilində başqalarının problemlərini həll edə bilməkdir.
Məqalə dəfə oxundu |
| |
| |
| |
|