BU AY SİZƏ QONAQ GƏLDİK
Müqəddəs bir mövsümün son halqası Ramazan... Üç aylar ilə başlayan həyəcan Ramazan ayı ilə taclanır. Peyğəmbərimizin həmişə təkrar və tövsiyə etdiyi dua var: “Allahım, Rəcəb və Şaban ayını bizə bərəkətli et və bizi Ramazan ayına çatdır.”
İlk iki ayın bərəkətidir Ramazan ayına qovuşmaq. Və bu ayda Rəbbimizin bəndələrinə lütf etdiyi sonsuz mərhəmətdir bərəkət. Ramazana çatmaq bir bəxtiyarlıqdır.
Sürətlə axan bir zaman selinin içindən sizi müqəddəs bir əl götürür və rəhmətinin bol olduğu, cənnətin qapılarının sonuna qədər açdığı bir aya qovuşdurur.
Dualar daim bir sonrakı Ramazana çıxmaq üçündür. Bir daha o Peyğəmbər iqliminə... Oruc bizi nə qədər tuta bildi? Biz nə qədər orucu tuta bildik? Bir il keçdi, nə qədər daşıya bildik o müstəsna zamanların üzərimizdəki təsirini? Oruc bir il, hətta bir ömür boyu istiqamətimizi pozmamaq üçün mənəvi enerjimizi təmin etməli olduğumuz bir aydır.
Bizə bir şans da verir. Bizə möhlət verir. Etdiyimiz səhvləri düzəltmək imkanı verir. “Keçən on bir ayda məni unutdun, ancaq haydı, sənə bir şans da verirəm!” -deyir. Hətta o ayın içində min aydan daha xeyirli bir gecədə ilahi bir vüsləti nəsib edir bizə.
Məhz Ramazanın ən böyük bərəkətidir bu...
Təkrar qapısındayıq Ramazan ayının. Uzun bir ayrılıqdan sonra təkrar qonaq edəcək bizi. Biz sınıq-salxaq hisslərimizlə və yorulan ruhumuzla yenidən dirilməyə gəldik. Yenidən yuyunmağa və paklanmağa... Özümüzü tapmağa. Təkrar hesabatını aparmağa həyatımızın. Və etdiyimiz yaxşılıqlara yenilərini qatmağa, səhvlərimizə tövbə etməyə. Onun üçün qapısındayıq bu vüslət ayının.
Gecələri namazla, gündüzləri orucla bu müqəddəs aya qonaq olmaq üçün gəldik. Axı Ramazanla yalnız şəhərlərimiz işıqlanmır?! Yalnız məscidlərimizdən yüksələn sədalar və minarələrdə asılı şüarlar işıqlandırmır ətrafı! Ürəklərimizin cansızlaşan işıqları da parlayır. Solan ruhumuz gümrahlığa qovuşur, yenidən həyat tapır. Və Ramazanda məscidlərimiz deyil yalnız dolub daşan. Bu məscidlərdən bizim qardaşlığımız daşır. Birliyimiz, bərabərliyimiz daşır. Eyni həvəslə və eyni dua ilə qalxan əllərimiz bizi Onun iqlimində birləşdirir. Rəhmanın hüzurunda birlikdə dayanmanın həzzini yaşadır bizə Ramazan. Sonuna qədər açılan tövbə qapısından sən də gir deyir. Sən də gəl bu rəhmət dəryasına. Bu gün əfv günü, bu gün Rəbbinə qaçaraq gedənlərin, Rəbbin onlara qaçaraq gəldiyi gün.
Bəli, gəldik. Peşmanlığımızla, səhvlərimizlə, utancaqlığımızla gəldik. Rəhməti sonsuz olanın mərhəmətinə sığınaraq gəldik.
Gəl, deyir Ramazan. Gəl, bədəninlə oruc tutduğun kimi, qəlbinlə də oruc tut. Qəlbində mömin qardaşına qarşı kin və nifrətə yer saxlama!
Qəlbin bütün pis düşüncələrə qarşı oruclu olsun. Təmizlənsin fəsaddan, həsəddən, nifaqdan. Qəlbin oruc tutsun əvvəl. Günah kirlərini bir-bir sil bu ayda.
Könülünlə tut orucu. Heç bir könlü incitmə. Könlünə də heç bir zaman alaq otları əkmə. Könül gülüstanında dözüm çiçəklərin, əfv güllərin olsun. Bir qardaşını bağışlamağı ona bir gül dəstəsi vermək olaraq gör.
Heç kimdən incimə. Bir dərya kimi ol. Bütün çaylar səndə qovuşsun. Səndə bir-birinə qarışsın.
Dilinlə tut orucu. Həzrət Məryəm kimi. Susacağın yeri də bil, danışacağın yeri də. Dilin fəlakətlərindən qorunmaq üçün “sükut orucu” tut. Sükutun təfəkkürə aparan yol olsun...
Gözünlə tut orucu. Rəbbinin bax dediyinə bax, baxma dediyinə baxma. Gözünə girən hər pis görünüş ürəyinin orucunu pozar. Ürəyinin orucu pozulmuşsa, aç qalmağına Rəbbinin ehtiyacı yoxdur. “Göz ürəyin aynasıdır.” Gözünü “gözün kimi qoru.” İbadətlərində huşunu tapmaq istəyirsənsə, baxdıqlarına diqqət yetir. Baxdığın şeylərə də ibrət nəzəri ilə bax. Yaradanın ülviliyini təsdiq üçün bax.
Əlinlə tut orucu. Əlin şəfqət əli olsun. İnfaq ibadətinin ən məqbul olduğu, möhtacların, qəriblərin ümidlə dolu olduğu bu ayda infaq edə bildiyin qədər et. İnfaq edərək tut orucunu. Əlinə hakim ol. Əlini verməyə alışdır. Sənə lütf edənin verdiyi kimi. Comərd ol. Sən comərd olduqca Allahın “Ğaniy” adının təcəllisini görəcəksən həyatında.
Oruc ac qalmaq deyil. Ac qalmağın öyrətdiyi mənəvi bir intizamdır. Aclığı nəfs təzkiyəsi üçün istifadə edə bilməkdir. Oruc bir qonaq deyil. Biz qonağıq. Oruc hər ilin Ramazan ayında qonağı olduğumuz, görüşdüyümüz və hallaşdığımız bir ev sahibidir.
Ramazan ayı bizi çağırır. Gəlin, deyir. Gəlin bu ayda bütün pisliklərdən təmizlənin. Paklanın. Fiziki aclıqla birlikdə gəlin bütün üzvlərinizlə oruc tutun. Dilinizlə, ürəyinizlə, gözünüzlə, könlünüzlə oruc tutun. Bu zaman dilimində yeni bir başlanğıc edin deyir, Ramazan ayı. Həyatınızla əlaqədar yeni başlanğıclar edin.
Biz də “ləbbeyk” deyirik. Yeni bir başlanğıc üçün, təmizlənmək üçün bizi qonaq edərsənmi?
Ey oruc! Biz gəldik.
Məqalə dəfə oxundu |
| |
| |
| |
|