RAMAZAN MÜHACİRİ OLMAQ
Rüfət Şirinov
Həqiqi mühacir
Allahın qadağan ettiyi şeyləri tərk edəndir
Hicrət dedikdə ilk ağla gələn Peyğəmbər (s.ə.s)-in Məkkə şəhərindən Mədinə şəhərinə etdiyi hicrət (köç) ağla gəlir. Sözün əsl mənasında ilk hicrət edənlər (mühacir) Allah və Rəsulü tərəfindən təqdir edilərək öyülmüş, onlar üçün böyük mükafatların veriləcəyi vəd edilmişdir. Əlbəttə ki, hicrətdə fiziki ayrılıqla bərabər mənəvi ayrılıq da önəm kəsb edir. Həzrət Peyğəmbər Məkkədə fiziki baxımdan bütləri, əziyyəti, mənəvi baxımından da günahları və haqsızlıqları tərk edərək, əziyyətsiz və günahsız bir cəmiyyət təsis etmək üçün Mədinəyə hicrət etdi. Niyyət hədisi olaraq elm dünyasında məşhur olan “Əməllər niyyətlərə görə dəyər qazanar” hədisinin sonundakı, “…kimin hicrəti Allah və Rəsuluna isə onun hicrəti də Onadır” buyurulmasının əsas səbəbi də məhz hicrətin əsas məqsədinə diqqətləri cəlb etməkdir. Təbii ki, bu da mənəviyyatla, ruhla edilən hicrətdir.
Hicrətdə tərk etmək məqsədi çox önəmlidir. Hicrətdə nəyin nə üçün tərk edildiyi bilinməlidir. Həzrət Peyğəmbər hicrətin və mühacirin nə və necə olduğuna belə diqqət çəkir “Ən üstün hicrət Allahın sənə haram etdiklərini tərk etməndir” (Buxari, Əbu Davud) “…Həqiqi mühacir, Allahın qadağan etdiyi şeyləri tərk edəndir”(Əbu Davud, Nəsai) Bu və buna bənzər hədislər hicrətin sadəcə məkanı tərk etmək olmadığnı, əslində günah və haqsızlıqlardan uzaqlaşmaq olduğunu göstərməkdədir. Odur ki, tərifə layiq olmaq və mühacir adını almaq şərəfi hər bir müsəlman üçün dünya var olduğu müddət ərzində mümkündür. Bu mənada, Allah və Rəsulu tərəfindən xəbər verilən ən sevindirici müjdəyə nail olma fürsətlərindən biri də on bir ayın sultanı Ramazan ayıdır. Ramazan ayı hər birimizə günhları tərk edərək savablara doğru hicrət etmək fürsəti tanımaqdadır.
Ramazan ayı günahları tərk etmək ayıdır. Yəni günahlardan savablara hicrət etmək ayıdır. Uca Allah bu mübarək ayda şeytanları zəncirə vuraraq bəndələrinə günahlardan uzaqlaşmaq üçün fürsət tanıyır. Hər bir müsəlman kapitalist dünyanın qəflət yuxusundan oyanaraq bu fürsəti dəyərləndirməlidir. Hər bir oruc, hər bir namaz, hər bir yardım ehsan və hicrət ruhu ilə, bu düşüncəylə həyata keçirilməlidir. Uca Allahın Qurani- Kərimdə buyurduğu “Şübhəsiz namaz pislikdən və münkərdən uzaqlaşdırar” (əl-Ənkəbut 45) ayəsində namaz ibadəti timsalında bütün ibadətlərimizin bizi günahlardan uzaqlaşdırıb savablara yaxınlaşdırmalı olduğu ifadə edilməkdədir. Əgər ibadətlərimiz nəticəsində müsbət yöndə dəyişiklik meydana gəlməzsə nöqsanı namaz, oruc və digər ibadətlərdə deyil, bizim səmimiyyətimizdə görmək lazımdır. Niyyətimiz və əməllərimiz İslamın buyurduğu kimi olmazsa nəticədə qıldığımız namaz sadəcə idmandan ibarət olar, tutduğumuz oruc sadəcə ac qalmaq sayılar, kəsdiyimiz qurbanlar da sadəcə ət təmin etməkdən ibarət olar. Əfsuslar olsun ki, son dönəmdə diyeta və pəhriz saxlamaq məqsədiylə oruc tutmaq dəbi gündəmi məşğul etməkdədir. Müsəlman hər fürsəti lehinə çevirməlidir. Əgər biz orucu “Oruc Mənim üçündür və onun savabını da Mən verəcəyəm” (Müslim, Siyam,164) hədisini də əsas alaraq Allah üçün tutsaq həm ibadətimizi etmiş olarıq, həm də orucun digər faydalarından istifadə etmiş olarıq. Bütün ibadətlərdə vasitələr deyil, məqsəd önəmlidir.
İbadətlər İslamın zirvə nöqtəsi olan ehsan duyğusuyla edilməlidir. Ehsan “sən Allahı görməsən də O səni daim görür” düşüncəsiylə yaşamaq və ibadət etməkdir. Necə ki, video kameralarla izlənən obyektlərdə çalışan şəxslər oğurluq və fırıldaqlıq etməkdən çəkinir, ilahi kameranın hər an bizi izlədiyi düşüncəsində olan müsəlman da günah işləməkdən və haqsızlıq etməkdən çəkinər. Bu Ramazan ayı hər birimiz üçün ehsan duyğusunu əldə etmək üçün bir fürsət ayı olmalıdır. Ehsan duyğusuyla tutulan oruclardan daha çox zövq alınacağı qətidir. Həmçinin bu duyğu bizi günahlardan çəkindirərək savablara və Allahın rizasına daha da yaxınlaşdıracaqdır. Nəticədə yuxarıda qeyd etdiyimiz ibadətlər, oruc, namaz, zəkat və s. məqsədinə uyğun şəkildə əda edilmiş olar.
Gəlin bu Ramazan hər birimiz üçün günahlardan savablara sarı hicrət ayı olsun. Hər birimizin həyatını yenidən tənzimləmə ayı olsun. İbadətlərimizi fiziki hərəkətlərdən qurtararaq əslinə çevirmə ayı olsun. Unutmayaq ki, cənətin yolları əngəllərlə əhatələndiyi kimi, cəhənnəmin yolları da əngəlsizdir.
Hər nə qədər fiziki hicrətin on dörd əsr bundan əvvəl bitdiyi ifadə edilsə də, günhalardan hicrət axirətə kimi davam etməkdədir. Günah bataqlığından, savab dəryasına hicrət edən əsl mühacirlər olmaq ümidi ilə...
Ramazan ayınız mübarək olsun!
Məqalə dəfə oxundu |
| |
| |
| |
|