ƏXLAQİ TƏKAMÜL AYI
Həyat elə qurulub ki, hər bir varlıq baxıma möhtacdır. Hər yeni köhnəlir, fəaliyyətdə olan və ya işlədilən hər şey zamanla aşınır. Bu aşınma onun fəaliyyət tempini aşağı salır. Keyfiyyət azalır. Bir müddət sonra yararsız hala gəlir. İstər əşya, istər torpaq, istər məhsul, istər maşın olsun, istərsə də insan, hər bir varlıq vaxtaşırı müəyyən tədbirlərlə fəaliyyətlərini daha səmərəli hala gətirmək üçün yoxlanışdan keçirilir. Böyük zavodlar, fabriklər öz avadanlıqlarını yoxlanışdan keçirmək üçün ildə ən az bir dəfə profilaktik tədbirlər görürlər. Sürücülər daha yaxşı bilir, ildə bir dəfə avtomobillər texniki baxışdan keçirilir. Normal cəmiyyətlərdə insanlar vaxtaşırı həkimə müraciət edərək özlərini müayinə etdirirlər. Bəli, işləyən hər bir şey zamanla aşınır. Baxışa, təmirə ehtiyac hiss edir. Və canlı-cansız hər bir varlıq bu baxışlardan sonra, dəfələrlə təmirdən sonra da olsa onun üçün təqdir edilmiş vaxt gəldiyi zaman tarix səhnəsindən silinib gedir. Ancaq heç bir şey yox olmur. Bəziləri təkrar emal olunur, bəziləri torpaqda öz ömrünü davam etdirir.
Və bəziləri də, yəni konkret insan torpaqda bir müddət qaldıqdan sonra yeni bir həyatda əbədi ömür sürmək üçün dirildiləcəkdir. Bu bir həqiqətdir. Bu həqiqəti bizə “Qidəm” və “Bəqa” sifətlərinə sahib olan, yəni əzəli və əbədi olan Uca Yaradan bir hərfində belə şübhə olmayan, müttəqilər (Allahdan qorxanlar) üçün hidayət rəhbəri olan Kitabında xəbər verir:
“Məgər inanmayanlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!” (əl-Əhqaf, 33)
“Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir! O saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!” (əl-Həcc, 6-7)
Yaradanın bir adı da Rəbbdir, yəni O, hər şeyi tərbiyə edir. İnsan isə “bəndə”dir. Hər cəhətdən Allaha möhtacdır. Ağlımıza anlama, ürəyimizə sevmə, hafizəmizə yadda saxlama, əlimizə tutma, ayağımıza yerimə, ciyərimizə nəfəs alma, mədəmizə həzm etmə qabiliyyəti verən Allahdır. Bizə hər şeyi bəxş edən Allah bütün bunların qarşılığında yalnız Ona ibadət etməyimizi istəyir. Uca Allah buyurur:
“Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)” (əl-Bəqərə, 21)
Bu müqəddəs vəzifəni dərk etmək üçün Allah bizim vicdanımıza bəzi işarələr qoymuşdur. Özümüzdən böyüklərə hörmət göstərmək, ata-anaya itaət etmək bir vicdani vəzifədir. Nə üçün? Böyük olduqları üçün, ata-ana olduqları üçün. Allah-Təala ayədə də bizim vicdanımıza xitab edir və “Rəbbinizə ibadət edin” deyə əmr edir. Çünki bizi O tərbiyə edir. Atamızın yediyi qidanı məni halına O çevirir, bizi ana rəhmində əvvəlcə laxtalanmış qan halında, sonra da bir parça ət şəklində O saxlayır. İndi də dünya adlı başqa rəhmdəyik. Burada da Allah bizdən qulluq etməyimizi istəyir.
İllər, fəsilliər bir-birini əvəz edir və artıq Rəbbimizə qarşı qulluq vəzifələrimizdən biri olan oruc ibadətinin yerinə yetirildiyi bir ay olan Ramazanın kölgəsi üzərimizə düşür. O oruc ki, il ərzində istər maddi, istərsə də mənəvi cəhətdən yorulan insan üçün bir reabilitasiya ayıdır. Uca Allah buyurur:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz (vacib) edildiyi kimi, sizə də fərz (vacib) edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə, 183)
Bəli, Rəbbimiz bizi dünya həyatında pis əməllərdən çəkindirmək, yaradılışımızdakı paklığı qoruyub saxlamaq, zamanla dünya kirləri ilə aşınan ürəyimizin, imanımızın yenilənməsi üçün bizə oruc tutmağı əmr edir. Rəbbimizin bütün əmrləri dünya həyatında insanları eyni zamanda tərbiyə etmək üçündür. Oruc da Uca Yaradanın insanı dünyadakı tərbiyə metodlarından biridir.
İslamiyyətin beş şərtinə baxdığımız zaman hər ibadət öz içində bir təkamül təşkil edir. Bu ibadətlər nəticəsində insanın əldə edəcəyi müəyyən nəticələr var. İbadətlər arasında bir bağlılıq var. Məsələn, namazın əsasında təmizlik var. Namaz insanı maddi və mənəvi pisliklərdən təmizləyir. Oruc da elədir. Vücudumuza bir şey girdiyi zaman orucumuz pozulur. Burada söhbət yalnız qidadan getmir. Əslində heç bir şey, məsələn yalan, qeybət, dedi-qodu, paxıllıq, kin, nifrət, düşmənçilik oruclu olduğumuz əsnada bizim içimizə girməməlidir. Yoxsa orucdan bizə qalan yalnız aclıq və susuzluq olar.
Məqalə dəfə oxundu |
| |
| |
| |
|