ORUC AYI
Oruc ayı olan Ramazani-Şərif rəhməti bol, feyzli həyatın yaşandığı mübarək bir mükafat ayıdır. Ruziləndiyimiz saysız nemətlərin qədrini xatırladan bu ayda insan kasıblığın və yoxsulluğun nə demək olduğunu daha yaxşı dərk edər.
Oruc imsakla başlayır. İmsak tutmaq deməkdir. Yəni ibadət məqsədiylə nəfslə mücadilə etməkdir. Oruc yemək və içməkdən əl çəkməklə bərabər kamil oruc dili pis sözdən, dedi-qodudan və gərəksiz danışıqlardan qorumaq, əli haramdan uzaq tutmaq, qulağı və digər əzaları haramdan çəkindirməklə mümkün olur. Oruc qalxandır. İnsanın bitib-tükənməz arzularına qarşı ona nəfsi arzulardan uzaq durmağı təmin edər, iradəni gücləndirərək onun istəklərinə qarşı qoruyucu qalxandır.
Ramazani-Şərif möminlərə fəzilət və kamillik qazandıra biləcək ilahi bir rəhmət mövsümüdür. Oruclu ikən ağıza bir şey girməməyə diqqət edildiyi kimi ağızdan çıxan sözə də diqqət edilməlidir. Dedi-qodudan və başqalarını incitməkdən son dərəcə qorunmalı, orucun fəziləti azaldılmamalıdır.
Allah Rəsulu (s.ə.s) buyurdu:
“Oruc orucluya yaraşmayan şeylərlə zədələnmədikcə (oruc tutan üçün) bir qalxandır.”
Dedilər ki:
“(Oruclu) onu nə ilə zədələyər?”
Buyurdu:
“Yalan və qeybətlə...” (Nəsai)
Çünki yalan və qeybət sahibləri gündüzlər halal qidalardan nəfslərini məhrum qoyaraq oruc tutarlar, ancaq yalan və qeybətləri səbəbiylə də insan əti yeyərək mənən haramla iftar etmiş sayılarlar.
Həzrət Peyğəmbər (s.ə.s):
“Oruc və Quran qiyamət günündə bəndəyə şəfaət edəcəkdir. Oruc səbrin yarısıdır.” –buyurmuşdur.
Orucun əcri Allah qatında qorunub saxlanır. Qüdsi hədisdə buyurulur:
“Adəm oğlunun hər əməl və hərəkəti özünə aiddir. Oruc isə belə deyil! O, mənim üçündür. (Çünki Mən yemirəm, içmirəm və bütün bəşəri sifətlərdən uzağam.) onun mükafatını Mən (xüsusi şəkildə) bol-bol verəcəyəm.”
Bu qüdsi hədisin ardından Rəsulullah (s.ə.s) belə buyurdu:
“Oruclunun sevinəcəyi iki an vardır:
1. İftar etdiyi zaman (Allahın nemətlərinə qovuşduğu üçün) sevinər.
2. Rəbbinə qovuşduqda da orucun bərəkətiylə nail olduğu yüksək dərəcə üçün sevinər.” (Buxari)
Hədisi-şərifdə buyurulur:
“Cənnət hər il Ramazan üçün bəzənərək belə deyər:
- Allahım! Bizim üçün bu ayda qullarından bizdə qalacaq insanlar qıl...” (Təbərani)
Həmçinin Rəsulullah (s.ə.s) buyurur:
“Oruc tutun ki, sağlam olasınız!” (Təbərani)
“İftara tələsin, sahuru gecikdirin!..”
Oruclarımızı zədələməkdən çəkinməliyik. Qəzəbdən şiddətlə uzaq durmalıyıq.
Hədisi-şərifəd buyurulur:
“Oruc sadəcə yemək-içmək və s. dən kəsilmək deyildir. Kamil və savablı oruc ancaq faydasız sözdən, boş vaxt keçirməkdən, pis söz söyləməkdən (dedi-qodudan) və nəfsi-əmmarənin bütün təmayüllərindən vaz keçməkdir.
Əgər kimsə sənə pis söz söyləyər, yaxud sənə qarşı cahilanə bir hərəkət edərsə öz-özünə: Heç şübhəsiz ki, mən orucluyam! –de və səbir et!” (Hakim, Beyhəqi)
Çünki Ramazani-Şərifin bir adı da Şəhrus-Sabirdir.
Səbir gözəl əxlaqın ağırlıq mərkəzidir. İmanın yarısı, fərəh və səadətin açarıdır. Cənnət nemətlərinə qovuşduran böyük bir nemətdir.
Səbrin dünyəvi tərəfi acı, axirət tərəfi çox parlaqdır. Səbrin acılarına sinə gərənlər əbədiyyət dövləti olan cənnətə və Allahın rizasına qovuşarlar.
Hər halda Allahın əmr və qadağalarındakı nemət, hikmət və ilahi mükafatları düşünmək səbri asanlaşdırır.
Səbrin ilk şərti də hadisə ilə ilk qarşılaşma zamanında olmasıdır. Sonrakı səbrin nə faydası var.
Oruclarımızı Allah bərabərliyində tutmamız üçün “sahur, təravih, zikr, Quran və dua” kimi mənəvi istinadlardan ləzzət almaq gərəkdir.
İftar zamanı da duaların qəbul olduğu vüslət dəmidir. Bu həyəcanlı anların birlikdə yaşanması da xüsusi bir rəhmət və bərəkət qaynağıdır. Həzrət Peyğəmbər (s.ə.s) buyurur:
“Kim bir orucluya iftar verərsə oruclunun əcri qədər –oruclunun savabından heç bir şey əskilmədən- əcr alar.” (Tirmizi)
Bu müjdəni alan kasıb səhabələr Rəsulullah (s.ə.s)-in yanına gələrək imkanlı adamlar kimi oruclu bir adamı doyuracaq dərəcədə iftar verməyə güclərinin çatmadığını hüznlə ərz etdikləri zaman Allah Rəsulu belə buyurdu:
“Kim bir orucluya bir xurma ilə iftar etdirsə və ya bir udum su, yaxud da bir azcıq südlə iftar verərsə Allah-Təala ona eyni savabı verər.”
Allahın sonsuz kərəmindən ümid edirik ki, Həzrət Peyğəmbərin tövsiyələri ilə mübarək Ramazan ayını daha fəzilətli keçirəcək, bu ayda savab əməllərin ardınca düşərək günahlardan uzaqlaşacağıq.
Hədisi-şərifdə buyurulur:
“Əgər insanlar Ramazani-Şərifin nə olduğunu layiqincə bilsəydilər bütün ilin Ramazan olmasını arzulayardılar.”
Bütün ömrünüz Ramazan, Ramazanınız da mübarək olsun!..
Məqalə dəfə oxundu |
| |
| |
| |
|