Rəsulullahı sevən hər bir kəs
Əhli-beyti də sevməlidir!
İrfan jurnalı: Adem bəy, əvvəlcə özünüz haqda qısa məlumat verərdiniz.
Adem Saraç: 1958-ci ildə Artvində dünyaya gəlmişəm. 1984-cü ildə Marmara Universiteti Ilahiyyat Fakültəsindən məzun olmuşam. Ilahiyyata başladığım illərdən etibarən Islam tarixini, Peyğəmbərimizin həyatını ciddi şəkildə araşdırmağa başlamışam. Universiteti bitirdikdən sonra müəllimliyə başladım. 1993-cü ilə qədər Türkiyədə müxtəlif məktəblərdə müəllimlik etdim. Bu illərdə Peyğəmbərin həyatı, səhabə həyatı ilə bağlı məqalələr, pyeslər, romanlar yazırdım. 1993-cü ildən bəri Yüzüncü il Universiteti Ilahiyyat Fakültəsində müəllimlik edirəm. Ancaq öz-özümə söz vermişdim ki, 40 yaşım olmamış səhabə həyatı ilə əlaqəli kitab çap etdirməyəcəyəm. Və bu sözümün üstündə durdum. 40 yaşım olan gündən bu günə kimi 21 kitabım nəşr olunub. Bu kitabların hər biri mənim üçün əzizdir. Ancaq ən çox oxucu marağı toplayan kitab Gülün Gülləri (Peyğəmbərimizin qızlarından bəhs edir) kitabım olub. Deməli, insanlar Rəsulullahın ailə üzvlərini tanımaq istəyirlər.
İrfan jurnalı: Belə başa düşdük ki, sizin fəaliyyətinizin əsas sahəsi Peyğəmbərimizin, onun dostlarının həyatını araşdırmaq və onu oxuculara çatdırmaq olub. Sizcə səhabələrin ən bariz xüsusiyyətləri nələrdir? Sizə görə səhabə kimdir?
Adem Saraç: Səhabə 6666 ayənin təfsiridir. Hər səhabədə fərqli bir xüsusiyyət görərsiniz. Peyğəmbəri tanımağın yolu səhabəni tanımaqdan, səhabəni tanımağın yolu isə Peyğəmbəri tanımaqdan keçir. Quran ayələrini başa düşmək üçün Peyğəmbər və əshabını yaxşı tanımaq lazımdır. Hədisləri başa düşmək üçün də həmçinin. Ilk növbədə buna baxmaq lazımdır ki, o insanlar səhabə olmadan əvvəl nə halda idilər, səhabə olduqdan sonra nə hala gəldilər? Dəyişmək bir şeyə qərar verməkdir. Dəyişmək br insanın vərdiş etdiyi həyat tərzini bir kənara atması, yeni bir həyat tərzi mənimsəməsidir və olduqca çətin məsələdir. Səhabə bir anın içində bütləri tərk edib tək olan Allaha inanırdı. Bu mənada əslində hər səhabə əvvəlki həyatına nisbətən çox dəyişmişdir. Və zamanla Peyğəmbərin tərbiyəsində yetişərək elə bir səviyyəyə gəlmişdi ki, Rəsulullaha: “Biz bəzən Quran oxuyanda, namaz qılanda elə hallar keçiririk ki, sanki nə isə görürük.” –deyirdilər. Peyğəmbərimiz onlara deyirdi ki: “Siz o halınızı mühafizə edə bisəydiniz mələklər yerə enər və sizinlə əl-ələ görüşərdilər.” Təkcə bu hadisə onların yüksəldiyi fəzilətin keyfiyyətini göstərmək üçün kifayətdir.
Səhabə bizim üçün bir modeldir. Vida xütbəsində iştirak edən səhabə sayısının 100 mindən çox olduğu bildirilir. Ancaq səhabə bioqrafiyasına aid qaynaqlarda təxminən 11 mindən çox səhabənin adı var. Bunların 5 mini haqda ya bir sətir, ya da bir abzas məlumat verilir. Bəzisinin sadəcə adı var və səhabə olduğuna dair qeyd var. Digər 5 min səhabənin 1500-2000 nəfəri haqda məlumat da çox azdır. Yəni bu gün Rəsulullahın “göydəki ulduzlar” dediyi səhabələrin, kitablarda həyatlarından geniş şəkildə bəhs edilənlərin sayı 1500-2000 nəfərdir. Məsələn, Hüzeymə bin Sabit adlı səhabə haqda bioqrafiya kitablarında məlumat yox deyəcək qədər azdır, ancaq Tövbə surəsinin son iki səhifəsinin Mushaf halına gəlməsində rolu böyükdür. Bu ad təfsirdə yer alan bir addır. Səhabələrlə bağlı ciddi bir araşdırma aparıldığı zaman o insanların dəyişmə prosesində bütün ömürlərinə yayılan bir şey görürsən. Onlar iman edib səhabə şərəfinə çatdıqdan sonra Islam həyəcanını artan istiqamətdə davam etdirir və imanın ən yüksək zirvəsində vəfat edirdilər. O coşqu, keyfiyyət Qurandan zövq almaq, Islamdan zövq almaq, onu yaşamaq, anlatmaq eşqi son nəfəslərinə qədər davam edirdi. Buna görə də həyatları boyunca imanları durmadan artırdı.
Məkkə və Mədinə ilə Azərbaycan arasında nə qədər məsafə var, ancaq Azərbaycanda kim bilir nə qədər səhabə qəbri var. Addım atdığımız hər yerdə bir səhabənin var olduğunu düşünmək lazımdır.
İrfan jurnalı: Səhabələrin Islamdan əvvəlki həyatlarına baxdıqda onların Islamla, Rəsulullahla görüşdükdən sonra necə dəyişdiklərindən bəhs etdiniz. Sizcə Rəsulullahda nə var idi ki, onlara bu qədər təsir edirdi?
Adem Saraç: Peyğəmbər (s.ə.s)-in insanlara təsir etmək kimi bir dərdi yox idi. O, necə görünürdüsə, elə idi. Lazım gəldikdə ən yüksəkdə oturur, yeri gəldikdə ən aşağıda otururdu. Daim yerdə otururdu və ya daim yüksəkdə otururdu demək səhv olar. Xalqdan biri idi, ancaq öz səviyyəsini qoruyurdu. Yəni yerinə görə davranırdı. Rəsulullahın hər hərəkətində təbiilik görərsiniz. Onun zahiri və daxili eyni idi. Onu Allah tərbiyə etmişdi. Onun üzünə baxan ürəyini görürdü. Mədinədəki yəhudilərin ən böyük alimlərindən Abdullah bin Səlam Peyğəmbərimizdən bəzi suallar soruşmaq üçün onun yanına gəlir və onu ilk gördüyü anda “Vallah, bu üzün sahibi yalan danışmaz.” deyərək müsəlman olur. O yəhudi alim gözəlin nə olduğunu bilirdi, ancaq o ana qədər görməmişdi. Bir az əvvəl də dediyim kiмi gülü göstərmək lazımdır. Ağıllı insan onu gördüyü anda inanırdı. Onun düşmənləri belə ona “əmin” deyirdilər. O hər baxımdan çox təmiz bir insan idi.
İrfan jurnalı: Səhabə arasında bir də Əhlibeyt var. Qısaca olaraq Əhlibeyt haqda məlumat verərdiniz mümkünsə.
Adem Saraç: Bu suala qısa cavab vermək mümkün deyil, ancaq biz reportaj səhifələrinə sığacaq qədər cavab verməyə çalışaq. Məlum olduğu kimi “beyt” ev, “əhl” ailə üzvləri deməkdir. Islamdan əvvəlki dövrlərdə qəbilənin hakim ailəsini ifadə edən “Əhli-beyt” kəlməsi, Islam gəldikdən bəri yalnız “Peyğəmbərimizin ailəsi və nəsli” mənasını ifadə edən bir söz olaraq işlədilir. Əhli-beyt dedikdə Peyğəmbərimizin ev xalqı, ailə üzvləri nəzərdə tutulur. Bunlar məşhur mənada Həzrət Əli, Həzrət Fatimə, Həzrət Həsən və Həzrət Hüseyndir (r.anhum). Bunlar olmadan Əhli-beyt olmaz. Ancaq Əhli-beytin əsl dəyəri Həzrət Peyğəmbərdir. Ümumi mənada isə Həzrət Peyğəmbərə iman bağı ilə bağlanan bütün səhabə Əhli-beyt sayılır. Xüsusi olaraq isə ona qan bağı ilə də bağlı olanlar xas Əhli-beytdir. Əhli-beyti anlat deyirsiniz. Təsəvvür edin ki, ucsuz-bucaqsız bir gülüstana girirsiniz, oradakı gülləri tək-tək anlatmaq olarmı? Əhli-beyt də elə, hər biri bir güldür. Əhli-beytdə yuxarıda saydıqlarımızla yanaşı Peyğəmbərimizin digər qızları da var.
Həzrət Əli kiçik yaşlarında Islamla şərəflənmiş, ilk müsəlman uşaq, beş yaşından etibarən Rəsulullahın evində böyümüş, Peyğəmbərin əmisi oğlu, küfr və şirkə bulaşmamış bir adam. Həzrət Fatimə də Rəsulullahın qızıdır. Iki pak, iki təmiz bir yerə gəlir. Bu iki mübarək insandan da Həzrət Həsən və Həzrət Hüseyn dünyaya gəlir. Həzrət Hüseyn Həzrət Əlinin, Həzrət Həsən isə Həzrət Fatimənin xarakterində idi. Bir gün Həzrət Həsən ilə Həzrət Hüseyn güləşirlər. Peyğəmbərimiz Həzrət Həsəni dəstəkləyir. Səhabələr “Ya Rəsulallah, Həzrət Həsən böyükdür, Hüseyni niyə dəstəkləmirsiniz?” Peyğəmbərimiz deyir ki, “Bayaqdan bəri Həzrət Cəbrayıl gəlmiş Hüseyni dəstəkləyir. Ona görə mən də Həsəni dəstəkləyirəm.” Bu misaldakı şəfqət və sevgidəki gözəlliyə baxın. Əhli-beyt belə insanlardan meydana gələn müqəddəs bir ocaqdır. Rəsulullah övladları arasında yalnız Həzrət Fatimə içəri girərkən ayağa qalxmışdır. Bir hədisi-şərifində “Fatimə məndən bir parçadır.” buyurur. Həzrət Fatimənin üstünlüyünü göstərmək üçün bu misal kifayətdir.
Bir gün Peyğəmbər (s.ə.s) üzərində bir əba olduğu halda evdən çıxır. Həzrət Əli onu görüb yanına gəlir. Peyğəmbərimiz onu əbasının altına alır. Sonra Həzrət Fatimə gəlir, onu da əbasının altına alır. Həzrət Həsən, ardınca Həzrət Hüseyn gəlir, onları da əbasının altına alır. Hamısını qucaqlayır və “Ya Rəbb! Bunlar mənim Əhli-beytimdir. Bunları sevən məni sevdiyi üçün sevər, bunlara kin bəsləyən də mənə qarşı kin bəsləmiş olar.” buyurur. Ancaq burda bir məsələni yaddan çıxarmamaq lazımdır ki, bu hadisə meydana gəldiyi zaman Rəsulullahın digər övladları artıq həyatda deyildi. Çünki Rəsulullah ədaləti əmr edən və insanlar arasında ən üstün ədalət sahibi bir Peyğəmbərdir. Övladları arasında da heç bir zaman ədalətsiz davranmamışdır. Ona görə də Əhli-beyt haqda danışarkən son dərəcə diqqətli olmaq lazımdır. Burada birini öyərkən, digərlərinə qarşı haqsızlıq etmək düzgün olmaz. Həzrət Fatimənin belə mükəmməl böyüməsində atanın, ananın rolu çox böyük olmuşdur. Ancaq bunu da unutmamaq lazımdır ki, burada 3 doğma bacının, 1 ögey bacı və 1 ögey qardaşın da rolu çox olmuşdur. Məsələn, Həzrət Ruqiyyə Həbəşistandan hicrətdən qayıdarkən Həzrət Fatimə ona sarılaraq: “Yoxluğunu hiss etdim, bacım.” -demişdir.
İrfan jurnalı: Səhabədəki Əhli-beyt sevgisi necə idi və bizim Əhjli-beyt sevgimiz necə olmalıdır?
Adem Saraç: Səhabə Əhli-beytə qarşı son dərəcə sevgi ilə yanaşmışdır. Osmanlılar zamanında da “Naqibul-əşraf” adlı bir quruluş var idi. Halbuki Osmanlılar ilə əsri-səadət dönəmi arasında neçə əsr var. Buna baxmayaraq müsəlmanların Əhli-beyt sevgisi özünü hər dövrdə göstərmişdir. Osmanlı dövlətində Peyğəmbər nəslindən olanlar xüsusi bir imtiyaza sahib idilər.
Əhli-beyti sevmək... Sevgidən danışmaq çox çətindir. Quran və sünnədən bəslənməyən sevgi kobud sevgi olar. Sevgi adı ilə səhv etmək olmaz.
Rəsulullahı sevən hər bir kəs Əhli-beyti də sevər.
Bütün səhabələr istisnasız Əhli-beyti sevirdilər. Əhli-beyt Peyğəmbər ailəsində yetişdiyi, vəhy enən bir ocaqda böyüdükləri üçün onlara ilahi ikram var zatən. Həmçinin onlar Rəsulullahın xatirəsini yaşadırlar. Əhli-beytin dəyəri çox böyükdür. Çünki onlar ən üstün insan ilə bir yerdə olmuşlar.
Bir gün Rəsulullah nəvələri Həsən və Hüseyni qucağında apararkən Əbu Bəkrə adlı bir səhabə: “Onları verin mən aparım, ya Rəsulallah.” -deyir. Rəsulullah da: “Xeyr, onları mən özüm apararam, mən bunları sevirəm, anası da üstündür, atası ondan da üstündür.” -buyurur.
Bizim Əhli-beyt sevgisində diqqət edəcəyimiz bəzi xüsуslar var:
Hər şeydən əvvəl onları çox sevməliyik. Çox sevmək üçün dərindən tanımalıyıq. Yollarını yolumuz bilməliyik. Əxlaqi keyfiyyətlərini həyatımızda əks etdirməliyik. Əhli-beyt sevgisi onlara tabe olmaqla başlayır.
İrfan jurnalı: Sizin “Nazənin Güllər (Hz. Həsən və Hz. Hüseyn)” adlı kitabınız Azərbaycan türkcəsinə də uyğunlaşdırılıb və Azərbaycan oxucusu tərəfindən çox maraqla qarşılanıb. Hansı duyğu sizi sövq etdi ki, bu kitabı yazasınız? Bu kitabı yazdıqdan sonra sizdə hansı hisslər yarandı?
Adem Saraç: Əslində bu kitab mənim “Kərbəla” adlı kitabımdan sonra ərsəyə gəldi. Xüsusilə Kərbəla deyildiyi zaman insanın yadına Həzrət Hüseyn düşür. Təəssüf ki, günümüzün insanları Həzrət Hüseyni Kərbəla hadisəsi ilə xatırlayırlar. Ancaq unutmamaq lazımdır ki, Həzrət Hüseynin məlum hadisəyə qədər bir-birindən şirin 27 illik həyatı, xatirələri var. Mən “Kərbəla” adlı kitabımı yazarkən düşündüm ki, bir də Həzrət Hüseynin ixtilaflardan əvvəlki həyatı haqda bir kitab yazım. Yəni Həzrət Həsən və Hüseyn deyildikdə davamlı sıxıntılı günlər yaşayan, əzab-əziyyətlərə məruz qalan, faciəli surətdə şəhid edilən bir şəxs kimi deyil, onları bir cüt çiçək olaraq təqdim etmək istədim. Ona görə də kitabın əvvəlində 25-26 yaşlarına qədər Həzrət Həsən və Həзrət Hüseyn, deyə qeyd etdim. Bunu ona görə etdim ki, bir gənc bu kitabı əlinə götürdüyü zaman onların yaşadığı o mənəvi halı hiss etsin. Mən bu kitabı o iki gəncin, Əhli-beytin şəfaətini arzulayaraq, axirətdə onlara yaxın olmaq üçün qələmə aldım.
İrfan jurnalı: Adem bəy, İrfan jurnalının oxucularına ürək sözləriniz nələrdir?
Adem Saraç: Mən Azərbaycana ilk ayaq basdığım andan bəri Həzrət Ömərin oğlu Abdullah (r.a)-ın ayaq izlərini axtardım. Çünki bir zamanlar Islamı təbliğ üçün Abdullah bin Ömər (r.a) Mədinədən ta buralara qədər gəlmişdi. İrfan jurnalının kollektivindən İrfan gördüm, oxucularının da İrfan sahibi olacağına inanıram. Jurnal oxumaq, İrfan süfrəsinin içində olmaq bir insanın süfrənin kənarına oturub yeməklərdən dadaraq doyması kimidir. Oxumaq doymaqdır, doymaq canlılıqdır, doymaq yaşamaqdır, yaşamaq həyat deməkdir. Bu jurnal da inanıram ki, oxucusunu mənəvi olaraq doyduracaq və bu qidalanma bütün həyata əks edəcəkdır.
İrfan jurnalı: Çox dəyərli vaxtınızı bizə ayırdığınız üçün öz minnətdarlığımızı bildiririk!
Məqalə dəfə oxundu |
| |
| |
| |
|